Neft Şirkətinin büdcəyə ödənişində “axsaqlıq” yarana bilərmi?
Bizi izləyin

Ekopublika.az

Neft Şirkətinin büdcəyə ödənişində “axsaqlıq” yarana bilərmi?

Ölkədə yanacaq məhsullarının qiymətlərinin Tarif Şurası tərəfindən keçən il dekabr ayının 3-dən etibarən yüksəldilməsinə münasibətdə yazdıq ki, bu, həm də dövlət büdcəsinə əlavə gəlir əldə etmək məqsədi daşıyır. Belə ki, ötən 10 illiyə nəzərən hökumətin ölkədə əhalinin sosial müdafiəsi, ümumi istehlak bazarında qiymətlərə nəzarət, makroiqtisadi sabitliyi qorumaq və inflyasiyanı idarə etmək baxımından bu məsələdə həmişə ehtiyatlı mövqe tutduğunu müşahidə etmişdik. Çünki yanacağın qiyməti sonuncu dəfə 2007-ci ilin yanvarında artırılmışdı.

Ancaq ölkədə neft hasilatının enməsinə bahəm Dövlət Neft Fondundan (ARDNF) cari ilin büdcəsinə transfertin 17,7 % azaldılması, daxildə isə neft məhsulları istehsalının istehlakın durmadan artmasına rəğmən dalana dirənməsi 2014-cü ilin dövlət büdcəsinin mədaxil hissəsinin böyük bir qisminin havadan asılı vəziyyətdə qalacağını diqtə edirdi.

Bir daha xatırladaq ki, ARDNF-dan transfert olmasa büdcədən cari xərcləri ödəmək mümkün deyil. Çünki sosial xərclər bunun hesabına maliyyələşdirilir. Bu baxımdan da sonuncu bahalaşmaya əhalinin sosial vəziyyəti aspektindən yanaşmağın əslində, çox da düzgün olmadığını yazmışdıq. Ona görə ki, neft və neft məhsulları satışından əldə olunan gəlirlər olmasa, Vergilər Nazirliyi (VN) ilə Dövlət Gömrük Komitəsinin (DGK) və digər qurumların xətti ilə qeyri-neft sektorundan büdcəyə ödənişlər cari xərcləri örtməyə heç cür imkan verməz. Hazırda ölkədə həyata keçirilən bütün növ sosial ödənişlər əsas etibarı ilə məhz xam neft və neft məhsullarının satışından əldə olunan gəlirlər hesabına ödənilir. Cari ilin dövlət büdcəsində isə 1 milyard 679 milyon manat kəsir nəzərdə tutulub ki, bu da keçən il üçün proqnozlaşdırılan məbləğdən 988 milyon manat çoxdur.

Nazirlər Kabinetinin (NK) neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsini dəyişdirmək haqda 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarına dəyişiklik etmək barədə 6 fevral 2014-cü il tarixli 35 saylı qərarı isə əksinə suallar yaradıb.

Belə ki, 2 ay öncə verilən qərara əsasən aksiz dərəcələri artırılmışdısa, 35 saylı qərara əsasən Aİ-95 markalı benzinin aksiz vergisi üzrə dərəcəsi təqribən 2,5, Aİ-92 və Aİ--80 markaları üzrə 2, dizel yanacağında isə 3,2 dəfə azaldılmışdır. Elə neft məhsulları isə vardır ki, bu rəqəmlər hələ bir az da çox təşkil edir. Sözümüz bunda deyil.Sual olunur ki, yanacaq məhsullarının qiymətlərinin bir az əvvəl yüksəldilməsi dövlət büdcəsinə əlavə gəlir əldə etmək məqsədi daşıyırdısa, NK-nın 6 fevral 2014-cü il tarixli 35 saylı qərarı neft məhsullarının satışından yığım aksiz vergisi vasitəsilə həyata keçirildiyi halda, mədaxili azalmayacaqmı?

Şübhəsiz ki, azaldacaq... Cari ilin dövlət büdcəsində VN-nin xətti ilə 7102,0 milyon manat məbləğində daxilolma proqnozlaşdırılıb ki, bunun da 874,5 milyon manatı aksiz üzrə vergi növündən əldə olunacaq. NK-nın sözügedən qərarının icrası nəticəsində isə aksiz vergisi üzrə bu məbləğ tam olaraq, toplana bilməyəcək.Ancaq bu, büdcəyə nəzərdə tutulan ümumi daxilolmaların səviyyəsinə isə təsir etməyəcək. Ən azı, DGK xətti ilə 2014-cü ilin dövlət büdcəsinə bilavasitə aksiz vergisi üzrə yaranacaq kəsir örtüləcək.

Ümumiyyətlə, ötən şərhimizdə də yazdıq ki, NK-nin neft məhsullarının cari ilin əvvəlinədək qüvvədə olan aksiz dərəcələrinin səviyyəsini dəyişdirərək azaltması haqda qərarı ölkəyə yanacaq məhsullarının idxalına başlanılacağına hesablanıb. Və yanacaq məhsullarının bahalaşdırılmasına dair Tarif Şurasının ötən ilin dekabrın 3-dəki qərarına bunun heç bir dəxli yoxdur. Ölkəyə benzin idxalıyla isə hələlik Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) məşğul olacaq. NK-nın qərarı da məhz adı çəkilən qurumun itkilərini kompensasiya etməyə hesablanıb. Başqa sözlə desək, buna bir növ hazırlıq məqsədi daşıyır. Çünki aksiz vergisi məlum olduğu kimi məhsulun harda istehsal olunmasından asılı olmayaraq, məhz satış qiymətində oturur.

Yeri gəlmişkən, 2014-cü ilin dövlət büdcəsinə DGK xəttiylə isə 1510,0 milyon manat ödənməlidir. Ölkəyə yanacaq məhsullarının idxalının başlanması bu məbləği çox güman ki, artıracaq. Düzdür, ortada NK-nın Aİ-92 və Aİ-95 benzin markalarının idxalı üzrə gömrük rüsumları və aksiz dərəcələrinin yumşaldılmasına dair bu ilin 21 yanvar tarixdə verdiyi 16 və 15 nömrəli qərarlar da vardır. Ancaq bunlar cari ilin iyun ayına kimi qüvvədə olacaq ki, üstəlik bu qərarlar ölkəyə benzin idxalının müvəqqəti xarakter daşıyacağını da göstərmir. Bir az əvvəl, ARDNŞ rəhbərliyinin Aİ-95 markalı benzinin qiymətini də Aİ-98 kimi sərbəst buraxmaq lazım gəldiyini bildirməsi buna sübutdur.

Cari ilin dövlət büdcəsi haqqında qanununun tədbiqinə dair Prezident fərmanının 1-ci bəndində deyilir ki, adı çəkilən sənədin 2-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxilolmasını təmin etmək üçün dövlət orqanları və müəssisələri istiqamətində tapşırıqların minimum həddi üzrə ARDNŞ xətti ilə konsolidə edilmiş vergilər və digər ödənişlərin məbləği 1,825 milyard manat müəyyən edilsin. Sözügedən qurumdan fiziki şəxslərin gəlir vergisi üzrə yığımın isə buna dəxli yoxdur.

ARDNŞ-nin 2014-cü ilin yanvar ayı ərzində büdcəyə ödənişlərə dair açıqladığı hesabatda bildirilib ki, 173 milyon 578 min manat vəsait ödəyib. Bu göstərici ötən ilin yanvar ayına nisbətən 39 milyon 347 min manat və ya 129,3 % çoxdur. VN-nin nümayəndəsi bildirib ki, Şirkət cari il üçün proqnozlaşdırılan 1,825 milyard manatı tam ödəyəcəyini əmin edir. Qeyd olunan məbləğ isə VN xətti ilə toplanacaq ümumi məbləğin təqribən 25 %-i deməkdir.

Qısa desək, ARDNŞ üzrə dövlət büdcəsinə nəzərdə tutulan ödənişdə hər hansı əskiklik yaranarsa, hər halda qeyri-qənaətbəxş vəziyyət yaranacaq. Bilavasitə, neft məhsulları sarıdan isə bu, gözlənilmir. Çünki bunların idxalı ilə ilkin mərhələdə Neft Şirkəti məşğul olsa da, sonradan prosesə özəl qurumlar da qoşulacaq.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm