“Romantic”in real biznesi - bizi necə “De Facto” aldadırlar?
Bizi izləyin

Ekopublika.az

“Romantic”in real biznesi - bizi necə “De Facto” aldadırlar?

Azərbaycanda geyimin baha olduğu heç kəsə sirr deyil. Bunun da əsas səbəbi yerli istehsalın həcminin az olmasıdır. Belə ki, təkcə 2009-2013-cü illərdə geyim istehsalı ilə məşğul olan müəssisələrin sayı 99-dan 72-yə düşüb. Həmin müəssislələrdə 49,1 min ədəd kişi və oğlanlar üçün köynək, 4499 min cüt corab, 714,9 min ədəd trikotaj alt paltarı istehsal edilib.

Qadın geyimlərinə dair istehsalın statistikasına isə rast gəlinmir. Beləliklə də, ölkədə istehsal olunan sənaye məhsulunun ümumi həcmində sahənin payı 0,13 faiz olub. Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalının həcmi də böyük deyil. Ölkədə cəmi 23 müəssisə bu işlə məşğul olur. Onların hamısı da qeyri-dövlət müəssisəsidir. İstehsal olunan sənaye məhsulunun ümumi həcmində sahənin payı cəmisi 0,1 faizdir. Yeri gəlmişkən, son iki ildə bu sahəyə investisiya da qoyulmayıb. 2011-ci ildə 1,6 milyon manat yatrılıb. Sənayenin hər iki sahəsində xarici investisiyadan isə söhbət belə gedə bilməz.

Əslində yuxarıda göstərilən bütün rəqəmlər onu deməyə əsas verir ki, əhalinin istehlak etdiyi geyim məhsullarının əksər hissəsi idxal olunan hazır geyimlər, yaxud da gətirilən parçalar əsasında ölkədəki kiçik sexlərdə tikilən geyimlərdir. Hansı ki həmin sexlərin çoxunun fəaliyyəti, mövcudluğu aidiyyəti qurumlara belə bəlli deyil. Lakin fakt odur ki, sahənin boş olması baxımından istər sex sahibləri, istərsə də idxalçılar üçün bu bizneslə məşğul olmaq kifayət qədər əlverişlidir. Bəziləri artıq vəziyyətdən yararlanmağı bacarıblar da. Amma necə?

Hazırda ölkədə mağazalar şəbəkəsi kimi fəaliyyət göstərən “Romantic”in fəaliyyətini incələyək. 2007-ci ildə bir mağaza ilə işə başlayan “Romantic”in sahibləri bu gün qaz vurub, qazan doldururlar. Böyük bir şəbəkəyə cevriliblər, mağazalarının sayını artıraraq 23-ə çatdırıblar. Təkcə paytaxtda deyil, rayonlarda belə fəaliyyət göstərirlər. Sual doğuran bu mağazaların sayının necə artırılması deyil, orada satılan malların keyfiyyəti və qiymətidir. MMC (mağazaların sahibi kimi “Romantic” MMC göstərilir) həm özünü kişi, qadın və uşaqlar üçün dəbli geyim, aksessuarlarının satışını aparan Azərbaycan milli brendi kimi təqdim edir, həm də satdığı bütün geyim məhsullarının etiketlərində istehsalçı ölkə kimi Türkiyəni göstərir. 7 ildə fəaliyyət istiqamətini müəyyən edə bilməyən “Romantic”in distribüter, yoxsa istehsalçı olduğu hələ bəlli deyil. Müəssisə cəmiyyət qarşısında hesabatlı olmadığından qara qutu kimi bütün məlumatları özündə saxlayır.

Başqa tərəfdən, düzdür, hər hansı milli brend başqa ölkədə istehsal edilə bilər. Amma nəzərə alsaq ki, Türkiyədə istehsal müəssisəsi saxlamaq, işçi qüvvəsinə sahib olmaq Azərbaycanla müqayisədə daha bahalı prosesdir, “Romantic”in sahiblərinin bu riskə getdiyi heç inandırıcı deyil. Ona görə, ya sahibkar Türkiyədə isteshal olunan ucuz geyimlərin idxalçısı kimi çıxış etdiyini, ya da satdığı geyimləri ölkədəki sexlərdə ərsəyə gətirdiyini açıqlasa, biznesin prinsiplərinə daha uyğun olar.

“Defacto”, "MixRay" əmtəə nişanlarının bahalı “distribüteri”

“Romantic”in hazırkı marketinq siyasəti onu deməyə əsas verir ki, şəbəkə “Defacto”, “LCwaikiki” Türkiyə üçün nədirsə, o da geyim bazarında Azərbaycan üçün həmin rolu oynamağa çalışır. Amma insafən deyək ki, sözügedən türk əmtəə nişanlarının istehsalçıları dünyaca məşhur brendlərin məhsullarına yaxın mal istehsal etməyə çalışırlar və özlərinəməxsus tərz ortaya qoyurlar.

“Romantic”də isə ölkə daxilində istehsal edilən və ya Türkiyənin sexlərindən alınan məhsulların keyfiyyəti, dizaynı bərbaddır. Şəbəkə “Adil Işık”, “Defacto”, "MixRay”, “AVVA”, “Canzone”, “DSN”, “Joggy”, “Miss Poem”, “NCS”, “Sabra”, “Setre”, “Xint”, “US POLO Assn” firmalarının geyimlərini satdığını irəli sürür. Amma mağazalardakı mallarla bu brendlərin əlaqəsi belə yoxdur. Götürək, “Miss Poem”i. “Romantic” də bu adda satılan əmtəə nişanının geyimləri ilə həqiqi “Miss Poem” geyimləri arasında fəqr yerlə-göy qədərdir. Hələ nəzərə alsaq ki, əmtəə nişanı Türkiyənin özündə belə keyfiyyətli, rəqabətə davamlı hesab edilmir.

“Biz paltar tikmirik”

Modelyer dizayner bəhanəsi ilə iş üçün şirkətə müraciət etdikdə bildirildi ki, onlar istehsalla məşğul olmurlar: “Biz paltar tikmirik. Geyimləri Türkiyədən gətiririk”.

Məlumatlara görə, “Romantic”in sahibləri ucuz başa gəlməsi üçün adı çəkilən firmalara öz bazarlarına təqdim etdiklərindən aşağı dərəcəli mal sifariş edirlər. Amma bu, ildə cəmi bir-iki dəfə baş verir. Sahibkar paralel olaraq yerli sexlərdən də mal alır. Yuxarıdakı əmtəə nişanları ilə etiketləyib vitirinə düzür. Bunun nəticəsidir ki, “Romantic" mağazalarında ölçüləri uyğun gəlməyən, tikiş defektləri olan geyimlər tuğyan edir.

“Romantic”in problemi təkcə keyfiyyət deyil. İstehlakçıların cibinə də girir. Məsələn, “Defacto”nun məhsulları Türkiyədə manatla ifadədə həddən artıq ucuzdur. Elə xarici ticarətin aparıldığı dollarla ifadə də. Amma “Romantic”in sahibləri eyni məhsulun Türkiyədəki satış qiymətini əsas götürürlər. Misal üçün, satış qiyməti 19 tl olan köynək Azərbaycan alıcısına 19 manata təqdim edilir. Yəni valyutaların konvertasiyası aparılmır. Bu vəziyyət xüsusilə endirimlər zamanı daha da acınacaqlı olur. İstehlakçı “Defacto” əmtəə nişanlı adi köynəyi endirimə düşmüş halda istehsalçının satış qiymətindən 10 faiz baha qiymətə alır. Nəticədə “Defacto” kimi ucuz əmtəə nişanı Azərbaycan bazarında reytinqli brenlərin tarifləri ilə yarışır. İkinci bir tərəfdən “Romantic”in “işgüzar” sahibləri öz vitirinlərini “Defacto”nun yeni kolleksiyaları ilə deyil, outletdə toplanan malları ilə bəzəyirlər. Bunu bilməyin ən sadə yolu “Defacto”nun rəsmi internet saytına nəzər salmaqdır .

Faizsiz ödəmə?

Taksit kart istifadəçirləri bilməmiş deyillər. “Romantic” mağazalar şəbəkəsi 3-6 aya qədər taksitlə faizsiz alış-veriş təklif edir.Onda sual ortaya çıxır - bu belədirsə, niyə əlamətdar günlərdə “Romatic”dən mal al, faizsiz ödə" reklamları qulaqlarımızı "mazol" edir? Məsələn, “Sevgililər günü” münasibəti ilə mağazalar şəbəkəsi kampaniya elan etdi. Hamin kampaniyanın şərtlərində qeyd edilirdi ki, 50 AZN qədər alışlarda - 3+2 taksit (bank komissiyası 0%), 50 AZN qədər alışlarda - 6+2 taksit (bank komissiyası 3.5%), 50 AZN və yuxarı alışlarda - 12+2 taksit (bank komissiyası 0%). Göründüyü kimi, “Romantic“ bizə faizsiz heç nə satmır. Nəzərə alsaq ki, bu hələ bayram endirimidir.

Endirimdən söz düşmüşkən, diqqətimizi endirim faizləri də çəkməmiş deyil. Azərbaycan alıcısı kimi “Romantic”də dəfələlrə 50 manatlıq məhsulun qiymətinin 70 faiz endirimlə 22-23 manata düşdüyünü müşahidə etmişəm. Belə çıxır, ya sahibkar riyazi hesablama apara bilmir, ya da bizi açıq şəkildə aldatmaqdan zövq alır.

Regionlarda qiymətlər daha bahadır

Şəbəkənin geyim məhsullarını Bakının Fəvvarələr meydanındakı “Romantik” dükanından daha ucuz almaq olar, nəinki regionlardakı mağazalarından. Seçim azlığından istifadə edən “Romantik”MMC-nin regionlar üzrə qiymət siyasəti az qala “Mango” ilə yarışır. Aşağı keyfiyyət, üstəlik, buna uyğun olmayan baha qiymət istehlakçı haqlarının tapdanması deməkdir.

Nəhayət, sahibkar-dövlət münasibətləri. 23 mağaza say baxımdan elə də az rəqəm deyil. Beynəlxalq brendlərin 23 mağazası olanda artıq oturuşmuş şirkətə çevrilmişdilər. Nəzərə alsaq ki, “Romantic” aşağı keyfiyyətdə baha qiymətə mal satır və müəssisənin cari xərcləri elə də böyük deyil, işçilərə ölkə üzrə orta aylıq əmək haqqıdan aşağı maaş verir - dövriyyəni özünüz düşünün. Amma bunun fonunda bu günə qədər nə “Romantic” sahiblərinin cəmiyyət qarşısında hesabatlılığına, nə də hər hansı korporativ sosial məsuliyyət tədbirində iştirakına rast gəlinib. Hətta “milli brendimizin” rəsmi internet ünvanı belə alayarımçıqdır. Deməli, məqsəd sadəcə az sərmayə ilə çox pul qazanmaqdır ki, bu da sonra istehlakçının kobud aldadılması ilə nəticələnir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm