• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mərkəzi Bankdan banklara “təmir” möhləti - Açıqlama

Mərkəzi Bankdan banklara “təmir” möhləti - Açıqlama

Mərkəzi Bank açıq valyuta mövqeyi üzrə limitin tətbiqini 1 yanvar 2016-cı il tarixinə qədər dondurub. Bank artıq bu barədə özəl banklara məktub da ünvanlayıb.

Məktubu Publika.az-a şərh edən iqtisadçı-ekspert Samir Əliyev deyir ki, açıq valyuta mövqeyi üzrə limit kredit təşkilatlarının valyuta risklərini məhdudlaşdırmaq üçün tətbiq edilir. Və bu, “Azərbaycan Respublikası müvəkkil bankların açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi” Qaydaları ilə tənzimlənir: “Qaydalara əsasən, açıq valyuta mövqeyi limiti - açıq valyuta mövqeyinin manat ekvivalentinin bankın kapitalına nisbətinə Mərkəzi Bank tərəfindən təyin edilən kəmiyyət məhdudiyyətidir. Mərkəzi Bankın təyin etdiyi nisbət isə hazırda 10%-dir. Yəni bank məcmu kapitalının 10%-i həcmində valyuta mövqeyi aça bilər. Məsələn, 100 milyon manatlıq məcmu kapitala malik bankın açıq valyuta mövqeyi də 10 milyon manat ola bilər. Bəzi banklar bu limitə riayət etsə də, bəziləri həddi keçməklə özlərini risk altına qoyublar”.

O ki qaldı Mərkəzi Bankın bankları limitə əməl etməyə məcbur etmək əvəzinə limiti götürməsinin səbəblərinə, iqtisadçı deyir ki, valyuta əməliyyatlarının bankın kapitalı ilə məhdudlaşdırılması bəzi bankların işini çətinə salırdı: “Daha çox qazanc əldə etmək məqsədilə bəzi banklar bir sıra hallarda riskə gedərək valyuta mövqeyini aşırdılar. Valyuta əməliyyatları çox olduğundan günün sonu onu kapitaldan asıli limit daxilinə salmaq çətinlik törədirdi. Təsadüfi deyil ki, bir sıra banklarda bu problem hələ də qalmaqdadır. Bank qanunvericiliyinə görə, Mərkəzi Bank həmin banklara qarşı sərt tədbir görməlidir və bu məsələ hətta onların lisenziyasının alınmasına qədər gedib çıxa bilər. Belə addım isə indiki həssas dövrdə bank sektoru üçün öldürücü zərbə ola bilər. Bu isə heç kimin, xüsusən də Mərkəzi Bankın planına daxil deyil. Limiti pozan banka qarşı Mərkəzi Bankın sərt addım atacağı da real görünmür. Ona görə Mərkəzi Bank sərt tədbirləri bir qədər ertələmək siyasətini yürüdür. Limitin aradan qaldırılması Mərkəzi Bankın valyuta riski yüksək olan banklarla bağlı sərt tədbir görmək vəzifəsini aradan qaldırır, banklara vəziyyətlərini düzəltmək üçün vaxt verir. Beləliklə də, əsas tənzimləyici qurum açıq valyuta mövqeyi limitini aradan qaldırmaqla riskləri bankların öz öhdəsinə buraxır.

Mərkəzi Bankın bu addımını həm də bankların devalvasiya gözləntiləri və hadisəsi fonunda düşdüyü zərəri müəyyən qədər kompensasiya etmək kimi qiymətləndirmək olar. Mərkəzi Bank anlayır ki, banklar devalvasiyadan böyük zərərə düşüblər. Dollara tələbatın artdığı dövrdə bankların bir çoxu valyuta mövqelərini qoruya bilməyiblər və bununla da limiti keçməklə özlərini çətinə salıblar. İndiki vəziyyətdə onlardan sərt qayda-qanun tələb etmək çətindir. Belə vəziyyətdə Mərkəzi Bank məsuliyyəti bankların üstünə atmaqla öz missiyasını bitmiş hesab edir. Bu addımın ən pis cəhəti ondan ibarətdir ki, bazara mənfi siqnal ötürülür. Cəmiyyət bank sektorunda narahatçılığın olmasının təsdiqini bir daha görür. Dolların bahalaşması uzun açıq valyuta mövqeyinə malik banklar üçün əlverişli olsa da, qısa açıq mövqeyə malik bankların işini çətin duruma salıb. Əmanətlərin manatdan dollara çevrilməsi isə bankları qısa açıq mövqeyə sürükləyir. Bu addım özünün daxili risk menecmenti olmayan, işini daha çox Mərkəzi Bankın limitləri çərçivəsində quran və yaxud da ümumiyyətlə, limitə məhəl qoymayan bankları çətinə salacaq. Çünki limitin olması istər-istəməz banklara hər gün öz vəziyyətini yenidən qiymətləndirməyə sövq edirdi. İndi isə bankın manevr imkanı artacaq, ancaq məsuliyyətsiz bankların “yüksək iştahası” onları uçuruma apara bilər”.

Limitin götürülməsinin növbəti devalvasiya ehtimalı ilə əlaqələndirilməsinə gəlincə, S.Əliyev deyir ki, bır qayda olaraq məzənnələrin kəskin oynadığı dövlətlərdə limitin həddi aşağı salınır: “Məsələn, Ukrayna ötən il limitin həddini 5%-dən 1%-ə endirib. Azərbaycan Mərkəzi Bankı da bankların qısa zamanda valyuta mövqelərini bağlaması üçün oxşar addımı ata bilərdi. Devalvasiyanı gözləyən və ya planlaşdıran Mərkəzi Bank çalışardı ki, banklar çox qısa zamanda mövqelərini bağlasınlar. Ancaq Mərkəzi Bank limiti götürməklə banklara mövqelərini yolverilən həddə salmaq üçün vaxt verdi. Limitin aradan qaldırılması banklara imkan verəcək ki, əhalinin əmanətləri dollara çevirməsinə əngəl törətməsinlər və əhaliyə məhdudiyyətsiz valyuta satsınlar. Deməli, məqsəd heç də təkcə növbəti devalvasiya gözləntisi deyil. Məqsəd bankların özlərini “təmir” etməsinə vaxt verməkdir”.

L.Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR