• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Enerji və qeyri-enerji sahələrində Azərbaycan-Belçika əməkdaşlığı müzakirə olunub

Enerji və qeyri-enerji sahələrində Azərbaycan-Belçika əməkdaşlığı müzakirə olunub

Brüsseldə, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və “Fluxys” şirkətinin birgə təşkilatçılığı ilə “Enerji və qeyri-enerji sahələrində Azərbaycan-Belçika əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Publika.az xəbər verir ki, konfrans zamanı Azərbaycanın hazırda və gələcəkdə enerji təchizatçısı və tranzit ölkə kimi oynadığı rol diqqət mərkəzində olub.

Avropa Azərbaycan Cəmiyyətinin Belçikadakı Nümayəndəliyinin rəhbəri və Belçikanın sabiq enerji naziri Mark Vervilgen giriş nitqində bildirib ki, Azərbaycanın karbohidrogen resurslarını Türkiyə vasitəsilə Avropaya daşıyan kəmərlər sistemi 10 il öncə yaradılıb. Bununla da, Rusiyanın Xəzərin enerji resurslarını Avropaya ixracatı monopoliyasına son qoyulub. Avropa onun üçün çox mühüm olan alternativ enerji mənbəyi ilə təchiz edilmişdir. Bu strategiyanın əhəmiyyəti lazımi qədər dəyərləndirilməlidir.

Belçika baş nazirinin müavini və xarici işlər naziri Didye Reynders tədbirdə çıxış edərərk qeyd edib ki, bu konfrans Belçika ilə Azərbaycan arasında ticarət və investisiya səviyyəsinin artırılması üçün yeni imkanların yaradılmasına səbəb olacaqdır. D.Reyndersin sözlərinə görə, bu ilin aprel ayında Belçika nümayəndə heyətinin Bakıya iki səfəri planlaşdırılır. Onlardan birinin məqsədi ticarət yönümlüdür, digərinə isə Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi mən rəhbərlik edəcəyəm. Belçika ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə toxunan nazir vurğulayıb ki, əlaqələr yüksələn xətt üzrə inkişaf edir və əsasən tikinti, səhiyyə, günəş enerjisi sektorunu əhatə edir.

“Tədbirin təşkilatçılarından və Belçikanın qaz infrastrukturu sahəsində aparıcı şirkətlərindən olan “Fluxys” bu yaxınlarda “TAP” layihəsində öz payını 16 fazidən 19 faziə qədər artırmışdır. Bu nəhəng layihə Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq və qitədə enerji coğrafiyasını dəyişəcəkdir. “Fluxys” şirkəti Azərbaycan Respubliaksı Dövlət Neft Şirkəti (SOCAR) ilə yaxından əməkdaşlıq edir. Beləliklə, onun bu layihədə rolu artacaqdır. Belçika şirkətləri üçün enerji, enerjinin saxlanılması, enerji effektivliyi, bərpaedilən enerji və su paylanması sahəsində fəaliyyət göstərmək üçün imkanlar vardır. Belçika ilə Azərbaycan arasındakı ikitərəfli ticarət dövriyyəsi 2009-cu ildə 33.7 milyon avro təşkil etmişdirsə, bu məbləğ 2013-cü ildə 51.7 million avroya çatmışdır”, - deyə Belçikanın xarici işlər naziri Didye Reynders qeyd edib.

Azərbaycanın energetika naziri Natiq Əliyev çıxışında qeyd edib ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında həyata keçirilən “Bakı-Tbilisi-Ceyhan” (BTC) neft və “Bakı-Tbilisi-Ərzurum” (BTE) qaz kəmərləri kimi uğurlu enerji layihələri artıq Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsindəki önəmli rolunu göstərmişdir. 2011-ci ildə Bakıda imzalanan “Cənub Qaz Dəhlizi” üzrə Aİ-Azərbaycan birgə deklorasiyası Azərbaycanı Avropanı yeni qaz mənbəyi ilə təmin edən vacib rolunu, layihənin əsas töhfəçisi və həyata keçirən tərəf kimi tanıyır: “Bu, “TAP” və “TANAP”la bağlı müqavilələrin imzalanmasına səbəb oldu və “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ilk iclası bu ilin əvvəlində Bakıda baş tutdu. Avropa İttifaqı və çoxlu sayda maliyyə institutları eləcə də, bütün tərəfdaşlarlar “Cənub Qaz Dəhlizi” layihəsinə dair öz sadiqliyini bir daha təsdiq etdilər. Layihə 26 sualtı quyunun qazılması, Sanqaçal terminalında yeni rafinad zavodunun inşasını nəzərdə tutur. “Cənub Dəhlizi”nin təxminan 25-i faizi artıq hazırdır və ilk qaz Avropaya 2020-ci ildə çatdırlacaqdır”, - deyə Natiq Əliyev məlumat verib.

Beynəlxalq Enerji Agentliyinin Avropa, Yaxın Şərq və Afrika bölməsinin rəhbəri Stevin Qalloqli öz şərhində bildirib ki, Azərbaycan Belçika da daxil olmaqla Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Stevin Qalloqlinin sözlərinə görə, 2020-ci ilə qədər bütün Avropada kömürlə işləyən nüvə elektrik stansiyaları istismardan çıxarılacaqdır. Qaz idxalatına böyük tələbat yaranacaqdır və “Cənub Qaz Dəhlizi” potensial olaraq, Şərqi Avropa, Aralıq dənizi, Mərkəzi Asiya, İraq, İran, eləcə də digər ölkələrdən qaz idxalatı üçün geniş imkanlar yaradacaqdır.

“Fluxys” şirkətinin baş icraçı direktoru Valter Piraer qeyd edib ki, şirkət istehsalçıdan istehlakçı bazara qədər enerjini daşıyan infrastrukturu həm inşa, həm də istismar edir. O qeyd edib ki, Azərbaycan qazı Avropa üçün yeni əlavə mənbə olacaqdır. Natiq Azərbaycanın Avropa enerji təhlükəziliyinin təmin edilməsində hazırkı və gələcək potensialını yüksək qiymətləndirib.

SOCAR prezidentinin müşaviri Murad Heydərov yekun çıxışda vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” layihəsi bir çox tərəfdaş şirkətləri bir araya gətirmişdir. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası əməkdaşlıq səviyyəsinin göstəricisidir və onun məqsədi bürokratiyanı azaldaraq, praktiki icraat üçün həqiqi çərçivənin təmin edilməsidir. Azərbaycanla bağlı Avropa Ittifaqının Enerji Birliyi tərəfindən iki həftə öncə çap edilmiş “Yekun Çərçivə Sənədində” birbaşa istinadlar var idi. “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının enerji təhlükəsizliyinin hazırkı çağırışlarına praktiki cavabdır.

Xatırladaq ki, 2013-cü ilin dekabr ayında BP-nin rəhbərlik etdiyi “Şah Dəniz” Konsorsiumu ilə Azərbaycan hökuməti arasında “Cənub Enerji Dəhlizi” layihəsi ilə bağlı 45 milliard dollar məbləğində son investisiya qərarı barədə razılığa imza atılmışdır. "Şah Dəniz 2" yatağından çıxarılan Azərbaycan qazı Türkiyə, Yunanıstan, İtaliya və Bolqarıstan kimi Avropa ölkələrini qazla təmin edəcəkdir. Sanqaçal terminalında təməlatma mərasimi 2014-cü ilin sentyabr ayında baş tutmuşdur və Türkiyəyə ilk qazın 2020-ci ildə çatdırılacağı gözlənilir. Bu qaz Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik kəmərlərindən (TAP) keçəcəkdir.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR