“Banklar əhaliyə 3,5 milyard dollar qaytarmalıdır” - EKSPERT
Bizi izləyin

Ekopublika.az

“Banklar əhaliyə 3,5 milyard dollar qaytarmalıdır” - EKSPERT

Manatın məzənnəsinin kəskin ucuzlaşmasından sonra bank müştərilərini narahat edən məsələlərdən biri də vaxtilə dollarla götürülən kreditlərin qaytarılmasıdır.

Çünki bahalaşma nəticəsində dollarla ödənişlərin məbləği manatla ifadədə 34% artıb. Mərkəzi Bank sədri Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti ilə bağlı Milli Məclisdə keçirilən müzakirələr zamanı məsələyə aydınlıq gətirib. O, banklara valyuta kreditlərinin vaxtını uzatmağın tövsiyə olunduğunu deyib. Eyni zamanda tövsiyələrə faizlərin aşağı salınmasının da daxil olduğunu bildirib. Qeyd edib ki, prosesi ciddi nəzarətdə saxlayacaqlar. Nəzərə çatdıraq ki, artıq banklar valyutada kreditləri olan vətəndaşlara bu istiqamətdə sms-lər atmağa başlayıblar.

“Bu vəsait bank sektoru üçün öldürücü ola bilər”

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev bildirir ki, dollarla kredit götürən vətəndaşların aylıq ödənişləri 34 faiz artıb: “Ola bilər ki, kiçik məbləğli istehlak kreditlərində bu elə də ciddi hiss edilmir. Amma yüksək məbləğli kreditlərdə - hansıların ki, məbləği yüz min, 1 milyon dollardır, onların aylıq ödənişləri 20-30 min dollar dəyərində artıb. Bu isə biznes mühiti üçün problem yarada bilər. Digər tərəfdən onsuz da faizlərin yüksək olduğu şəraitdə vəziyyəti daha da çətinləşdirir. Bir şeyi bilmək lazımdır ki, bankın kredit şəklində verdiyi pul onun özünün deyil. Çox cüzi hissəsi bankın kapitalına məxsusdur. Həmin vəsaitin ən azı yarısını əhalinin əmanətləri təşkil edir. Bura xarici öhdəlikləri və MB-nin mərkəzləşdirilmiş kreditlərini əlavə etmək olar.

Yanvarın əvvəlinə olan məlumata görə, bank əmanətlərinin 38,5%- ni xarici valyuta təşkil edir. Söhbət 3,5 milyard dollarlıq vəsaitdən gedir. Həmin vəsaiti banklar faizlərlə birlikdə əhaliyə qaytarmalıdır. Bankların xarici öhdəlikləri 6,3 milyard dollardır. Bu öhdəliklər kredit şəklində dollar və avro ilə cəlb edilib. Devalvasiya nəticəsində əmanət öhdəlikləri 567 milyon manat, xarici öhdəlikləri isə 1.7 milyard manat artıb. Deməli, yalnız 2 mənbə üzrə banklar birdən-birə 2.3 milyard manat zərərə düşüb. Bura 6,4 milyard dollarlıq xarici valyuta kredit üzrə məzənnə fərqindən yaranacaq 1 milyard manatlıq zərəri də əlavə etsək, onda zərərin həcmi 3,3 milyard manata çıxar. Bu vəsait bank sektoru üçün öldürücü ola bilər”.

Hökumətlərin devalvasiya təcrübələri

Ekspert valyutaları devalvasiyaya uğrayan ölkələrin analoji situasiyadan tapdıqları çıxış yollarını misal gətirdi: “Məsələn, Polşada İsveçrə frankı kəskin bahalaşandan sonra hökumət əhaliyə valyuta kreditlərini milli valyutaya (zlota) çevirməyə icazə verib. Xorvatiyada İsveçrə frankının məzənnəsini “dondurdular” ki, valyutada krediti olan müştərilərə zərbə dəyməsin. Macarıstan hökuməti valyuta ehtiyatlarının bir hissəsini xarici valyutada olan ipoteka kreditlərinə dəstək olmağa yönəldib, ölkənin məhkəmə sistemi isə xarici valyutada olan müqavilələri qanunsuz sayıb. ABŞ-da 2009-cu ildə qlobal maliyyə böhranı zamanı ipoteka borclularına dəstək proqramı çərçivəsində 300 milyard dollar vəsait xərclənib. Rusiya Mərkəzi Bankı banklara tövsiyə məktubu göndərib. Məktuba əsasən xarici valyutada olan ipoteka kreditləri (digər kreditlər yox) Mərkəzi Bankın 01.10.2014-cü il tarixli məzənnəsi ilə (1 USD = 39,4 rubl) rubla keçirtmək tövsiyə edilib. Bu halda faiz dərəcəsi olaraq rublun cari dövrə olan faiz dərəcəsi götürülür. Ukrayna da oxşar addımı atıb. Mərkəzi Bank 25.12.2014-cü il tarixdə kommersiya bankları ilə xarici valyuta kreditlərinin restrukturizasiyası barədə Memorandum imzalayıb. Memoranduma əsasən, xarici valyutada olan istehlak kreditləri, o cümlədən ipoteka kreditləri Mərkəzi Bankın 01.01.2014-cü il tarixinə olan rəsmi məzənnəsi ilə (1 USD = 7,99 qrivna) milli valyutaya çevrilir. Hazırda bütün banklar olmasa da, 20-yə qədər bank bu Memoranduma qoşulub”. Məlum olur ki, istər Ukraynada, istərsə də Rusiyada güzəşt bütün kreditlərə şamil edilməyib.

“Banklar əhaliyə, faizləri saymasaq, 3,5 milyard dollar qaytarmalıdır”

Bu situasiyada bankların vəziyyətini dəyərləndirən iqtisadçının sözlərinə görə, banklar əhaliyə, faizləri saymasaq, 3,5 milyard dollar qaytarmalıdır: “Sizcə, əmanətçi razı olarmı ki, onun dollarla yatırdığı əmanəti bank yeni məzənnə ilə yox, köhnə məzənnə ilə qaytarsın? Axı oxşar vəziyyətlə banklar da üzləşib. Sabah banklar köhnə məzənnə ilə kreditləri qəbul etməyə vadar edilsə, zərəri ödəmək üçün bank kapitalına müraciət etməli olacaq. Kapitalın azaldılması baş verəcək ki, bununla da həm Mərkəzi Bankın normativlərini pozacaq, həm də xarici banklar qarşısında götürdükləri öhdəlikləri pozmuş olacaqlar. Bir sözlə, bank sistemi çöksə, bu, heç də təkcə 6 milyondan çox əmanətçinin probleminə çevrilməyəcək. Bunun zərbəsi hamıya dəyəcək. Hazırda xarici valyuta kreditlərinin 35%-i istehlak kreditlərinin payına düşür. Söhbət təxminən 2,3 milyard dollara yaxın vəsaitdən gedir. Həmin vəsait köhnə məzənnə ilə ödənilsə, banklar əlavə olaraq 380 milyon manata yaxın zərərə düşər (bütün valyuta kreditlərində bu göstərici 1 milyard manata yaxındır)”.

“Mərkəzi Bankın banklara dəstəyi də vacibdir”

İqtisadçı deyir ki, hazırkı məqamda Mərkəzi Bankın banklara dəstəyi də vacibdir. Artıq bu müşahidə edilir: “Misal üçün, Mərkəzi Bank 26 fevral 2015-ci il tarixli qərarla banklar üçün depozitlər üzrə məcburi ehtiyat normasını 4 dəfə azaldıb. “Məcburi ehtiyat normasının hesablanması və formalaşdırılması qaydaları”na edilmiş dəyişikliyə əsasən, məcburi ehtiyat norması 2%-dən 0,5%-ə salınıb. Bundan sonra banklar həm əhalidən, həm hüquqi şəxslərdən, həm beynəlxalq təşkilatlardan cəlb etdikləri depozitlərin 0,5%-ni ehtiyata yönəldəcəklər. Yəni indiyə qədər depozit şəklində cəlb edilən hər 100 manatın 2 manatı ehtiyata gedirdi, 98 manatı kredit şəklində yönləndirilirdi. Hazırda hər 100 manatın 50 qəpiyi ehtiyata gedəcək. Yerdə qalan 99,5 manat kreditləşməyə yönəldiləcək. Bu addım banklara təxminən 200 milyon manatdan çox likvidlik verəcək. Həmin vəsaitlər banklara kredit qoyuluşunu artırmaq üçün əlavə imkan verir. İkinci addım “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na dəyişikliklərdir. Məsələ ondadır, əvvəlki qaydaya görə, restrukturizasiya olunmuş aktivlər standart hesab oluna bilməzdi. Bu o demək idi ki, həmin aktivlər birbaşa qeyri-standart, daha doğrusu, qeyri-qənaətbəxş aktiv hesab edilməli və buna görə də bank tərəfindən 30% ehtiyat ayrılmalı idi.

Yeni dəyişiklik nəticəsində restrukturizasiya olunmuş aktivlər standart hesab olunacaq, ancaq nəzarət altında olan aktivlər kimi nəzərə alınacaq. Buna görə, bank tərəfindən yaradılan ehtiyatın həcmi 6 dəfə az - 5% olacaq. Bu isə banklara dəyən zərərin azaldılmasını təmin edəcək, bankların kapitalının “əriməsinin” qarşısını alacaq”.

S.Əliyev sosial kreditlərlə bağlı güzəştləri də vacib sayır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm