Prezident İlham Əliyev manatın məzənnəsindən danışdı
Bizi izləyin

Ekopublika.az

Prezident İlham Əliyev manatın məzənnəsindən danışdı

"İnflyasiya Azərbaycanda çox aşağı səviyyədədir. Keçən il bir faizdən bir qədər çox idi. Bu il isə 2,8 faizdir. O da çox əlamətdar hadisədir ki, manatın məzənnəsinə bu ilin fevralında dəyişikliklər edilmişdir, buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, onu göstərir ki, Azərbaycanda istehlak bazarına nəzarət tam təmin edilir, dövlət və hökumət bu məsələləri daim diqqət mərkəzində saxlayır".

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Prezident deyib ki, inflyasiyanın aşağı səviyyədə olması, insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir.

"Eyni zamanda, onu da bilməliyik ki, inflyasiya çox aşağı səviyyədə olanda iqtisadi inkişafı bir qədər əngəlləyir. Ona görə burada əlbəttə ki, düzgün balans seçilməlidir və Azərbaycanda makroiqtisadi vəziyyət daim diqqət mərkəzindədir. İnflyasiya həm sosial funksiyalarını özündə ehtiva etməlidir, eyni zamanda, ölkəmizin inkişafını, xüsusilə ixrac potensialımızın genişləndirilməsini təmin etməlidir. Hər il olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır", - İlham Əliyev əlavə edib.

Dövlət başçısı deyib ki, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz bir hal idi. "Çünki biz 2005-ci ildə pul islahatını apararkən bir manatı bir dollara bərabərləşdirdik. O vaxta qədər bir dollar 5000 manat idi və bu balans saxlanılmalı idi. Əslində biz imkan verməməliydik ki, manat çox bahalaşsın. Çünki bu, yerli istehsalçılara da mənfi təsir göstərir, bizim ixrac imkanlarımıza da əngəllər törədir. Ancaq ölkə iqtisadiyyatının çox sürətli inkişafı və neft gəlirlərinin kütləvi şəkildə xəzinəyə daxil olması manatı çox gücləndirdi. 2005-ci ildə biz pul islahatını apardıq, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və böyük gəlirlər gəlməyə başladı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm