Rus inqilabının sponsoru, müalicəsinə 104 milyard dollar xərcləyən ən varlı adam - VİDEO
Bizi izləyin

Ekopublika.az

Rus inqilabının sponsoru, müalicəsinə 104 milyard dollar xərcləyən ən varlı adam - VİDEO

Minilliyin ən varlı adamlarından biri kimi tanınır. Bu günün ekvivalenti ilə sərvətinin həcmi 310 milyard dollar təşkil edir. Adı tarixin səhifələrinə təkcə Amerikanın ən böyük sənayeçisi kimi deyil, həm də 300 milyard dollar sərvəti olan rus çarı 2-ci Nikolayı devirən planı maliyyələşdirən şəxs kimi düşüb. Söhbət dünyanın ən böyük polad şirkətinin –“United States Steel Corporation”nın yaradıcısı Endryu Karneqidən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Endryu Karneqinin həyat hekayəsini təqdim edir.

Toxucu və ayaqqabı təmirçisinin övladı

Endryu Karneqi 1835-ci ildə Şotlandiyada toxucu fabrikində işləyən Ulyam Karneqi və ayaqqabı ustasının qızı Marqaret Morrisonun ailəsində dünyaya göz açıb. Özündən başqa Tomas adlı bir qardaşı da olub. Endryu adı ona babasının şərəfinə verilir. İllər sonra 20-ci əsrin polad maqnatına çevrilən Endryunun ailəsi ilk əvvəl atasının toxuculuq fabrikindən qazandıqları ilə dolanıb və fabrik işçiləri üçün tikilən evlərdə yaşayıb. Paylarına düşən bir otaqdan həm yataq otağı, həm yemək otağı kimi istifadə ediblər. 19-cu əsrdə sənaye inqilabından sonra atasının işləri alınmadığından ailənin yükü anası Marqaretin üzərinə düşüb. Marqaret sifarişlər əsasında ayaqqabılar tikməklə gündəlik xərclərini çıxarıb. Belə vəziyyət 1848-ci ildə Ulyamın yaxşı həyat qurmaq məqsədi ilə Amerikanın Pensilvaniya ştatına miqrasiya etmək barədə qərar verməsinə qədər sürüb. 50 gün yol qət etdikdən sonra Pensilvaniyaya çatan ailənin bütün üzvləri orada işə düzəlirlər. O cümlədən də 13 yaşlı Endryu.

Həftəlik 2 dollar maaş alan şotland maqnata necə çevrilir?

Endryunun ilk iş yeri toxuculuq fabriki olub. Gündəlik 12 saat və həftənin altı günü işləyən Endryu həftəlik 1,2 dollar maaş alıb. “Ohio Telegraph”da (teleqraf şirkəti) vakansiya yarandıqda orada işə düzəlib. Artıq həftəlik 1,2 deyil, 2,5 dollar qazanmağa başlayıb. Cəldliyi, işə ciddi yanaşması ilə rəhbərliyin diqqətini çəkib. Operator vəzifəsinə təyin edilib. Beləliklə də, əməkhaqqısı artaraq həftəlik 4 dollara çatıb. Yarım ildən sonra “Pennsylvania” dəmir yolu şirkətinin şəxsi teleqrafçısı olmağı bacaran Endryunun aylıq maaşı artaraq 35 dollar təşkil edib. Beləliklə də, onun biznesə ilk addımlarına yol açılıb. Maqnatın özünün sözlərinə görə, məhz “Adams Express” dəmiryol şirkətinin səhmlərini bu “yüklü” maaşı ilə alıb. Riski boşa getməyib. Səhmlərə 500 dollar xərcləsə də, sonradan onların dəyəri 700 dollara yüksəlib. Bundan iştahlanan Karneqi “Third National” bankın səhmlərinə də pul yatırıb. O cümlədən körpü tikintisi ilə məşğul olan şirkətlərin və neft şirkətlərinin səhmlərini alıb. Qəpiyi qəpiyin üstünə qoyan Karneqi 1856-cı ildə “Vudorf”dan 1/8 səhm alıb. Dividenti artmağa başlayanda Amerikanın neft rayonlarından birində 40 min dollara ferma da satın alıb. 10 il sonra artıq həmin fermanın dəyəri 5 milyon, illik qazancı 1 milyon dollara yüksəlib. Şəxsi biznesi ilə paralel karyerasında da irəliləyişlərə imza atıb. 1859-cu ildə “Pennsylvania Railroad”ın Pittsburq rəhbəri təyin edilir.

Vətəndaş müharibəsindən yararlanır

Vətəndaş müharbəsi dövründə Karneqi Vaşinqtona gedir və hərbi telefqaf xidməti sistemini qurur. Məhz onun Şimal qüvvələrinin qələbəsində mühüm rol oynadığı irəli sürülür. Müharibədən sonra Karneqi dəmiryol sistemini tərk edir. “Keystone Bridge Company”ni yaradır. Sifarişlə dəmiryol körpüləri tikintisini həyata keçirir.Bu ərəfədə bir zamanlar qəpik-quruşla aldığı səhmlərdən gəliri 47 min dollar idi və Karneqi ilk polad zavodunun tikintisini reallaşdırır. Eləcə də Avropada Amerika dəmir yolu şirkətlərinin səhmlərini yerləşdirən ilk şəxs olur.

Polad imperiyası

33 yaşında artıq o, kapitalistə çevrilmişdi. Hər şeyi buraxıb Oksford Universitetinə qəbul olmağı qərara alır. Bu zaman da onun beyninə yeni biznes ideyası düşür. Böyük Britaniyada həmin sahənin sirlərini öyrəndikdən sonra 1875-ci ildə polad zavodunu - “Dj Yedqara Tomson”u inşa etdirir. 1880-ci ilin sonunda şirkətində metal istehsalı sutkada 2000 tona çatır. 1889-cu ildə artıq Amerikada polad istehsalı İngiltərənin polad istehsalını üstələyir. Karneqinin metallurgiya imperiyasına “Dj Yedqara Tomson” adına zavod, “Pittsburq Bessemer” zavodu, "Lucy Furnaces", "Union Iron Mills", "Union Mill" (Wilson, Walker & County), "Keystone Bridge Works", "Hartman Steel Works", "Frick Coke Company" daxil olur. Endryunun illik gəliri 20 milyon dollara çatır. Həmin dövrdə Amerikada bir işçinin illik gəliri 50 dollar idi. Bu arada bir zamalar həftənin 5 günü 12 saat işləyib 1,2 dollar qazanan Karneqi sözügedən zavodlarında öz işçilərinə qarşı daha sərt qrafik tətbiq edir. Belə ki, işçilər həftənin 7 günü fasiləsiz işləyirdilər.1892-ci ildə böhran dövründə o, əmək qaydalarını daha da sərtləşdirərək, maaşları azaldır. Əbəs yerə deyil ki, Amerikada ən böyük sobataj da ilk dəfə onun zavodlarında baş verir.

Pensiyaya da böyük qazancla çıxır

Ömrünün sonuna yaxın Karneqi biznesi buraxmaq qərarına gəlir. Amma dişi-dırnağı ilə qurduğu biznesini ucuz qiymətə satmaq ona yad addım idi. 1901-ci ildə polad zavodlarını satışa çıxarır. Neft maqnatı Con Rokfeller zavodlara 100 milyon dollar təklif edir. Avans kimi 1,5 milyon ödəməyi irəli sürür. Biçilən dəyər Karneqini qane etmədiyindən o dövrün daha bir maqnatını - Con Pierpont Morqanı oyuna cəlb etməyi qərara alır. Zavodları satmaqla bağlı fikrinin dəyişdiyini, Amerikanın şimalında şəxsi dəmiryol tikəcəyini bəyan edir. Hansı ki dəmiryol sektoruna nəzarət edən Morqan üçün də Karneqinin bu addımı sərfəli deyildi. Belə halda Morqan Karneqiyə zavodu ona satmasını təklif edir. Bu dəfə biçilən dəyər 100 milyon deyil, 300 milyon dollar (2012-ci ilin ekvivialenti ilə 12,4 milyard dollar) olur. Tarixə ən bahalı alqı-satqı müqaviləsi kimi düşən sövdələşmənin nəticəsində dünya iqtisadiyyatına polad istehsalı nəhəngi hesab edilən “United States Steel Corporation” bağışlanır.

Özündən sonra heç nə buraxmır

1,2 dollarla iş həyatına başlayıb, 310 milyarda sahiblənməyi bacaran Karneqi özündən sonra varislərinə nə şirkət, nə də sərvət buraxır. Belə ki, onun bu haqda düşüncələri fərqli idi. Milyarder deyirdi: “Gənc üçün ən yaxşı miras yoxsul anadan olmasıdır. Varlı vəfat edən şəxs bədnam vəfat etmiş kimidir”.

Karneqi belə də edir. Qazandıqlarını bütün dünya üçün faydalı hesab etdiyi ideyalara xərcləyir. O “Car-negie Foundation” adlı araşdırma fondunu və "Carnegie Mellon University"ni yaradır. 1910-cu ildə təsis edilən Beynəlxalq Sülh uğrunda Karneqi Fondu siyasi araşdırma aparmaq məqsədi ilə yaranan ilk “beyin mərkəzi” olur. O mərkəzə sərvətindən 4,5 milyard dollar xərcləyir. Bütün dünyada filialları olan beyin mərkəzinin əsas hədəfi Amerikanın güclü olmasına töhfə verməkdir. Bundan əlavə, o, 3000 kitabxananın yaranmasını maliyyələşdirir. Onların əksəriyyəti ABŞ-ın 47 ştatında, eləcə də İrlandiyada, Böyük Britaniyada, Kanadada, Avstraliyada, Yeni Zellandiyada, Ficidə fəaliyyət göstərir.

Anasının qorxusundan evlənmir

Polad maqnatı haqqında maraqlı faktlardan biri boyunun balaca (158 sm) olmasıdır. Bunu gizlətmək üçün Endryu həmişə hündür oturacaq sifariş verirmiş. Amma bu, onu “Balaca müdir”, “kroşka Karneqi” kimi ləqəblərdən xilas etmir. Karneqinin şəxsi həyatı ilə bağlı daha bir məqam anasından çəkinməsidir. Marqaret oğlunu hər kəsə qısqanırmış “mənim oğluma dünyada layiq qadın yoxdur” deyirmiş. Məhz bunun nəticəsidir ki, Endryu anasının vəfatından sonra - 45 yaşında evlənir. Baxmayaraq ki, həyat yoldaşı ilə 7 il idi ki sevgili idi. Milyarder uzun müddət nikahını gizli saxlayır. Çünki o, yasın pozulmasından, lağ obyekti olacağından çəkinir. O ki qaldı onun cəmi bir övlad sahibi olmasına, Endryu uşaq istəmirdi.

Ölümü

Multimilyarder kimi tarixə düşən bu şəxs 1919-cu ildə bronxların sətəlcəmindən vəfat edir. Müalicəsinə 350 695 653 milyon dollar (2005-ci ilin ekvivalenti ilə 104,3 milyard dollar) xərcləyir. Lakin sağala bilmir. Öldüyü zaman cəmisi 30 milyon dollar pulu olur. Lakin məşhur aforizmin – “varlı vəfat edən şəxs bədnam vəfat etmiş kimidir” müəllifi bunu da pensiya fonduna bağışlayır. Amerikada dəfn edilən Karneqinin vəsiyyətinə uyğun olaraq, məzarının üzərinə - "Burada özündən daha ağıllı insanları işlədən biri yatır" sözləri yazılır.

Şəxsi həyatı

Qeyd etdiyimiz kimi, Karneqi 45 yaşında Luiza Uitfildlə evlənir. Bu evlilikdən onun Marqaret Karneqi Miller adlı qızı dünyaya gəlir. Yeri gəlmişkən, milyarder sərvətinin 10 faizini Marqaretə verir.

Rus inqilabının maliyyəçisi

Karneqi rus inqilabının sponsoru kimi tarixə düşüb. Belə ki, inqilabın mexanizminin onun fondu tərəfindən 1911-ci ildə hazırlandığı deyilir. Planını adı isə “Marburq” idi. Həmin plan sosialistlərin əli ilə inqilab edib, dünyada yeni maliyyə imperiyasını yaratmağı nəzərdə tuturdu.

Biznes məsləhəti

Dünya artıq 1 əsrdir Karneqinin biznes uğurunun sirlərini öyrənir, örnək alır. Onun pul qazanmaqla bağlı dedikləri aforizmə çevrilib. Onlardan bəzilərini təqdim edirik;

Nə qədər pula sahib olmaq istədiyinizi dəqiqləşdirin. Təxmini bu qədər pula sahib olmaq istəyərəm demək kifayət deyil. Dəqiq və konkret olun;

Yaşlandıqca ətrafdakı insanların nə söylədiklərini az nəzərə almağa başladım. Sadəcə, onların nə etdiklərini müşahidə edirəm;

O şəxslər uğur əldə edirlər ki, həyatda bir yol seçirlər. Ona doğru hərəkət edirlər;

Dürüst, işgüzar olmaq və konsentrasiya - mənim devizim budur;

Ona tapşırılan işi görməyən şəxslər, eləcə də tapşırılan işdən əlavə başqa bir iş görməyən insanlar heç vaxt karyerada zirvəyə yüksələ bilməzlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm