Mərkəzi Bankın özəl banklara xərclədiyi milyardlar, 5 min nəfərin işdən çıxarılması qərarı, batan Rusiya - HESABAT
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bankın özəl banklara xərclədiyi milyardlar, 5 min nəfərin işdən çıxarılması qərarı, batan Rusiya - HESABAT

Yola saldığımız həftə diqqətlər yenə P5+1 ölkələrinin İranla bağlı qərarına kökləndi. Razılaşmanın son variantının iyunun 30-da hazır olacağı açıqlansa da, artıq neftin qiymətinə dair proqnozlar nikbinləşib. ABŞ prezidenti Barak Obama isə dolların məzənnəsinin möhkəmlənməsindən təlaşa düşüb. Bunun da səbəbi ixracın azalması nəticəsində Amerika iqtisadiyyatının inkişafının yavaşlamasıdır. Həftə ərzində Almaniyada 5 min nəfərin işdən çıxarılacağı ilə bağlı açıqlama da diqqət çəkdi. Borc bataqlığına düşən Yunanıstan isə Beyənlxalq Valyuta Fonduna olan borcunun bir hissəsini ödədi. Rusiyada rubl valyutalar qarşısında möhkəmləndi. Xammal bazarlarına gəlincə, neft gah bahalaşdı, gah da ucuzlaşdı.

Başlayaq neftin qiymətindən. “Qara qızıl”ın qiymətinin davamlı olaraq ucuzlaşması enerji nəhənglərini hərəkətə gətirdi. Hollandiyanın “Royal Dutch Shell” şirkəti son on ilin ən böyük razılaşmasına imza ataraq İngilis “BG Group”u təxminən 64 milyard avroya satın aldığını açıqladı. Enerji sektorunun ən böyük üçüncü şirkətini tərkibinə qatan “Shell” bununla xərclərini azaltmağı hədəfləyir. Eyni zamanda, şirkət neft və təbii qaz ehtiyatının 25 faiz artacağını bəyan edir.

Bazar dəyəri 202 milyard dollar olan “Shell”in daha bir hədəfi də 360 milyard dollarlıq bazar dəyəri olan Amerikanın “ExxonMobil” şirkəti ilə aralarındakı fərqi bağlamaqdır.

Söz neftdən düşmüşkən, neftin qiymətinin ucuzlaşması fonunda dünyanın mərkəzi bankları qızılla rezervlərini azaltmaq qərarına gəliblər. Qeyd edək ki, 2015-ci ilin martında qızıl rezervlərinin həcmi 11,6 trilyon dollar olub.

2004-2014-cü illərdə Mərkəzi Bankların qızıl rezervləri 5 dəfə artıb. 2015-ci ildə rezervlər azalıb. Belə ki, 2014-cü ildə bu rəqəm 12 trilyon dollar təşkil edibmiş. Analitiklər hesab edir ki, azalma dolların avro və digər valyutalara nisbətən dəyərinin möhkəmlənməsi ilə bağlı ola bilər. Ehtiyatların azalmasının dünya bazarlarında bir sıra dəyişikliklərə səbəb olacağı da güman edilir. “Credit Suisse”in qiymətləndirmələrinə görə, dünya üzrə rezervlərin üçdə ikisinə məxsus olan Mərkəzi Banklar dördüncü rübdə 54 milyard dollar itiriblər. Analoji hadisə 2008-ci ildə maliyyə böhranı zamanı qeydə alınıb.

Dünyada ən çox qızıl rezervlərinə sahib olan Çin ehtiyatlarını 4 trilyon dollardan 3,8 trilyona endirib. Rusiyanın qızıl rezervləri isə 25% azalıb, 361 milyard dollar təşkil edib. Səudiyyə Ərəbistanının rezervləri 721 milyard dollara qədər azalıb.

“Deutsche Bank”ın ekspertlərinə görə, tendensiya neftin qiymətinin düşməsi fonunda yaxın aylarda da davam edəcək.

Bu həftə çinlilər üçün xoş keçmədi. Belə ki, ölkənin pul-kredit siyasəti inflyasiya təzyiqinə gözlənilən təsirini göstərməyib. Ölkədə illik inflyasiya nisbətinin mart ayında 1,4 faizə çatdığı bəlli olub. Hansı ki iqtisadçılar bu rəqəmi 1,3 faiz səviyyəsində proqnozlaşdırırdılar.

Avropa iqtisadiyyatının lokomotivi hesab edilən Almaniyada fevral ayında ixrac rəqəmləri ötən ilin eyni dövrünə nisbətən 1,5 faiz artaraq 95,7 milyard avroya çatıb. Federal Statistika Təşkilatının məlumatlarına görə, idxal nisbəti 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artıb. Halbuki proqnozlar bu rəqəmin 1,2 faiz qalacağı istiqamətində idi. Ümumilikdə, Almaniyanın xarici ticarəti keçən illə nisbətdə 3,5 milyard avro yüksələrək 19,7 milyard avroya çatıb. Almaniyanın ticarət rəqəmləri müsbət siqnallar verdiyi zamanda işsizliklə bağlı vəziyyət ürəkaçan deyil. Federal Məşğulluq İdarəsi 2019-cu ilə qədər məşğulluq bazarında beş min nəfərlik ixtisara gediləcəyini bəyan edib. Bu reallaşarsa, 2013-cü ildən 2019-cu ilə qədər 17 min nəfər işdən çıxarılmış olacaq. Onu da bildirək ki, Almaniyada işsizlik nisbəti martda 6.4 faizə düşüb.

10 il əvvəl 5 milyon nəfər olan işsizlik rəqəmi bu gün 2.8 milyon nəfər səviyyəsindədir

Avropa Mərkəzi Bankının oxu yenə hədəfə dəyməyib. Belə ki, bankın özəl bankları xilas etmə əməliyyatı Avropa ölkələrinə baha başa gəlib. İrlandiyada özəl bankları xilas etmək üçün xərclənən maliyyə vəsaitləri ümumi daxili məhsulun az qala 40 faizinə çatıb. Yunanıstanda bu rəqəm 24, Sloveniyada 14, Almaniya və Portuqaliyada 10 faiz təşkil edib.

Bildirək ki, Mərkəz Bankı 2008-2013 illəri əhatə edən hesabatında bu vəsaitlərin geri qayıtmayacağını vurğulayıb.

Nəzərə çatdıraq ki, Avro Bölgəsi daxilində maliyyə təşkilatlarına birbaşa yardım 2013-cü ilin sonunda 500 milyard avro olub. Lakin bu məbləğin ölkələr arasında bərabər bölüşdürülmədiyi irəli sürülür.

Yola saldığımız həftə iflasla qarşı-qarşıya olan Yunanıstan Beynəlxalq Valyuta Fonduna (IMF) olan 450 milyon avro kredit borcunu ödədi. Bu ödəmə yeni müzakirələrə yol açdı. Belə ki, böhrandan çıxış yolu axtaran Afina hökumətinin pulu Rusiyadan aldığı irəli sürülür. Yeri gəlmişkən, söz-söhbətlərin ortaya çıxmasının səbəbi Yunanıstanın baş naziri Aleksis Çiprasın bu ərəfədə Moskvaya səfəridir. Nazir bu zaman Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü. Düzdür, Putin Çiprasın maliyyə yardımı üçün gəlmədiyini iddia edirdi.

Aleksis Çipras özü də borc məsələsini təkzib edirdi və Yunanıstanın iqtisadi problemlərini Birləşmiş Millətlər çərçivəsində həll edəcəklərini söyləyirdi.

Amma yunanların borcu problemi bununla bitmir. Bazarlara dönməkdə çətinlik çəkən ölkədə maliyyə çatışmazlığı gələcək həftələrdə daha da böyüyəcək. Çünki Rəsmi Afina maliyyə islahatları mövzusunda Brüssellə razılığa gələ bilmir. Bu vəziyyət beynəlxalq yardımın son diliminin - 7,2 milyard avronun ölkə büdcəsinə daxil olmasına maneə törədir.

Bu arada, qeyd edək ki, aprelin 14-də işçilərin maaşlarını ödəmək üçün yunan xəzinəsinin 500 milyon avroya ehtiyacı yaranacaq. Buna görə ölkənin 1 milyard avro həcmində qısamüddətli borclanmaya gedəcəyi istisna edilmir.

Bundan əlavə, may ayının 12-də Yunanıstanın BVF-ya olan borcunun 770 milyon avroluq hissəsini də ödəməlidir. O səbəbdən də aprelin 24-də Avro Bölgəsi Maliyyə Nazirlərinin iştirakı ilə keçiriləcək “Eurogroup” konfransı Afina üçün həyati əhəmiyyət daşıyır.

Rusiyanın vəziyyəti ruscadır. Rubl dollar və avro qarşısında möhkəmlənsə də, ölkə bu ilin I rübündə 33 mlrd. dollara yaxın xalis özəl kapital itirib. Rusiya Mərkəzi Bankının dediyinə görə, ötən ilin analoji dövründə Rusiyadan 47,7 mlrd. dollar “axıb”.

İş dünyası

İnternet nəhəngi “Google” video paylaşma portalı “Youtube”dakı reklamları dayandırır. Yeni abunə sistemi üzərində işləyən şirkət video görüntülərinin platformada görünməsini istəyən ortaqlarından əllərini ciblərinə salmalarını istəyir. Qazancının hamısını reklam gəlirindən əldə edən “Youtube”ni hər ay bir milyard internet istifadəçisi ziyarət edir. Platforma 2014-cü ildə reklamdan 1,2 milyard avro gəlir əldə edib.

Cənubi Koreyanın “Samsung” şirkətinin gəlirləri ilin ilk rübündə gözlənildiyindən çox olub. Səbəb isə yaddaş kartı və ekran tələbinin yüksəlməsidir. Bununla belə üç aylıq dövrdə şirkətin fəaliyyət gəliri 31 faiz geriləyərək 5.4 milyard dollara düşüb.

Üst-üstə altı dövrdür qazancında geriləmə yaşayan “Samsung”un qlobal ağıllı telefon bazarındakı mövqeyi zəifləyib. Şirkət, müştərilərini geri qaytarmaq üçün “Galaxy S6” modellərini bazara təqdim edib.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə Elman Rüstəmov yenə Mərkəzi Bank sədri oldu. Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi.

Başlayaq, prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasından. İclasda çıxış edən dövlət başçısı ölkə iqtisadiyyatının hazırkı vəziyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib. Bildirib ki, inflyasiya Azərbaycanda çox aşağı səviyyədədir: “Keçən il bir faizdən bir qədər çox idi. Bu il isə 2,8 faizdir. Manatın məzənnəsinə bu ilin fevralında dəyişikliklər edilməsinə baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, onu göstərir ki, Azərbaycanda istehlak bazarına nəzarət tam təmin edilir, dövlət və hökumət bu məsələləri daim diqqət mərkəzində saxlayır".

Prezident deyib ki, inflyasiyanın aşağı səviyyədə olması insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir:

"Eyni zamanda, onu da bilməliyik ki, inflyasiya çox aşağı səviyyədə olanda iqtisadi inkişafı bir qədər əngəlləyir. Ona görə burada, əlbəttə ki, düzgün balans seçilməlidir və Azərbaycanda makroiqtisadi vəziyyət daim diqqət mərkəzindədir. İnflyasiya həm sosial funksiyalarını özündə ehtiva etməlidir, eyni zamanda, ölkəmizin inkişafını, xüsusilə ixrac potensialımızın genişləndirilməsini təmin etməlidir. Hər il olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır", - İlham Əliyev əlavə edib.

Dövlət başçısı manatın məzənnəsindən də danışıb. Qeyd edib ki, məzənnə dəyişikliyi qaçılmaz bir hal idi: "Çünki biz 2005-ci ildə pul islahatını apararkən bir manatı bir dollara bərabərləşdirdik. O vaxta qədər bir dollar 5000 manat idi və bu balans saxlanılmalı idi. Əslində biz imkan verməməliydik ki, manat çox bahalaşsın. Çünki bu, yerli istehsalçılara da mənfi təsir göstərir, bizim ixrac imkanlarımıza da əngəllər törədir. Ancaq ölkə iqtisadiyyatının çox sürətli inkişafı və neft gəlirlərinin kütləvi şəkildə xəzinəyə daxil olması manatı çox gücləndirdi. 2005-ci ildə biz pul islahatını apardıq, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və böyük gəlirlər gəlməyə başladı".

“Şərtlər uyğun olsa, İranın Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsindən (TANAP) pay alması mümkün ola bilər”.

Bunu da Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Türkiyə ilə Gürcüstan arasında imzalanan enerji sahəsində əməkdaşlığa dair sazişin imzalanması mərasimində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Türkiyəli nazir qeyd edib ki, digər ölkələrdən də TANAP layihəsində iştirakla bağlı təkliflər irəli sürülüb. “TANAP-da istər Türkiyənin, istərsə də SOCAR-ın payı üçün uyğun ticarət şərtləri meydana gələrsə, strateji işbirliyini də nəzərə alaraq belə bir əməliyyat mümkün ola bilər”.

Qeyd edək ki, TANAP layihəsi payçılar arasında səhmlər “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12% müəyyənləşdirilib

Məndən bu qədər. Hər kəsə uğurlu həftəsonu tətili.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm