Bakıda AİB Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçiriləcək
Bizi izləyin

Ekopublika.az

Bakıda AİB Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçiriləcək

2-5 may 2015-ci il tarixlərində Bakı şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçiriləcək.

Publika.az Maliyyə Nazirliyinə istinadən bildirir ki, qurumun illik toplantısının bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin may ayında Filippinin paytaxtı Manila şəhərində qəbul olunub. Bununla əlaqədar 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və AİB arasında Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Ardınca isə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 may tarixli Sərəncamı ilə Baş nazirin birinci müavininin sədriliyi ilə Təşkilat Komitəsi yaradılıb.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində keçiriləcək İllik Toplantıda 3000-nə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələrinin iştirak edəcəyi gözlənilir. Dünyanın maliyyə və biznes dairələrinin diqqət mərkəzində olan bu nüfuzlu toplantı yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraqla gözlənilir.

Onu da bildirək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu müddət ərzində AİB Azərbaycan Hökumətinə 1.8 milyard ABŞ dolları, özəl sektor təşkilatlarına isə 168 milyon ABŞ dolları həcmində kredit və 18 milyon ABŞ dollarına yaxın qrantlar ayırıb.

AİB-in Azərbaycanla bağlı 2014-2018-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyasında nəqliyyat, enerji və şəhər xidmətləri, eləcə də kiçik və orta biznesin və dövlət-özəl sektorları arasında tərəfdaşlığın inkişafına dəstək verilir. Yeni strategiya, həmçinin, regional əməkdaşlıq, idarəetmə, ekoloji sabitlik, iqlim dəyişikliyi və layihələrin daha səmərəli icrasına böyük önəm verir.

2015-ci ilin aprel ayında AİB-in 2015-2017-ci illər üçün Azərbycan üzrə Biznes Planı qəbul edilib. Bu müddət ərzində AİB enerji, nəqliyyat, maliyyə, təhsil, su təchizatı və çirkab suların təmizlənməsi və dövlət idarəçiliyi sektorlarının inkşafı üçün Azərbaycana 3.6 milyon ABŞ dolları həcmində qrant və 715 milyon ABŞ dolları həcmində kredit ayırmağı nəzərdə tutur.

Filippinin paytaxtı Manilada yerləşən AİB balanslaşdırılmış iqtisadi artım, ekoloji cəhətdən davamlı artım və regional inteqrasiya yolu ilə Asiyada və Sakit Okean Regionunda yoxsulluğun azaldılması istiqamətində fəaliyyət göstərir. 1966-cı ildə təsis edilmiş AİB 48-i regiondan olmaqla 67 üzv-dövlətə məxsusdur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm