• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bəzi büdcə layihələri Neft Fonduna qaytarılsın – TƏKLİF

Bəzi büdcə layihələri Neft Fonduna qaytarılsın – TƏKLİF

Maliyyə naziri Samir Şərifov büdcədə neftin baza qiymətinə toxunulmayacağını bildirib. O qeyd edib ki, məcburi dürüstləşməyə hökumət yalnız o zaman gedir ki, gəlirləri ilə xərcləri arasındakı fərq nəzərdə tutulmuş gəlirlərin 30%-ni təşkil edir. Belə bir vəziyyət yoxdur.

Qeyd edək ki, dövlət büdcəsinin neftdən asılılığını aradan qaldırmaq neft hasilatı ilə məşğul olan ölkələrin hədəflədiyi əsas məsələlərdən biridir. Dünya bazarlarında neftin qiymətləri aşağı düşdüyü halda, həmin ölkələrin hökumətləri vəsait itkisi problemi ilə üz-üzə qalırlar. Bəs bundan yaxa qurtarmağın ən radikal yolu nədən ibarət ola bilər?

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Publika.az-a açıqlamasında bildirdi ki, neft hasilatı ilə məşğul olan ölkələr içərisində təqdirəlayiq nəticələr Norveçdə əldə olunub: “Artıq illərdir ki, bu ölkədə neft və qaz satışından əldə olunan yüksək mənfəətin böyük bir hissəsi dövlətin Neft Fondunda cəmlənir (2006-cı ildən bu fondun adı dəyişdirilərək Norveçin Dövlət Pensiya Fondu adlandırılsa da, onun pensiya fonduna aidiyyatı yoxdur və mahiyyət etibarilə bu, neft fondudur). Hökumətin 2001-ci ildə qəbul etdiyi qanunla qeyri-neft sektorunun hesabına formalaşan büdcədəki kəsirin maksimal həddi Neft Fondunun vəsaitlərinin ümumi həcminin 4%-dən yuxarı ola bilməz. Bu məhdudiyyətin tətbiqində məqsəd, büdcənin neftdən asılılığını minimum həddə saxlamaqla dünya bazarlarında neftin qiymətləri dəyişdiyi hallarda bu proseslərin ölkə büdcəsinə təsirini azaltmaqdan ibarətdir. Fondun vəsaitlərinin həcmi hazırda 700 milyard ABŞ dolları həcmindədir. 2020-ci ilə bu rəqəmin 900 milyard dollara çatdırılması proqnozlaşdırılır. Fond Maliyyə nazirliyinə məxsusdur. Lakin onun vəsaitlərinin sərəncamçısı kimi Norveç Bankının İnvestisiya idarəsi çıxış edir. Fondun vəsaitlərinin 60%-dən çoxu aksiyalarda, haradasa 35%-i istiqrazlarda yerləşdirilmişdi. Hesab edirik ki, neft hasil edən ölkələr arasında bu, ən uğurlu təcrübədir”.

Bununla belə, F. Yusifov hesab etmir ki, Azərbaycan eynilə Norveçin yolunu təkrar etməlidir: “Bunun özü real deyil. Çünki hər bir ölkənin öz inkişaf yolları mövcuddur və neft fonduna yığılan vəsaitlər də buna uyğun şəkildə istifadə olunmalıdır. Norveç yolunu təkrar etməyə ehtiyac yoxdur. Biz hələ milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiya olunması yolunun başlanğıcında olduğumuzdan, təbiətin bəxş etdiyi imkandan istifadə edib neft pulları hesabına ilk növbədə milli iqtisadiyyatın, xüsusilə də onun qeyri-neft sektorunun yüksək səviyyədə qurulmasını təmin etməliyik. Lakin hesab edirik ki, bu vəsaitlərin dövlət büdcəsi vasitəsilə deyil, Neft Fondu vasitəsilə istifadə edilməsi daha doğru yol kimi nəzərdən keçirilə bilər. Məsələn, hazırda Dovlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən vəsaitləri birbaşa Dövlət Neft Fondunun büdcəsində nəzərdə tutub, onları oradan maliyyələşdirmək daha optimal yol kimi görünür. Belə olacağı halda büdcənin neft qiymətlərindən asılılığı da minimuma enər. Neft Fondundan büdcəyə ediləcək birbaşa transfer istisna edilməklə Dövlət büdcəsinin vəsaitləri (büdcədən maliyyələşən investisiya layihələri istisna olunmaqla) yerdə qalan bütün xərcləri tam qarşılamağa imkan verir. Məsələyə bəzi müəlliflərin yazdıqları kimi yanaşsaq, yəni büdcəyə neft sənayesindən daxil olan vergiləri nəzərə almasaq belə, bu halda da büdcənin bütün xərclərini qeyri-neft sektorundan daxilolmalar hesabına maliyyələşdirmək mümkündür. Bu addım ölkədə qeyri-neft sektorunun inkişafına da güclü təkan vermiş olar”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR