• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kirayə evlərin qiyməti 21 faiz ucuzlaşıb

Kirayə evlərin qiyməti 21 faiz ucuzlaşıb

“Kirayə mənzil bazarının rentabelliyi azalıb. Artıq insanlar təmirsiz mənzil istəmirlər. Təmirli mənzillərə biçilən kirayə haqqı ucuz olmur”.

Bunu Publika.az-a paytaxtda fəlaiyyət göstərən evlərin alqı-satqısı və kirayəsi ofisinin işçilərindən biri söylədi. Məlum oldu ki, may ayında tələbələrin tətilə çıxması ilə bazar bir qədər də öləcək: “Gələn ancaq təmirli ev istəyir. Bundan əlavə “Sovetski”nin sökülməsindən sonra bəziləri yaşadıqları mənzillərin otaqlarını kirayə verirlər. Ona görə qiymətlər sabit deyil”.

Hamı təmirli mənzil istəyir

Öyrəndik ki, Nərimanov metrosu Heydər Əliyev mərkəzi ilə üzbəüz yeni tikilidə 1 otaqlı mənzilin kirayə haqqı 330 manat, dollarla 314 manat təşkil edir. Mənzilin tam təmirli olduğuna zəmanət verən makler onu da qeyd etdi ki, ilin əvvəlindən bazarda əməliyyatlar həm dollar, həm manatla aparılır. Köhnə binada mənzillərin qiymətlərinə gəlincə, məlum oldu ki, burada qiymətlər 200 manatdan başlayır. Məsələn, Nəsimi rayonunda “Kiyev” layihəli köhnə binada yaxşı təmir olunan 1 otaqlı mənzilin kirayə haqqı 280 manatdır: “Bir qədər ucuz mənzil də var. Elmlər Akademiyası metro stansiyası yaxınlığında köhnə binada 1 otaqlı orta təmirli mənzili 200 manata da tapmaq mümkündür”.

Məlum oldu ki, təmirsiz mənzillərlə təmirli mənzillər arasında qiymət fərqi 50-100 manat arasındadır.

Manatla ifadədə 5 faiz artıb, dollarla ifadədə 21 faiz azalıb

Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov da kirayə bazarında qiymət artımını istisna etmədi: “Bahalaşma yoxdu. Amma manat dollar tandemi ilə bağlı qiymət dəyişməsi var”.

N.İbrahimovun sözlərindən bəlli oldu ki, qiymət dəyişməsi 5 faizdir: “Manatla ifadədə mənzil kirayəsi təqribən 5 faiz artıb, dollarda isə 21,53 faiz azalıb. Kirayə bazarında fəallıq çox aşağıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə kommersiya obyektlərinin kirayə bazarında aktivlik 25 faiz, mənzil kirayəsi bazarında isə təqribən 4 faiz azalıb".

Mənzillər niyə dollarla kirayə verilir?

Mənzillərin alqı-satqısı və kirayəsi ofislərində apardığımız sorğu-suallar zamanı diqqətimizi mənzillərin kirayəsində ödəniş kimi əsasən dollardan istifadə edildiyi çəkdi. Relitorlar bunun sırf ev sahiblərinin istəklərinə uyğun tətbiq olunduğunu söylədilər. Nəzərə alsaq ki, ölkədə işlək valyuta manatdır, kirayə haqqının müqavilələrdə hansı valyuta ilə göstərildiyi maraq doğurur. Uzun çək-çevirdən sonra məlum oldu ki, müqavilə çox az halda bağlanır. Tərəflər şifahi razılığa gəlirlər.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin mütəxəssisi Vusal Məstəliyev müqavilələrdə valyuta kimi manat göstərildiyini dedi. Bildirdi ki, rəsmi işlək valyuta manatdır: “Müqavilə heç vaxt dollarla bağlana bilməz. Bu, qanuna ziddir”. O ki qaldı bazarda bütün kirayələrin rəsmiləşdirilməsinə, mütəxəssis qanunlara riayət edən vətəndaşların müqavilə bağladıqlarını dedi.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR