Rusiyada ÜDM azaldı, İspaniyada işsizliyin səviyyəsi artdı, “Apple Watch” satışa çıxarıldı - HESABAT
Bizi izləyin

Ekopublika.az

Rusiyada ÜDM azaldı, İspaniyada işsizliyin səviyyəsi artdı, “Apple Watch” satışa çıxarıldı - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı əmtəə bazarlarında neftin gah bahalaşmasını, gah da ucuzlaşmasını müşahidə etdi. Nəhayət, həftənin sonuna doğru Brent tipli “qara qızıl” 65 dollarda sabitləşdi. Daha bir önəmli hadisə isə "Qazprom”un rəhbəri Aleksey Millerin Yunanıstanda səfərdə olmasıdır. Enerji mövzusunun gündəmə gətirilmədiyi deyilsə də, "Türk Axını" təbii qaz boru xətti danışıqların pioriteti kimi irəli sürüldü. Ən nəhayət, Millerin gizlətməsinə baxmayaraq, Afina rəhbərliyi açıq şəkildə dedi ki, Yunanıstanın təcili pula ehtiyacı var. Və bu pul haradan gəlirsə gəlsin, qəbul ediləcək. İş dünyasına gəlincə, Amerikanın ağıllı telefon nəhəngi “Apple“ nəhayət, “Apple Watch”u satışa çıxardı. 38 fərqli modeldə olan cihazın satışının rekord vuracağı gözlənilir.

Başlayaq elə Rusiyadan. Ölkədə maliyyə böhranı getdikcə dərinləşir. Xarici sanksiyalardan və xam neft qiymətinin ucuzlaşmasından ağır təsirlənən Rusiyada ümumi daxili məhsul istehsalı 2 faiz azalıb. Baş nazir Dimitri Medvedevin açıqladığı bu nisbət ölkə iqtisadiyyatının 2009-cu il böhranından bəri ilk dəfə azalması deməkdir. Yeri gəlmişkən, o, inflyasiyanın yüksəlməsinin gəlir səviyyəsinə ağır təsir etdiyini və iqtisadi fəaliyyətin aşağı düşdüyünü də vurğulayıb.

Bu arada Avropa Birliyi (AB) ilə Rusiya arasındakı əlaqələr də hər keçən gün gərginləşir. AB-nın müvafiq Komissiyası “Qazprom”u Şərqi Avropadakı hakim gücündən sui-istifadə etməkdə günahlandırır. Brüselin 2012-ci ildə başlatdığı istintaqın nəticələrinə görə, “Qazprom” bəzi ölkələrə təbii qazı yüksək qiymətə satıb. Ukrayna kimi ölkələrin isə həmin qazı qonşularına satmasına maneə törədib. AB-nin rəqabət komissarı Margreze Vestager deyib ki, "Qazprom” 5 ölkəyə yüksək qiymətə qaz satıb. Bu ölkələr Estonya, Latviya, Litva, Polşa və Bolqarıstandır”.

Xatırladaq ki, 2013-cü ildə Avropa Birliyinin enerji ehtiyacının 39 faizini Rusiya ödəyib. Bu nisbət son dövrdə sürətlə düşür.

Avropa ölkələrinin işsizlik problemi bitmək bilmir. İspaniyada iş tapanların sayının artması işsiz ordusunu kiçiltməyib. Qlobal maliyyə böhranından ağır təsirlənən ölkədə ilin ilk rübündə işsizlik nisbəti 23,8 faizə çatıb. Bu yüksəlişə səbəb əhalinin iş tapmaması deyil, işdən çıxarmaların çoxalmasıdır. Milli Statistik İnstitutundan verilən məlumatlara görə, son rübdə iş tapanların sayı 13 min 100 nəfərə çatıb. Lakin eyni dövrdə iqtisadiyyatda aktiv əhalinin sayı 127.400 nəfər azalıb. Nəticədə işsizlər ordusu böyüyüb.

Yunanıstanda sular durulmur. Nağd pula ehtiyacı olan ölkə kəməri sıxdığca-sıxır. Bələdiyyələrin bank hesabları dondurulub. Onlara aid nağd ödənişlərin Mərkəzi Banka köçürüləcəyi açıqlanıb.Düzdür, bələdiyyələr bunu sakit qarşılamayıblar. Uzun davamlı tətil təhdidləri gündəmə gəlib. Ancaq hökumətin kassasında qalan cüzi məbləğ qərarın ləğv edilməcəyini göstərir. Avropa Mərkəz Bankı (AMB) isə nəhayət, yunan banklarına yardım əlini uzatmağı qərara aldı. Əslində AMB-nin banklara təmin etdiyi təcili likvidit dəstəyi Afinanın maliyyə çöküşünə mane olmaq məqsədi daşıyır.

İş dünyası

Braziliyanın neft nəhəngi “Petrobras” ilə bağlı sui-istifadə qalmaqalı şirkətə baha başa gəlib. Belə ki, neft şirkəti 2 milyard dollar cəza ödəyəcək. İtirdiyi etibarı yenidən qazanmağa çalışan şirkət nəzarət edilmiş maliyyə nəticələrini açıqlayıb. Ortaya 7 milyard dollarlıq zərər çıxıb. Bunun üçdə biri sui-istifadələrdən qaynaqlanıb. Nəzərə çatdıraq ki, “Petrobras” Braziliyadakı borc verənlər, səhmdarlar və sərmayəçilərlə əlaqələrini normallaşdırdığını açıqlayıb. Hazlrda sui-istifadə, tenderlərə müdaxilədə və rüşvət almaqda günahlandırılanlar arasında şirkətin köhnə idarəçiləri, senatorlar və 22 millət vəkili var. Onlar həbsdədirlər.

Deyirəm, neftin ucuzlaşması ilə bazarlarda başlayan böhran hətta “Facebook”u da vurub. Sosial şəbəkə son iki ilin ən aşağı gəlir artımına imza atıb. İlin ilk rübünə aid maliyyə nəticələrindəki bu yavaşlamanın səbəbi Ar-Ge işlərinə ayrılan payın atırılması olub. Aktiv istifadəçi sayını artıran şəbəkəni son bir ayda 1 milyard 440 milyon adam ziyarət edib. Bu istifadəçilərin 87 faizi “Facebook”a giriş üçün cib telefonundan istifadə edib.

2014-cü ildə gəlirinin 93 faizini reklamlardan əldə edən “Facebook” 2013-cü ilin son rübünə nisbətdə ötən il gəlirlərini 53 faiz artırıb.

Son illərdə rəqabət gücünü itirən “Tesco” isə rekord zərərə imza atıb. Türkiyədə “Kipa” marketlər zəncirinin sahibi ingilis pərakəndə şirkəti təxminən 8,9 milyard avro zərərə düşdüyünü açıqlayıb. Səbəb də müştərilərin azalmasıdır. Keçən il yaşanan mühasibat skandalı və rəqabət şərtləriylə bacara bilməyən şirkətin dəqiq borcu 1,9 milyard sterlinq artaraq 8,5 milyard sterlinqə çatıb.

Azərbaycan

Avropada, qonşularda iqtisadi vəziyyətin pisləşməsinə baxmayaraq, bizdə hər şey “ok” dir. Sadəcə, SOCAR qaz hasilatını 15%-ə yaxın, neft hasilatını 3%-dən çox azaldıb. Əslində hər iki məhsulun dünya bazarında qiyməti düşdüyü şəraitdə hasilatı saxlamağın mənası da yox idi. Azalan təkcə neft, qaz hasilatı deyil. Dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmində də azalma baş verib. Bu da yaxşıdır. Əhalinin borcu azalır.

Kreditlərdən söz düşmüşkən, ölkədə əhalinin 53 faizi bank müştərisidir. Banklarımız da pis işləmir. Bu ilin əvvəlindən iqtisadiyyata kredit qoyuluşu 20697,2 milyon manat olub. 7438,7 milyon manat kredit dövlət bankları tərəfindən verilib. Bunun da kredit portfelində xüsusi çəkisi 35,9 faiz təşkil edib. Özəl banklar tərəfindən 12699,1 milyon manat kredit verilib. Kredit portfelində xüsusi çəkisi 61,4 faiz olub. Qeyri-bank təşkilatları isə 559,5 milyon manat kredit verib. Verilən kreditlərin strukturunda ev təsərrüffatlarına verilmiş kreditlərin payı 43 faiz təşkil edib. Bununla da banklar daha çox istehlak kreditinə həvəs göstəriblər.

Həftənin daha bir diqqətçəkən hadisəsi “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklərin edilməsi barədə qanun layihəsinin müzakirəsi oldu. MB sədrinin birinci müavini Alim Quliyev dedi ki, Mərkəzi Bankın kapital çatışmazlığı yarandığı təqdirdə bunun ödənişi dövlətin buraxdığı qiymətli kağızlar hesabına reallaşdırılacaq. Onun sözlərinə görə, bu qanun layihəsinə dəyişiklər əsas etibarilə Mərkəzi Bankın kapitalının formalaşması və kapital çatışmazlığı olduqda onun ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir: “Mövcud qanunvericilikdə "Mərkəzi Bankın kapitalının onun nizamnamə kapitalı və kapital ehtiyatlarından formalaşdırılması tələbi irəli sürülüb və kapital ehtiyatlarının normativi tədavüldə olan nağd pul kütləsinin 15%-i miqdarında müəyyən edilir" müddəası var. Təqdim olunan dəyişikliklərdə bu normativ ləğv olunur və Mərkəzi Bankın kapital ehtiyatlarının minimum həddi onun nizamnamə kapitalından az olmamaq şərti ilə müəyyən olunur. Bu normativin ləğv olunması kapital ehtiyatlarının formalaşdırılmasında bir növ Mərkəzi Banka müstəqillik verir. Qanunun 22-ci maddəsində Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərində kapital ehtiyatlarının formalaşdırılması və istifadəsi qaydalarının müəyyən edilməsi Mərkəzi Banklın İdarə heyətinin səlahiyyətlərinə aid olduğundan bu normativin müəyyənləşdirilməsi də Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərinə verilir”.

A.Quliyev bildirib ki, qanun layihəsində təqdim olunan ən mühüm dəyişiklik Mərkəzi Bankın kapital çatışmazlığı yarandığı təqdirdə onun ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır.

Yeri gəlmişkən, MB rəsmisinin manatın məzənnəsi haqqında dediklərini də diqqətdən qaçırmaq olmaz. A.Quliyev deyib ki, neftin qiyməti sabitləşərsə, manatda ciddi devalvasiya gözlənilmir. MB rəsmisinin sözlərinə görə, dollar-avro münasibətləri manatın məzənnəsinə təsir edir. Bununla belə, neftin qiyməti tədricən sabitləşdikcə, manatın ciddi devalvasiyası gözlənilmir. Ümumiyyətlə, Mərkəzi Bank mövcud ehtiyatlarını bu məsələnin həllinə yönəldəcək.

Məndən bu qədər. Hər kəsə uğurlu həftəsonu tətili.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm