Konstitusiya Məhkəməsi kredit qərarını yaxın günlərdə açıqlayacaq (YENİLƏNİB)
Bizi izləyin

Ekopublika.az

Konstitusiya Məhkəməsi kredit qərarını yaxın günlərdə açıqlayacaq (YENİLƏNİB)

Konstitusiya Məhkəməsinin bugünkü iclasında Mülki Məcəllənin 439.1, 439.2, 439.7-ci maddələrinin şərh olunması ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) sorğusuna və Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb.

Publika.az xəbər verir ki, iclasda tərəflər qismində Ombudsman Aparatının nümayəndəsi Mahir Məmmədov, Göyçay rayon məhkəməsinin hakimi Elxan Babayev, ekspert qismində BDU-nun dosenti Azad Talıbov, Ali Məhkəmənin hakimi İlqar Dəmirov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov, Milli Məclisin şöbə müdiri Rövşən Muradov iştirak ediblər.

Ombudsman Aparatının sektor müdiri Mahir Məmmədov çıxış edərək bildirib ki, Mülki Məcəllənin 439.1 və 439.7-ci maddələri ilə Konstitusiyanın 19-cu maddəsi arasında ziddiyyət var. Belə ki, Konsitutusiyanın 19-cu maddəsində ödəniş valyutası kimi Azərbaycan manatı göstərilib. Mülki Məcəllədə isə qeyd olunub ki, tərəflərdən biri xarici hüquqi və yaxud fiziki şəxsdirsə, ödəniş xarici valyuta ilə də aparıla bilər.

Göyçay Rayon Məhkəməsinin hakimi Elxan Babayev “ATABank” la kreditor arasında yaranan məhkəmə predmetindən söz açıb. Bildirib ki, bank 2013-cü ildə Seymur Osmanov və onun ailə üzvlərinə 25 min manat kredit ayırıb və krediti ABŞ dolları ilə verib: “Kredit müqaviləsində valyutanın məzənnəsinin dəyişməsi halında öhdəliyin kimin üzərinə düşməsi göstərilməyib. Devalvasiyadan sonra tərəflər arasında narazılıq yaranıb və onlar məhkəməyə müraciət ediblər”.

Ekspert qismində çıxış edən Bakı Dövlət Universitetinin dosenti Azad Talıbov, Ali Məhkəmənin hakimi İlqar Dəmirov və Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov çıxış ediblər. Çıxışçılar müqavilələrdə kreditin ödəniş kimi göstərilməsinə aydınlıq gətirməyə çalışıblar. Məlum olub ki, kredit müqavilələrində borcalana verilən pul ödənilən məbləğ, aylıq banka qaytarılan faizlər isə ödəniş məbləğləri kimi göstərilir. Bu halda da xarici valyuta ilə kreditlərin verilməsi Konsitutsiyaya ziddir. Çünki ölkə ərazisində ödəniş vasitəsi kimi yeganə valyuta olaraq manat təsdiqlənib.

İclasda çıxış edən Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucov daha çox bankların vəziyyətinə diqqət çəkib. Deyib ki, son bir neçə ayda banklarda dollarla əmanətlərin həcmi artıb. Əvvəl bu rəqəm 37 faiz idisə, hazırda 65 faiz təşkil edir. Eləcə də bankların əhali qarşısında manatla öhdəliklərinin həcmi artaraq 800 milyona çatıb. Dünya praktikasına və yerli qanunvericiliyə əsasən, müştərilər vəsaitlərini istədikləri valyuta ilə banklara yerləşdirə bilirlər. Bu, banklar üçün risk yaradır. Banklar bu riskləri önləmək üçün krediti hansı valyuta ilə vermələrini müstəqil şəkildə müəyyən edirlər”.

Bankların iqtisadiyyatdakı roluna toxunan MB nümayəndəsi böhran dövrlərində hökumətlərin banklara maliyyə yardımlarından danışıb. Deyib ki, bəzi ölkələrdə bu rəqəm ümumi daxili məhsulun 10 faizi, bəzilərində hətta 86 faizi həcmində olub.

O, məhkəmə heyətini qərarında diqqətli olmağa çağırıb. Bildirib ki, banklardan borc alanlar borcu olduğu kimi qaytarmalıdırlar. Bunun əksinə verilən qərar banklar üçün risk yarada bilər: “Bankların xarici öhdəlikləri var. Onların kapitallarının zəifləməsi şəraitində xarici kreditorlar borclarını geri tələb edə bilərlər. Bu da sektor üçün böyük risk olar”.

Milli Məclisin şöbə müdiri Rövşən Muradov isə bildirib ki, indiyə qədər vətəndaşlar dollarla 500 milyona qədər əməliyyat aparıblar. Eləcə də banklar faizlərini qaldırıb, manatla kreditləri dayandırıblar.

Ekspertlərin və tərəflərin fikirləri dinləniləndən sonra məhkəmə prosesi başa çatıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, yaxın günlərdə məsələ ilə bağlı qərar qəbul ediləcək və ictimaiyyətə elan olunacaq.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm