• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Yanan evlər və açılmayan sığorta qapıları - ARAŞDIRMA

Yanan evlər və açılmayan sığorta qapıları - ARAŞDIRMA

“Evimi ipoteka krediti ilə almışdım. Yanğından sonra bir divarlar qalıb. Sığorta şirkətinə müraciət etdim gəldilər, çəkiliş apardılar, mənzilin vəziyyətini aktlaşdırdılar. Qiymətləndirmə şirkətinin rəyi və FHN-nin müvafiq sənədləri təqdim etməsindən sonra sığorta şirkəti öhdəliyini icra edəcək”.

Bunu bizimlə söhbətində Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yanan çoxmərtəbəli binanın sakinlərindən biri dedi. Öyrəndik ki, evi ipoteka ilə aldığından qaydalara uyğun olaraq həyatı eləcə də mənzili sığortalanıbmış. Amma demək olmaz ki qəhrəmanımız bunu könüllü, şüurlu şəkildə edib. Sadəcə ipoteka krediti almaq üçün mənzilin və həyatın sığortalanması İpoteka Fondu tərəfindən tələb kimi irəli sürülür. Yəni kredit alınan zaman fonda müvəkkil olan 21 sığorta şirkəti sığorta xidmətini təklif edir. İpoteka predmetinin sığortasının orta məbləği isə 0,3% – 0,4% olur. İpoteka predmetinin qiymətləndirilməsi zamanı sığorta məbləği 1-4 otaqlı mənzillər üzrə 100-120 manat, çox otaqlı mənzillər üzrə 120-150 manat, fərdi yaşayış evi üzrə sığorta məbləği 120-150 manat təşkil edir. Lakin sözümüz bu deyil. Çünki 2006-cı ildən bu tərəfə ipoteka krediti ilə cəmi 16 318 ev alınıb. Amma ölkədə minlərlə daşınmaz əmlak sahibi var ki, əmlakını sığorta etdirməyib. Ümumiyyətlə həmin mənzillərin sahiblərinin sığorta haqqında anlayışları belə yoxdur.

Daşınmaz əmlak niyə sığorta olunur?

Hazırda respublikada daşınmaz əmlakın sığortası 2 şəkildə həyata keçirilir- icbari və könüllü. Könüllü sığorta bazarı demək olar ki, yox vəziyyətindədir. Daşınmaz əmlak bazarının icbari sığortasına gəlincə, prosesi reallaşdıran 15 sığorta şirkətinin də qaz vurub qazan doldurduğunu söyləmək olmur. Çünki bu gun mənzillərin cəmi 25 faizi icbari sığortalanıb.

Qeyd edək ki, “İcbari sığortalar haqqında” qanuna görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.Bakı şəhərində sığorta məbləği 25 min manat, azad olma məbləği 250 manat, icbari sığorta haqqı 50 manatdır.

Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində sığorta məbləği 20 min, azad olma 200, icbari sığorta haqqı 40, digər yaşayış məntəqələrində sığorta məbləği 15.000, azad olma 150, icbari sığorta haqqı 30 manat təşkil edir. Hazırda daşınmaz əmlakın icbari sığortasına nəzarət prosesi yerli icra hakimiyyətlərinə həvalə edilib.

Yerli icra hakimiyyətlərinin isə bu məsələyə təsir imkanları və rıçaqları yoxdur. Çünki əmlakla bağlı əməliyyatlar (alqı-satqı, girov qoyma və s.) onların səlahiyyətlərindən kənardadır. Nəticədə, hələlik daşınmaz əmlakın icbari sığortasına yeganə nəzarət notariat kontorları vasitəsilə həyata keçirilir. Belə ki, daşınmaz əmlakın alqı-satqısı, girov qoyulması və ya icarəyə verilməsinin rəsmiləşdirilməsi zamanı notariusa evin icbari sığorta olunması barədə sənəd də təqdim etmək tələb edilir. Bu da o deməkdir ki, evlə əməliyyat aparmayanlar əmlaklarını sığorta etdirməyə həvəs göstərmirlər.

Daşınmaz əmlakın sığortası müqavilələrinin sayında 56% azalma baş verib.

İcbari Sığorta Bürosundan verilən xəbərə görə, 2015-ci ilin aprel ayında daşınmaz əmlakın icbari sığortası üzrə 10,963 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,529,378 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 56% azalma baş verib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 70,25%-i yaşayış evləri və mənzillər, 0,38%-i inzibati binalar, 29,37%-i isə digər daşınmaz əmlakla bağlı olub.

“Sığorta şirkətlərinə isə qapı açan yoxdur”

Mövzü ətrafında söhbət etdiyimiz sığorta sahəsi üzrə ekspert Xəyal Məmmədxanlı deyir ki, daşınmaz əmlakın icbari sığortası həm hüquqi şəxslərin əmlakına, həm də fiziki şəxlərin əmlakına (mənzillərinə) şamil edilir:”Hüquqi şəxslər üzərində nəzarət mexanizmi (FHN) olduğu üçün onların əksəriyyəti sığortalanır. Fiziki şəxslərdə, vətəndaşlarda isə belə bir mexanizm mövcud deyil. Yəni vətəndaşdan evin sığortadıb-sığortalatmadığını soruşan yoxdur. Yalnız ev alqı-satqısı zamanı notariat kontorlarında sığorta tələb olunur. O da hər zaman yox.

Könüllü sığortaya gəlincə, bu sığorta növü həmişə olub. Lakin, qanunda yazılır ki, icbari sığorta könüllü sığortanın mövcudluğundan asılı olmayaraq reallaşdırılmalıdır”.

Mütəxəssisin sözlərinə görə, icbari sığorta ilə bağlı nəzarət, məcburetmə mexanizmi yoxdu: “Məsələn, vətəndaş ipoteka krediti ilə ev alarkən mənzil məcburi sığortalanır. Sığorta hadisəsi baş verdikdə sığorta şirkəti öhdəliyini icra edir. Sadəcə bu ödənişlər ümumi hesabatlarda yer almır, fonda olur.

O ki qaldı mənzillərin sığortası üçün hansı addımların atılmasına, X.Məmmədxanlı deyir ki, MİS- lərin yararsız fəaliyyəti və artıq fəlaiyyətlərini dayandırmaları mənzillərlə əlaqədar mərkəzi qurumun olmamasına gətirib çıxarıb. Kimsə qapı-qapı gəzib mənzilin sığortalanıb yaxud sığortalanmadığını soruşmaq istəmir. Sığorta şirkətlərinə isə qapı açan yoxdur . Bu əslində istək və sistem məsələsidir. Məsələn, Naxçıvanda vəziyyət fərqlidir. Əksər evlər, mənzillər sığortalanıb. Bakıda və digər regionlarda isə yox. Ümumiyyətlə Naxçıvanda qanunun tələblərinə ciddi əməl olunur. Qanunda nə varsa olmalıdır. Nəzarət də ciddidir”.

Şirkətlər insanları aldadır

İqtisadçı-ekspert Vüqar Bayramov da başlıca günahı nəzarət mexanizminin olmamasında görür. Onun sözlərinə görə, avtomobillərin icbarı sığortası zamanı sığortası olmayanlara xüsusi cərimələr müəyyən edilir: “Əmlakın icbarı sığortasında nəzarət mexanizmi əsas məsələlərdən biridir. Problemin başqa tərəfi sığortaya olan inam aşağı səviyyədədir. Bu da sığorta şirkətlərinin bəzilərinin öhədliklərinə əməl etməməsindən irəli gəlir. Hansı ki, bu sığorta şirkətləri ilə bağlı inamsızlıq yaradıb”.

Ekspert deyir ki, rayonlarda əhalinin ödəmə qabiliyyətinin aşağı olması da əmlakın icbari sığortasına təsir edir. Onun fikrincə, bu sahədə islahatlara ehtiyac var: “Əmlakın icbarı sığortası olmadan ev alqı-satqısı qadağandır. Bu siyahı genişləndirilməlidir. Əhalindən bir sıra xidmətlərdən istifadə edərkən əmlakın icbari sığortası tələb olunmalıdır. Eyni zamanda sığorta şirkətlərinin öz öhdəliklərinə ciddi yanaşmaları da vacibdir. Şirkətlərə qarşı ciddi cəzalar tətbiq edilməlidir”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR