Yeni qaydalar kənd təsərrüfatı torpaqlarının dəyərinə necə təsir edəcək? - AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

Yeni qaydalar kənd təsərrüfatı torpaqlarının dəyərinə necə təsir edəcək? - AÇIQLAMA

Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin istifadə olunmamasına görə torpaq sahibi cəzalandırılacaq.

Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüququ yarandıqdan sonra həmin torpaq sahələrinin ardıcıl iki il müddətində istifadəsiz qalmasına yol verilməməlidir. Kənd təsərrüfatı naziri Heydər Əsədovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi Torpaq Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri nəzərdə tutan təkliflərini Nazirlər Kabinetinə təqdim edib: “Bir ildən sonra istifadə edilməyən yararlı kənd təsərrüfatı torpaqlarına cərimələrin tətbiqi nəzərdə tutulur. Cərimələri ödəməyən torpaq sahiblərinin əmlakının müsadirə edilməsi nəzərdə tutulur. Bu, Avropa ölkələrində olan bir qaydadır. Biz də hökumətə bununla bağlı təklif vermişik. Təkliflərimiz qəbul edilərsə, onun tətbiqi həyata keçiriləcək”.

Tətbiq ediləcək yeni mexanizmlə bağlı Publika.az-a danışan “Value and Sources” konsaltinq şirkətinin eksperti Rəşad Əliyev bildirir ki, bu daşınmaz əmlak bazarının bir seqmenti hesab edilən torpaq bazarına təsir edəcək: “Torpaq bazarının özü bir neçə seqmentdən ibarətdir, onlardan biri də kənd təsərrüfatı torpaqları bazarıdır. İlkin dövrdə artıq məlumdur ki, kənd təsərrüfatı torpaqlarının artıq investisiya aləti kimi mövqeyi zəifləyəcək. Çünki bir sıra hallarda bu cür torpaqlar alınıb istifadəsiz saxlanılırdı. Bunun səbəbi gələcəkdə bu torpaqları baha qiymətə satmaq, uzunmüddətli perspektivdə təyinatını dəyişdirmək (məsələn məskunlaşma zonalarına yaxın ərazilərdə çoxlu sayda kənd təsərrüfatı təyinatlı torpaqlar var ki, onlar sonradan təyinatını dəyişdirmək üçün alınıb) və ya nə vaxtsa gələcəkdə (4-5 ildən sonra) kənd təsərrüfatı təyinatları üçün istifadə etmək üçün alınırdı. Bu isə son nəticədə kənd təsərrüfatı torpaqlarının iqtisadiyyat üçün səmərəsiz qalması ilə yanaşı bəzi hallarda qiymət artımına səbəb olurdu”.

Ekspertin sözlərinə görə, yeni qaydalar təsdiq olunandan sonra mülkiyyətçilərdə artıq kənd təsərrüfatı torpaqlarından məcburi qaydada istifadə öhdəliyi yaranacaq. Bu gələcəkdə spekulyativ əsaslarla torpaq alınmasının əlverişliyini azaldacaq: “Hazırda mülkiyyətində olan torpağı istifadə etməyənlər isə vəziyyətdən çıxış yolları axtaracaqlar. Çıxış yollarından biridə onların satılması ola bilər. Buna görə də kənd təsərrüfatı torpaqlarının qiymətində azalmanın müşahidə edilməsi istisna deyil, bu isə müvəqqəti ola bilər. Belə olsa, bunun kənd təsərrüfatı üçün müsbət təsirləri olacaq. Ən əsası ona görə ki, faktiki olaraq kənd təsərrüfatı ilə məşğul olanlar bu torpaqları ucuz qiymətə əldə edib istehsal fəaliyyətlərini genişləndirəcəklər. Digər tərəfdən isə bu hal bazara daxil olan yeni oyunçuların investisiya xərclərini azaldacaq. Qeyd etmək istəyirik ki, dünya bazarında enerjidaşıyıcılarının qiymətlərinin azalması, ölkəni qeyri-neft sektoruna, xüsusən də kənd təsərrüfatına diqqəti daha da artırmağa məcbur edir. Qanundakı bu dəyişikliklər məhz bu məqsədi güdür. Kənd təsərrüfatının inkişafı kənd təsərrüfatı torpaqlarına tələbatı artıracaq. Bu isə uzunmüddətli perspektivdə kənd təsərrüfatı torpaqlarının qiymətlərinin bir müddətdən sonra artıra bilər. Təklif edilən dəyişikliklərdə həlledici məqam isə cəzalandırma mexanizmlərinin hansı formada olacağıdır. Çünki qanunun bazara təsiri məhz bundan asılı olacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm