24 əyarlı qızıl, Svarovski qaşlar, iki təkər, 500 min dollar – Velosipedin nəfəs kəsən qiyməti - FOTOREPORTAJ
Bizi izləyin

Ekopublika.az

24 əyarlı qızıl, Svarovski qaşlar, iki təkər, 500 min dollar – Velosipedin nəfəs kəsən qiyməti - FOTOREPORTAJ

24 əyarlı qızılla örtülən, 600 "Svarovski" bülluru ilə bəzədilmiş velosipedə nə qədər pul sayardınız? 1000-2000 manat? Yoxsa istehsalçının biçdiyi dəyəri - 100 min dolları tərəddüd etmədən, sorğu-sualsız ödəyərdiniz?

Çətin sualdır. Çünki Azərbaycanda son illər velosiped istifadəçilərinin sayı artsa da, velosiped hələ də nəqliyyat vasitəsi kimi ciddi qəbul edilmir. Ətrafımızda işə, yaxud alış-verişə, görüşə velosipedlə gedən barmaqla sayılacaq qədər də dost-tanış yoxdur. Bizdə velosipeddən ən yaxşı halda əzələlərin möhkəmlənməsini təmin etmək, yaxud kilo vermək üçün istifadə edilir.

Səbəb nədir? Publika.az bu yöndə suallara aydınlıq gətirməyə çalışıb.

Maşından çox velosiped satılır

Əvvəlcə velosipedin nəqliyyatın ən əlverişli və çox istifadə olunan növünə çevrildiyi ölkələrin təcrübəsindən danışaq. Avropa ölkələrinin əksəriyyətində velosiped istifadəçilərinin sayı sərnişin nəqliyyatı istifadəçilərindən çoxdur. Son rəqəmlərə əsasən, 2012-ci ildə 28 Avropa ölkəsindən 26-da avtomobildən çox velosiped satılıb. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, İtaliyada İkinci Dünya müharibəsindən sonra velosipedlərin satışı çoxalıb. Hətta 2012 -ci ildə İtaliyada 1,6 milyon velosiped və yalnız 1,4 milyon maşın satılıb.

İspaniyanın paytaxtı Madriddə ümumi uzunluğu 10 km olan velosiped zolağı - "yaşıl rinq" yaradılması planlaşdırılıb.

London ekspertlərinin verdiyi məlumatlara əsasən, son 10 il ərzində velosiped istifadəçilərinin sayı 66% artaraq 500 minə çatıb.

Azərbaycanda belə statistika yoxdur. Amma son illər velosiped alanların sayı artıb.

Velosipedi kimlər alır?

Sual ətrafında paytaxtın məşhur dükanlarından birinin meneceri ilə söhbət etdik. Məlum oldu ki, alıcıları əsasən yetkin insanlardır: “Velosiped uşaqların əyləncə vasitəsi olmaqdan çıxıb. Lakin insanlar hələ də velosipedi ciddi qəbul edib yaxşı pul ödəməkdən uzaqdırlar”.

Qiymətlərlə bizi tanış edən menecer bildirdi ki, dükanda böyüklər üçün velosipedlərin dəyəri 400 manatdan başlayaraq 6000 manata qədər yüksəlir. Azyaşlıların velosipedlərinin qiyməti 300 manatdan start götürür: “Daha çox 1000 manata qədər olan velosipedlərimiz satılır. Ən pullu müştəri də velosipedə 1000 manatdan artıq pul saymaq istəmir. Məsələn, dükanda 2015-ci il “Trek Remedy 9.8 27.5” modeli var. Qiyməti isə 5.830 dollardır. Alıcısı yoxdur. Sadəcə vitirində dayanır. Heç kəs bu modellə maraqlanmayıb. Cibə münasib velosipedlərə gəlincə, “Trek 3700D” modeli var, 479 manat təşkil edir. Modelin Alpha Silver Alüminium çərçivəsi, 24 sürəti, suntour amortizasiya sistemi və hidravlik əyləcləri var. Bundan əlavə, 429 manata “Trek Marlin 5” təklif edirik. 29-luq təkər Alpha Silver Alüminium çərçivə, 21 sürət, suntour amortizasiya sistemi, mexaniki disk əyləclərə sahibdir. “Trek Marlin 7”nin qiyməti isə 549 manatdır. Model 29-luq təkər, Alpha Silver Alüminium çərçivə, 27 sürət, suntour amortizasiya sistemi, hidravlik disk əyləclərə sahibdir. “Trek X-Caliber 7” də mükəmməl vasitəsidr. Qiyməti 699 manat təşkil edir. Velosipedin sahib olduğu texniki göstəricilərə gəlincə, 29-luq təkər, Alpha Gold Alüminium çərçivə, 27 sürət, RockShox amortizasiya sistemi, hidravlik disk əyləci var”.

Məlum olur ki, dükan “Trek” modellərin satışına bu ildən başlayıb. Azyaşlılar üçün nəzərdə tutulan “Trek Mystic 16” modelinin qiyməti 239 manatdan başlayır. Menecerin sözlərinə görə, əsasən Almaniya və Amerika istehsalı olan velosipedlərin satışına üstünlük verirlər: “Bəzi adamlar velosipedi əyləncə üçün, bəziləri isə peşəkar olmaq ehtirası üçün sürür. İkincilər hər şeydə yüksək keyfiyyət axtarırlar. Amma bu belə onlara cibləri ilə kompromisə getməyə imkan vermir”.

Öyrəndik ki, bahalı velosipedlərə müəyyən müddət servis xidməti də göstərilir.

Dayanacaqda, yoxsa seyfdə saxlanılan velosipedlər?

Onu da qeyd edək ki, 2014-cü ilin nəticələrinə görə, dünyada fantastik qiymətə velosiped də satılıb. Bu, “Trek Butterfly Madone” modelidir. Onun dəyəri 500 000 dollar təşkil edir.

Digər bahalı 9 velosipedin qiyməti də boğazları qurudur. Bunlar “Litespeed Blade bike” – 40 788 dollar,” Electric Assist bicycle by e-Rocket” – 44 000 dollar, “Montante Luxury Gold Collection” – 46 000 dollar, “Rare Tiffany & Co. Silver Mounted Lady`s Bicycle”- 50 000 – 70 000 dollar, “Chrome Hearts x Cervelo” – 60 000 dollar, “Trek Madone 7” - Diamond – 75 000 dollar, “Aurumania Crystal Edition Gold Bike” – 114 400 dollar, KAWS – Trek Madone - 160 000 dollar, “Trek Yoshitomo Nara” 200 000 dollar təşkil edib. Doğrusu, bu velosipedləri alanların onları seyfdə, yoxsa dayanacaqda saxladıqlarını deyə bilmərik. Amma o bəllidir ki, iki il əvvəl "Aurumania" şirkətinin hazırladığı velosipedi 87 min dollara alan London milyonçularından biri onu evinin divarından asıb.

"Online" satış

Bazarda apardığımız müşahidələr göstərdi ki, velosipedlərin ikinci əl satışı bazarı daha rentabellidir. Əsasən “online” aparılan bu alqı-satqı əməliyyatları zamanı hətta 150 dollara da velosiped tapmaq mümkündür. Həmin velosipedin texniki baxımdan hansı vəziyyətdə olmasına isə zəmanəti artıq satıcının özü şifahi verir. Doğrusu, bu bazarı həm də “qara bazar” adlandırmaq olar.

Banklarla partnyorluq

Ölkədə kreditlə satışın geniş yayıldığı zamanda velosiped satışı bazarında hissə-hissə ödəniş az yayılıb. Velosiped dükanları ildə bir neçə dəfə endirim edir. Bu zaman müştəriyə borcunu taksit kartla ödəmək imkanı yaradılır.

Söhbət etdiyimiz satıcılar bunu dövriyyələrinin elə də yüksək olmaması ilə əlaqələndirdilər. Dediklərinə görə, hazırkı şəraitdə banklarla partnyorluq büdcələrinə uyğun deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm