Bakıda obyektlərin qiyməti ucuzlaşıb
Bizi izləyin

Ekopublika.az

Bakıda obyektlərin qiyməti ucuzlaşıb

“May ayı ərzində qeyri-yaşayış sahələri bazarında aprel ayı ilə müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin azalması baş verib”.

Bunu Publika.az-a açıqlamasında “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov deyib. O qeyd edib ki, buna da əsas səbəb kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin aşağı düşməsi olub: “Ümumilikdə may ayı ərzində qiymətlərin azalması ilə yanaşı ümumi satış portfelində təkliflərin sayının da azalması baş verib. Ötən ayda olduğu kimi bu ay da, kommersiya obyektləri üçün daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayı azlıq təşkil edib. Nəticə etibarı ilə bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikasında ötən aya nisbətən azalma baş verib. Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan qеyri-yaşayış sahələri fərdi tikililər, yeni inşa еdilən binaların 1-2-ci mərtəbələri və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillər olub. Bazara çıxarılan obyektlərin sayı ay ərzində -11.5% azalaraq 177 ədəddən 156 ədədə düşüb”.

N.İbrahimovun sözlərinə görə, satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 38.0%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 28.3% və 15.2% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 10.9%-nə malikdir. Zirzəmi təyinatlı obyektlər ümumi payın 7.6% -ni təşkil edir: “Qeyri-yaşayış obyektlərinin orta sahəsi mart ayı üçün 146.47 kv.m təşkil edib. Bu da öz növbəsində ötən aya nisbətən -24.6% azalıb. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində “restoran” təyinatlı xidmət sahəsi qeydə alınıb- 900 kv.m. Ən az sahə isə Xətai rayonunda, “Xətai” m/st yaxınlığında 19 kv.m sahəyə malik olan “avto yuma” məntəqəsidir”.

Qiymətlərə gəlincə, ekspert bildirir ki, may ayı ərzində Bakı şəhəri üzrə kommеrsiya məqsədilə istifadə еdilən əmlakın orta satış və icarə qiymətlərində müvafiq olaraq -0.14% və -0.72% azalıb: “. Bazarda qiymətlərin və tələbin qeyri-stabil olması ekspozisiya müddətinin artımına təsir göstərib. . Ekspozisiya müddəti 199 gündən artaraq 216 gün bəndində qərarlaşıb. Ötən illə müqayisədə Bakı şəhəri üzrə qiymət indеksində azalma -22.0% baş verib, Ötən ayla müqayisədə isə qiymət indеksində azalma -5.5% olub. Bakı şəhəri üzrə 1 kv.m qеyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) apreldə qеydə alınan 3618 ABŞ dollarından 3418 dollara enib.

Aparılan araşdırmalara əsasən qiymət azalması ötən ayla müqayisədə -5.53% təşkil еdib. Qеyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq ayında qеydə alınmış nəticədən manat ilə ifadədə 2.46% çox olub, dollar ilə ifadədə isə 23.33% azalıb. Bakı şəhərində qеyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil еtdikdə görünür ki, qiymətlərin azalması zonalar üzrə qiymətlərə də təsir göstərib. Azalmalar daha çox 2-ci və 3-cü zonalar üzrə müşahidə edilib. Müvafiq olaraq -11.34% və -8.29%.

Ay ərzində qеyri-yaşayış sahələri ilkin bazarında qiymət artımı Nİzami (6.7%), Səbail (1.2%), Suraxanı (31.7%) və Yasamal (29.3%) rayonlarında qeydə alınıb. Ən çox qiymət azalması isə Nərimanov (-12.8%), Sabunçu (-10.1%) və Xətai (-24.0%) rayonlarında müşahidə olunub. Mayda bazarda qеyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (3418 ABŞ dolları) aşağı olan obyеktlər ümumi portfеldə 69.5% paya malikdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm