Sahibkarlara 88,4 milyon manat güzəştli kredit verilib
Bizi izləyin

Ekopublika.az

Sahibkarlara 88,4 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gədəbəy rayonunun Slavyanka kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Publika.az İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Gədəbəydə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Gədəbəy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, cins heyvandarlıq, kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının, meşə meyvələrinin, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 2700-dən çox sahibkara 88,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. O qeyd edib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5374 investisiya layihəsinin maliyyələşdirilməsinə 197,5 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Gədəbəy və ətraf rayonlardan olan 61 sahibkara 1,4 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, üzümçülük, kartofçuluq, quşçuluq, limonad istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 120-dən çox yeni iş yerinin açılması mümkün olacaqdır.

Forum çərçivəsində Gədəbəy rayonunun Zəhmət kəndində güzəştli kredit ayrılmış ildə 6 milyon litr limonad istehsal etmək gücündə olan zavodun fəaliyyətinə baxış keçirilib. Zavoda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,6 milyon manat kredit verilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm