• USD 1,7000 0,00% EUR 1,9906 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0276 0,00%

Rüstəm Behrudinin itirmədiyi hisslər...

  • Köşə
  • 15 Sentyabr 2017 16:32
  • 5 352 Baxış
Rüstəm Behrudinin itirmədiyi hisslər...

Kəramət Böyükçöl

Bir kitab var, adı dəqiq yadımda deyil, kitab dörd şairin – Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər, Ramiz Rövşən və Rüstəm Behrudinin şeirlərindən ibarətdir. Təbii, bu dörd şairin şeirlərini o kitabdan çox-çox qabaq oxumuşdum və mənim üçün ən maraqlı olanı o idi ki, ağlımın kəm vaxtlarında Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər, Ramiz Rövşən və Rüstəm Behrudini bir-biri ilə müqayisə edir, öz-özümə fəlsəfi suallar verirdim ki, görəsən, bunların hansı döyər? Çox düşündüm və bir şeyə tam əmin oldum ki, təkcə “Dar ağacı” şeirinin yayıldığı, oxunduğu, sevildiyi ərazi – türk dünyası iki Vaqifi, bir Ramizi döyüb öldürər.

Mən Rüstəm Behrudini uzun müddət atamın qələm dostu kimi tanımışam, sonralar isə öz dostum kimi çox istəməyə başlamışam, sevmişəm. Rüstəm müəllim Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli ilə də dostluq eləməyi bacarır, Kəramət Böyükçöllə də. Və ən əsası odur ki, bir dost kimi ikisinə də eyni səviyyədə münasibət göstərir.

Yadıma gəlir, Rüstəm Behrudinin doğum günündə – 58 yaşını qeyd etdiyi məclisə mən də dəvət olunmuşdum. Alimlərin, akademiklərin, ziyalıların, yaşlı-başlı kişilərin yer aldığı, yeyib-içdiyi bir məclisdə hələ istedadını sübut etməmiş cavan bir uşağa əhəmiyyət verən kimdir? Ona görə də sakitcə bir qıraqda oturub çörəyimi yeyir, içkimi içirdim, deyilən sözlərə qulaq asır, dənliyimə yığırdım. Birdən Rüstəm müəllim məni məclisə təqdim etdi. Sanki mənim doğum günümmüş kimi haqqımda ürək sözlərini dedi. Dostluqdan danışdı. Dedi ki, mənim ilk dostum Əbülfəz Elçibəy olub, elə bu məclisdə elan edirəm, son dostum da Kəramətdir. Bundan sonra mənim dostum olmayacaq.

Həqiqətən də Rüstəm Behrudi kimi bir fikir adamının, şairin, ictimai-siyasi xadimin dostu olmaq, onunla söhbətlərində dost kimi rəftar etmək məni yaşımdan, başımdan çox-çox böyük göstərir. Rüstəm Behrudi ilə yanaşı gedəndə kənardan baxanlar elə bilirlər ki, mən artıq ədəbiyyatda da, həyatda da, ictimai fikirdə də öz sözünü demiş, möhürünü vurmuş bir qələm adamıyam.

Mən Rüstəm Behrudidən bir neçə dəfə müsahibə almışam. Həm müsahibələrində, həm də şəxsi söhbətlərində, ümumiyyətlə, eşitdiklərimə, gördüklərimə, oxuduqlarıma əsasən də deyə bilərəm ki, yuxarıda adını çəkdiyim şairlərdən daha çox şair olan, öz həyatını və həyat tərzini daha çox şair kimi yaşayan şairimiz Rüstəm Behrudidir.

Rüstəm müəllimin 60 yaşı var, amma hələ də emosiyasını itirməyib. Şair kimi hələ də hirslənə, özündən çıxa bilir... Bu, şair üçün çox əsas və vacib bir məsələdir. Və bu gün ona şeir yazdıran da məhz itirmədiyi hissləridir.

Rüstəm Behrudinin adının yanında həmişə bir söz işlənir: Türk dünyasının böyük şairi. Bu söz yaşayan, yeriyən şairlərimiz arasında ancaq onun haqqında deyilir. Çünki Rüstəm müəllim öz şeirləri, ayrı-ayrı yazıları və çıxışları ilə türk dünyasının mənəvi sahibinə çevrilib. Yəni o mənada ki, bu mövzular, bu söhbətlər Rüstəm Behrudidən sorulur. Onun Elçibəydən danışanda gözlərinin dolduğunu görmüşəm. Özü də bir dəfə də görməmişəm ki, Elçibəydən keçmiş prezident kimi danışsın, onu ancaq dostu kimi xatırlayıb.

Rüstəm Behrudi cəsarətli şairdir, sözünü çəkinmədən, qorxmadan deyə bilir. Heç kimə yarınmayıb. Mərhum prezident Heydər Əliyevin şair və yazıçıları qəbul elədiyi tədbirdə Rüstəm müəllimin də çıxışı var. Orda bir çıxış elədi, hiss edirdin ki, Rüstəmin əvəzinə Anar qorxur. Belə şeylər yaddaşlardan silinmir, itmir.

Yaxud da Yazıçılar Birliyi bizim üçün əhəmiyyətsiz bir qurum ola bilər, kefimiz istədiyi vaxt üzv olub, kefimiz istədiyi vaxt da üzvlükdən çıxırıq. Amma Rüstəm Behrudi ilə Anar müəllim uzun illərin dostlarıdır, şübhəsiz ki, aralarında bir-birlərinə qarşı dərin hörmət, sayğı var. Buna baxmayaraq, Rüstəm Behrudi Yazıçılar Birliyindən istefa verdi. Bu, sizə asan gəlməsin. İstefa səbəbi isə çoxları üçün birmənalı qarşılanmaya bilər. Ancaq bu addım Rüstəm Behrudinin özünə hörməti idi.

Bu yaxınlarda Rüstəm Behrudinin 60 yaşı oldu. Onun doğum gününü sosial şəbəkələrdə minlərlə adam təbrik elədi. Nədənsə, mən o minlərin içində olmaq istəmədim. Gözlədim ki, bir neçə gün keçsin, Rüstəm müəllimin doğum gününü ayrıca qeyd edim. Bu yazı isə öz qələm dostuma ünvanlanan ürək sözlərim idi. Sizi təbrik edirəm, böyük insan! Ömrünüz və dostluğumuz uzun olsun!

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>