Mənəviyyatı unut və xoşbəxt ol!
Bizi izləyin

Köşə

Mənəviyyatı unut və xoşbəxt ol!

Məsələn, bir adam yalan danışanda xoşum gəlir. Yalanı hırıldaya-hırıldaya deyəndə isə lap ləzzət eləyir. Çünki yalan danışmağa məcbur olduğunu bilirəm. Məcbur olmasaydı, gülərdi, hırıldamazdı.

Jurnalist fəaliyyəti ilə məşğul olandan bəri xeyli təcrübə qazanmışam, çoxlu ictimai-siyasi xadim tanımışam. Bu, yazıçı olmaq istəyən adam üçün çox vacib məsələdir. Müsahibə alanda, fikir vermişəm, adamlar uşaqlıq illəri haqqında yalansız danışırlar deyə, bu barədə suallarım onların xoşuna gəlir. Axı uşaq vaxtı hamı göylər kimi təmiz olur. Yaşa dolduqca o qədər çirkaba batırsan ki, özün də utanırsan.

Allaha şükür ki, çox yaşım yoxdur. Ümumiyyətlə, çox yaşamaq istəmirəm. Az yaşamaq da bir mədəniyyətdir. Həm də bu dünyadan əclaflıq eləməmiş getməyin kayfı başqadır. Cavanam, mənim nə səhvim ola bilər ki? Hələ vəzifəm-zadım da yoxdur ki, necəsə istifadə etmiş olam. Uzaq başı içib kiminsə xətrinə dəymişəm. Sonra da peşman olub, üzr istəmişəm. Amma həyatda elə şeylər var ki, üzr istəməyə də üzün gəlmir. Hamısı da yaxşı yaşamaq üçündür. Adamlar yaxşı yaşamaq üçün pislik edirlər, yalan danışırlar, əclaflıq edirlər... Ən böyük əclaflıq isə yaxşı yaşamaq üçün başqasının haqqını yeməkdir.

Dünən tanınmış birini ailəsi ilə birlikdə bulvarda gördüm. Bahalı restoranların birində oturub yeyib-içirdilər. Hamısı təravətli görünürdü. Yaxşı yaşamaq yəqin ki, belə olur. Özünün səksənə yaxın yaşı var. Amma hiss edirsən ki, beli-zadı yaxşıdır. Bircə üzü yaşlı görünürdü. Üzündə nələr vardı, nələr vardı, oxuyub qurtarmaq olmurdu. İllərin yalanları, günahları... Hərdən hiss edirsən ki, bunu özü də anlayır. Bəlkə də hər adam bunu duya bilmir, amma mən o saat duyuram. Amma nə olsun? Əsas odur ki, nənəm demişkən, tonlarla pulu var.

Hərdən də fikirləşirəm ki, görəsən, yerində olsaydım, o kişinin gününə düşərdimmi? Əmin deyiləm. Bəlkə də bunu normal bir şey kimi qarşılamaq lazımdır.

Təbii ki, alın təri ilə sərvət qazanmış ziyalılarımıza da rast gəlinir. Ancaq indi mövzumuz o deyil.

Ümumiyyətlə, həqiqi ziyalı ilə sürtülmüş ziyalının fərqini bilməyən bir cəmiyyətdə durub danışmaq ki, sima elə gəldi, sima belə getdi, bəlkə də boş-boş söhbətlərdir. Bəlkə mən xəstəyəm, başım çatmır? Dörd-beş il bundan qabaq balaca bir iş yeri üçün bir nəfər mənim adımı çəkmişdi. Etiraz elədilər ki, o oğlan dinc deyil. Gəlib burda səs-küy salacaq. Yəni o mənada ki, az-çox nəyəsə etiraz eləyə bilirəm. Hətta anam da məni danladı ki, niyə özünü pis tanıtmısan? Anam nə deyirsə, elə bilirəm düz deyir. Dəhşət narahat oldum. Gedib pivə şüşəsinə bir təpik vurdum ki, hər şeyi eləyən sənsən, qoymadın mən də bəziləri kimi vəzifələrə dırmaşım. Yazıq pivə!

Getdikcə yaş artır, arvad-uşaq basır, qayğılar nəfəs almağa imkan vermir. Mən isə hər şeyi öz ağlımla ölçürəm. Bu ağılla cəmiyyət düzələn deyil ki... Bəlkə bura kimi nə olubsa, daha keçib, heç olmasa, bundan sonra çox yekəbaşlıq eləməyim, sakitcə, asta-asta gəzib dolanım, danışdığım sözü ağzımdan bişirib çıxarım, yazılarımı ciddi redaktə eləyim? Axı yaxşı yaşamaq mənim də haqqımdır. Elə deyilmi? Hərdən isə öz-özümə düşünürəm ki, doğrudan da, mənəviyyatı nəzərə almasan, xoşbəxt olmağa nə var ki? Əsl reklam sözüdür. Təsəvvür edin, metrolarda reklam lövhələrinə beləcə də yazılıb: “Mənəviyyatı unut və xoşbəxt ol!”

Kənarda da bir topa adam dayanıb bu sözə əl çalır...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm