Əlinin mələkləri
Bizi izləyin

Köşə

Əlinin mələkləri

Leyla Sarabi

Leyla Sarabi

I HİSSƏ

Qürbət cənnət də olsa, yükü ağırdır. Bəzən bu ağırlığın altında insanın beli bükülür, ruhu çökür. Qərib diyarda təkbaşına yaşamaqdan savayı, övlad dünyaya gətirib, boya-başa çatdırmağın da ayrı bir ağırlığı var. Doğru olan odur ki, heç kim kənardan sənə müdaxilə etmir, “biz uşağı keçi südü ilə böyütmüşük, bax, top kimidir”, “həkim nə bilir, bizim vaxtımızda dərman var idi?”, “mürəbbəli çay ver, düzələcək”, “uşaq yaman ağlayır, nə təhər anasan? Su ver sussun daa” deyib səni dünyadan küsdürənlər də yoxdur.

Di gəl, bütün ağırlıq da, məsuliyyət də öz çiynindədir. Zaman-zaman anlayırsan ki, bu sənin xeyirinədir. Axı hər körpə ilə birgə bir ana doğulur. Bizim ölkədə isə bu çətin məsələdir. Övladını böyüdərkən səhv etmək, büdrəmək və bu yanlışlardan dərs almaq şansın yoxdur. Buna səy göstərsən belə qohum-əqraba imkan verməyəcək. Odur ki, xeyirlisi elə budur. "Öz əlim, öz başım" deyib körpənin hər ehtiyacını özün ödəyirsən. Fransa cəmiyyəti sənə bu məsuliyyəti lap ilk andan hiss etdirir. Hətta körpə doğulan kimi anası ilə bir otaqda qalmağa başlayır. Körpəni ilk dəfə çimizdirəndə də ananı çağırırlar ki, baxıb öyrənsin. Çünki buralarda ayin halında gerçəkləşdirilən 7, 40, düyütökmə kimi mərasimlər orada yoxdur.

2 il uşağını böyüdəndən sonra da bağça dövrü başlayır. Fransızlar düşünür ki, bu yaşda uşaq ana ilə evdə qalsa, çox darıxar. Heç ananın da evdə oturub təkbaşına övladını böyütməyə vaxtı və həvəsi yoxdur. Uşaq bu yaşda mütləq bağçaya gedib sosiallaşmalıdır.

Fransada boş bağça tapmaq isə dünyanın 8-ci möcüzəsidir. Çox vaxt fransızlar elə hamiləliyin ilk aylarında şəhər meriyasına müraciət edib, qeydiyyatdan keçirlər. Ancaq bu məsələdə mənim bəxtim gətirdi. Əlini pediatr müayinəsinə aparmışdım, kişiyə şikayət elədim ki, bu nə sistemdir, niyə uşaqlara bağça çatmır? Lap yer olsa da, mənim uşağımı seçməyəcək ki, meriyanız, gedib Aniesin, Emanuellanın uşağını götürəcək. Pediatr çox təsirləndi sözümdən, harasa zəng edib mənə RV (randevu, görüş) aldı, bərk-bərk də tapşırdı ki, mütləq bu saatda orda ol. Unutmadan deyim ki, fransızlar qədər kağız-kuğuz sevən ikinci millət tanımıram. Uşağı bağçaya götürmək üçün az qala Bakıdakı qonşularımızın nikah şəhadətnaməsinə qədər istədilər. Qalaq-qalaq sənədi də yığıb meriyaya getdik, ümidsiz halda 3 bağça seçdik ki, hansında yer olarsa, uşağı ora yazdırarıq. Bir aydan sonra cavab məktub şəklində poçt qutumuza gəldi.

Fransaya xüsusi kolorit qatan bir cəhət də onun poçt sistemidir. Bu ölkədə kvadrat dəmir qablara hələ də hər gün məktub atılır, insanlar səhərlər poçt qutularını yoxlamadan evdən çıxmırlar. Fərqi yoxdur, məktubu göndərən bankdır, yoxsa xəstəxana, reklamdır, ya jurnal... bəlkə də Fransada yaşadığınız üçün hər il ödəmək məcburiyyətində olduğunuz "yaşayış vergisi" sənədidir, əsas məktub olsun.

“Təbrik edirik oğlunuz “filan” bağçaya qəbul edilib, gəlin, qeydiyyatdan keçin". Yenə əlimizdə bir ton kağız sevimcimizdən uçduq meriyaya. Bu dəfə isə sənədləşmə işini tamamladıq. Dərindən nəfəs alıb düşündüm ki, ən həyəcanlı günlər geridə qaldı. Əli uzağı 2 günə bağçaya da uşaqlara da alışacaq... Sən demə, çətini hələ qabaqda imiş...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm