Küçə süpürən müəllimim
Bizi izləyin

Köşə

Küçə süpürən müəllimim

Leyla Sarabi

Leyla Sarabi

Bu gün dünyanın 100-dən çox ölkəsi Beynəlxalq Müəllimlər gününü qeyd edir. UNESCO-nun təşəbbüsü ilə düz 23 ildir qeyd olunan bu önəmli bayramın əsas məqsədi müəllimlərin cəmiyyətdə yerini, problemlərini, qayğılarını bir günlük də olsa, diqqət mərkəzinə çəkməkdir. Ziyası, nuru ilə tək şagirdlərin deyil, müasiri olduğu cəmiyyətin yoluna işıq saçan müəllimlərin qayğılarını, əziyyətini ilin cəmi bircə gününə sığışdırmaq mümkünsüzdür. Bu fədakar peşəyə “tanrı sənəti” deyən Platon onun ən gözəl tərifini verib.

Hər ilin bu bayramı ürəyim iki nəfər üçün sızıldayır. Biri biz məktəbi bitirər-bitirməz xərçəngdən dünyasını dəyişən sinif rəhbərimiz Gülarə xanım, digərisə küçə süpürən Sveta. Sözün əsl mənasında, həqiqi anlamında küçə süpürən müəllimim…

Sveta bizə rus dilindən dərs deyirdi. Bəstəboy, əsmər, qısasaç qadın idi. Əynindən heç çıxartmadığı qara koftasını, nimdaş uzun ətəyini o qədər səliqəli geyinirdi ki, sanki eyni paltardan bir neçə dənə varıydı. Uşaq evində böyümüşdü bizim Sveta. Soyadı, ata ismi belə təsadüfən seçilib, doğum sənədinə yazılmışdı. Özü haqda çox az danışardı bizə, amma elə xatirələrini bölüşərdi ki, bir müddət təsirində qalardıq. Qalardıq da deyirəm, bəlkə də tək mənim boğazımda düyünlənərdi o qəhər.

Həyatından unutmadığım bir fraqment də var. Danışırdı ki, instituta qəbul olanda qucaqlayıb sevincimi böləcəyim heç kim yox idi yanımda. Yəqin Sveta da, o Tanrının unutduğu qədərsizlər siyahısındaydı. Allah onu öz ailəsi ilə sevindirmək istəməmişdi. Svetanın nə əri var idi, nə də ömür boyu köksündə böyütüyü sevgisinə bələyəcəyi bir övladı.

Günlərin bir günü sinfimizdəki bir uşaqla mübahisəsi düşdü Sveta müəllimin. Bu uşaq da "Həsən ağanın qohumları”ndan idi. Ona görə bir-iki günün içində Svetanın sənədlərini əlinə verib, işdən çıxartdılar.

Onun gedişinə çoxumuz məyus olmuşduq. Bu hadisədən heç bir həftə keçməmişdi. Səhər bacımla məktəbə gedirdik. Gözümüzə inanmadıq. Sveta eyni geyimdə əlinə əlcək geyinib küçə süpürürdü. Deyirlər, əsalət insanın geyimində, malında yox, qanında olur. Həqiqətən belədir. Sveta hətta əlində süpürgə ilə belə çox şarmlı və zərif görünürdü. Onu görüb heyrətdən donub qaldıq. Bir neçə gün öncə sinfə girən müəllimimiz küçədə xadiməlik edirdi. Təəccübümüz qarşısında özünü sındırmadan: “Qızlar, inanın ki, çox yaxşıdır yeni işim, ən əsası qulağım dincdir" dedi. Bu cümləni əsl pedaqoq siyasətilə elə inandırıcı, elə ürəkdən dedi ki, aldandıq ona. Ondan sonra hər səhər dərsə gedən yolda mütləq ayaq saxlayır, Sveta ilə 2 dəqiqə də olsa, danışardıq.

O vaxtdan 13 il keçib, amma Sveta yenə həmin lənətə gəlmiş küçələrə süpürgəsilə sığal çəkir. Heç vaxt olmayan evi, güllü bağcası kimi əzizləyib, sahmana salır o buz kimi yolları.

Bir dəfə Sveta müəllimin dərsində gözəgörünməz qüvvələrdən, ruhlardan söz düşmüşdü. Biz qızlar da mövzunun təsirində qalmışdıq. Dərs bitəndə Sveta dedi:

“Ölülərdən qorxmayın, onlardan zərər gəlməz. Dirilərdən gözləyin özünüzü!”

Yaşa dolduqca anladım, necə də haqlı imişsən, əziz müəllimim. Bu bayram sənin uca adına yaraşmasa da, Günün mübarək!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm