• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Mikayıl Müşfiqin mərsiyəxanları

  • Köşə
  • 13 Oktyabr 2017 17:52
  • 1 072 Baxış
Mikayıl Müşfiqin mərsiyəxanları

Kəramət Böyükçöl

Əziz dostlar! Bayağı dərslər sinif otaqlarını, pafoslu mühazirələr isə universitet auditoriyalarını başına götürüb gedir. Yəqin ki, siz bunu məndən də yaxşı bilirsiniz. Sükan arxasında oturan bir avtobus sürücüsü xırda hakimiyyətindən istifadə edərək, öz zövqünə, ruhuna və dünyagörüşünə uyğun mahnıları ilə sərnişinlərə işgəncə verdiyi kimi, adını müəllim qoyan sonuncu sovet adamları da şagirdlərin, tələbələrin bədii-estetik zövqünü zorlamaqla məşğuldur. Səhv demirəm ki?

Soruşa bilərsiniz ki, bu zorlanma prosesi necə olur? Əvvəla, auditoriyalarda alternativ fikrə qəti yer verilmir. Məsələn, tələbənin ixtiyarı yoxdur ki, Mikayıl Müşfiqdən bir şair kimi xoşu gəlməsin, onu qəbul eləməsin və dərs də əsasən, bu mövzunun müzakirəsi üzərində qurulsun. Adama deyərlər, ağzın nədir Müşfiqi sevməyəsən?

Müşfiqdən söz düşmüşkən... Doğrudan da, ona ifrat dərəcədə vurğunluq ikrah yaradır. Belə olmaz! Axı nə üçün Müşfiq mövzusunda ədəbi söhbətlər, dərslər yas məclisləri kimi keçirilməlidir? Müşfiqdən söz düşəndə müəllim müəllimdən çox mərsiyəxan cildinə girir, az qalır sinif otağında ağlasın. Ay dünyagörmüş insanlar, şairə məişət səviyyəsində sevginin ədəbiyyata bir dəxili varmı?

Mən Müşfiqi üç dəfə oxumuşam. Orta və ali məktəblərdə, bir də bu yaxınlarda onu ciddi şəkildə mütaliə etdim. Üzr istəyirəm, doğrudamı Müşfiq qeyri-adi bir istedad sahibi olub? Şübhəsiz, istedaddır. Amma o, təqdim edildiyi boydadırmı? Yəni dəhşətli dərəcədə böyük şairdirmi, dahidirmi? Müşfiqi ömür boyu sevən, onu tədqiq edən Gülhüseyn Hüseynoğlunun, Dilbər Axundzadənin xatirələrini də diqqətlə oxumuşam. Ümumiyyətlə, onun haqqında yazılan demək olar ki, əksər yazıları nəzərdən keçirmişəm. Qarşıma saysız-hesabsız bu cür şeirləri çıxanda isə...

Tanrımız yox, dinimiz yox,

Şeytanımız, cinimiz yox,

Yüksək ruhlu insanlarıq,

Təbiətlə kinimiz yox.

Yaşa əsrin oğlu, yaşa!

Lenin komsomolu, yaşa!

Tarla bizim anamızdır,

Fabrik-zavod atamızdır,

Qurduğumuz sosializm,

Bizim şanlı dünyamızdır.

Yaşa əsrin oğlu, yaşa!

Lenin komsomolu, yaşa!

fikirləşmişəm ki, belə şeirmi olar? Söhbət mövzudan getmir. Məcbur olub, yaşamaq üçün bəxtini sınayıb. Lap yaxşı eləyib. Bunu anlamaq çətin deyil. Ancaq bu şeir beşinci sinif şagirdinin cızma-qarası səviyyəsində deyilmi? Bəlkə Müşfiqi ona görə güllələdilər ki, o, şeiri Səməd Vurğun qədər ilhamla yaza bilmədi? Bu misraların hamısı adicə şagird leksikonu deyilmi? Yüksək ruhlu insanlarıq, təbiətlə kinimiz yox, bizim şanlı dünyamız...

Müşfiqin bu cür istedadsız şerləri bir deyil, iki deyil. Çox nümunələr çəkmək olar. Cavan yaşında güllələnib, ömrü yarımçıq qalıb, aydındır ki, bunlar ağır məsələlərdir. Allah rəhmət eləsin. Ancaq məncə, nakam ölümünə görə Müşfiqi daha da şişirtmək, yüksəklərə qaldırmaq, gənc bir şairi Azərbaycan ədəbiyyatının boynuna mindirmək məhz ədəbiyyata qarşı doğru münasibət deyil.

Sizə elə gəlir ki, Müşfiq yaşasaydı, dünyanın ən böyük şairi olacaqdı? Azərbaycan ədəbiyyatında cavan vaxtlarında gur bir istedadla gəlmiş, müəyyən yaşdan sonra isə yazmayan, yaza bilməyən o qədər şairlərimiz, yazıçılarımız olub və nə bilmək olar ki, Müşfiq də onlardan biri olmayacaqdı? Bunu ona görə deyirəm ki, Müşfiqin yazmadığı, hələ yazacağı şeirləri, yaşamadığı ömrü onun adına çıxmaq doğrudanmı ədəbiyyat üçün vacib bir məsələdir? Fikrimcə, Müşfiqin ən yaxşı halda təyinatı bu cür olmalıdır: istedadlı gənc idi. Təəssüf, ömrü yarımçıq qaldı.

Ümumiyyətlə, Azərbaycanda çoxları Müşfiqi tanımır, şeirlərini oxumayıb və buna görə də ona qarşı sevgi kor-koranədir. Müşfiq elə bir ucalığa qaldırılır, sanki, insanlar onun sosializm quruculuğu mövzusunda yazdıqlarından xəbərsizdirlər.

“Nə bir həsrətim var, nə bir qəmim var.

Dostlarım bilir ki, nə aləmim var!

Lenin dünyasına ithaf etməyə

Bir şair ürəyim, bir qələmim var!”.

Müşfiq də Səməd Vurğun kimi sosializm quruculuğundan o ki var yazıb. Nə olsun xeyrin-bəhrin görmədi. Alçaqlar onu güllələmək üçün əvvəl-axır bir bəhanə tapdılar. Guya o, milli dövlətimizin təəssübkeşidir.

Sonda... Əlbəttə, emosiyaya qapılıb Müşfiqi böyük şair, dahi kimi də çağırmaq olar. Ancaq tam məsuliyyətimlə deyirəm: Müşfiq istedad baxımından bizim Aqşin Yeniseydən heç nəyi ilə artıq deyildi. Əksinə, Aqşin ədəbiyyatımız üçün Müşfiqdən qat-qat maraqlı və istedadlı faktdır. Və bu yerdə Əli Kərimin məşhur misrası yadıma düşməyib neyləsin?

“Sən mənim qədrimi biləsən deyə,

Bu cavan yaşımda ölümmü indi?”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>