Fahişə ondan qeyrətli çıxdı...
Bizi izləyin

Köşə

Fahişə ondan qeyrətli çıxdı...

Pərviz Hüseyn

İlk dəfə treylerinə baxandan canıma vəlvələ düşmüşdü. Dünən də həyəcanla təqdimat gecəsinə getdim. İçimdəki təlaşın səbəbi bir zamanlar gözümün qarşısında yaşanan hadisələrin film kimi önümə çıxması idi...

Bəli, elə bizim küçəmizdə dostunun arvadı ilə görüşən Arif, ərini aldadan Samirə və hər şeydən xəbərsiz Tima var idi! Əslində, hamının həyatında onlardan var. Hər şeyi gözardına vurub, başqasında həyəcan axtaran qadınlar, riyakar Ariflər və biçarə Timalar...

Filmdə cəsarətli səhnələr boldur. Bunlardan ilki Əməkdar artist Hikmət Rəhimovun canlandırdığı Tima obrazının evdə alt paltarında pul axtardığı səhnədir. Ekran işində istifadə olunan jarqon ifadələr, söyüşlər filmin dramatik tərəfini gücləndirib. Küçə mədəniyyətindən evimizin içinə axan sözlərin istifadə olunması, stereotiplərin qırılması səmimiyyətin bol olduğu işlərin ortaya çıxmasına xidmət edir.

Aktrisa Günay Əhməd qayınanasına ana deməyə dili gəlməyən, ərinin yanında evdar qadın, sevgilisin qarşısında isə fahişə obrazı yaradan Samirəni oynayır. O, böyük cəsarət tələb edən bu obrazın haqqını sonunadək verib.

Ekran işinin ən mənfi obrazı aktyor Qorqud Cəfərin canlandırdığı Arifdir. Arif qumar borcu olan, uşaqlıq dostunun arvadıyla yatan mənəviyyatsız və sevgilisini öldürməyi gözə alacaq qədər cəsarətsiz biridir. Həm də sonda Timadan eşitdiyi “Fahişə səndən qeyrətli çıxdı” ifadəsini eşidəcək qədər alçaldılan bir obraz...

Aktyor Elşən Əsgərovun canlandırdığı İbiş isə filmin ən yazıq obrazıdır. İfritə xasiyyətli arvadından olmazın təhqirlər eşidən, qayını tərəfindən heçə sayılan İbiş Timadan da şillə yeyərək çarəsiz olduğunu bir daha sübut edir.

İbişin həyat yoldaşını isə aktrisa Səbinə Məmmədzadə canlandırıb. Yəqin ki, yer üzü və kainat belə bir ləçər qadın görməyib. Dediyinə görə, ərini alçaltmağı özünə fəxr bilən, analıq missiyasını yerinə yetirməyən ifritə obrazını oynamaq elə də çətin olmayıb.

Teatrlardan filmlərə transfer olunan Əməkdar artist Hikmət Rəhimovun canlandırdığı Arif arvadının xəyanətini öz gözləri ilə görür. O, obrazı ilə aldadılan birinin keçirdiyi hissləri tamaşaçıya tragikomik bir şəkildə elə ötürür ki, sanki bu hadisə sənin başına gəlibmiş kimi təsirdən çıxa bilmirsən. Ağız suyunun Samirənin çiyninə axdığı, içdən ağladığı səhnə isə filmin ən ağrılı hissəsidir.

Filmə rəng qatan isə aktyor Ziya Ağa və aktrisa Cəmilə Tağızadənin epizodik səhnəsidir. Bakı ləhcəsi ilə danışan cütlüyün şirin və səmimi görüntüləri ekran işinə pozitivlik qatıb.

Ekran əsərindəki rənglər, musiqilər, səs effektləri, rəssam işi çox yaxşıdır. Emil Quliyevin “İkinci pərdə”si “Pərdə”dən daha peşəkar alınıb.

Bütövlükdə bu film özünə aktyor, aktrisa deyib ortalığa düşənlərə, “Şərəfsizlərə giriş qadağandır” şüarı ilə film çəkən klipmeykerlərə sübut etdi ki, Azərbaycanda dram necə çəkilməlidir, sənətçi necə olmalıdır, performans nədir. Rejissor Arif, Samirə və Timanın simasında göstərdi ki, boş-boş tərifləməklə iş bitmir. Bu filmdəki aktyor oyunundan sonra yüngül bir ip alıb, özünüzü münasib yerlərdən asa bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm