Gülüşlərini də götürüb gedən adam
Bizi izləyin

Köşə

Gülüşlərini də götürüb gedən adam

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Anam evdə tez-tez deyirdi ki, ölüm qaşla gözün arasındadır. Mən də gülüb qayıdırdım ki, yenə başladın? Anlamırdım ki, neçə ilin anasıdır, gözünün qabağında kimlər getməyib? Anası gedib, atası gedib, bacısı gedib, əmisi, bibisi, xalası gedib. Doğmalarını itirə-itirə nəhayət, dərk edib ki, ölüm qaşla gözün arasındadır. Çoxlu ölümlərlə üz-üzə qalmaq həm də adamı tez müdrikləşdirir.

Mən isə hələ gəncəm, ağzım gen yerdədir, atam da sağdır, anam da, bacım da, qardaşım da, özüm də... Ancaq Mövlud ilk dəfə məni ölümə inandırandan sonra daha anama gülmədim. Dünən gecə isə xəbər tutdum ki, jurnalist Natiq Qədimov dünyasını dəyişib, dərhal anamın “göz-qaş fəlsəfə”si yadıma düşdü. Onun xalqdan “oğurlayıb” mənə öz beyninin məhsulu kimi dediyi fikir bir daha öz təsdiqini tapdı.

Ölüm xəbərini eşidən kimi dərhal Natiqin şəkillərinə baxdım, demək olar ki, əksər şəkillərində gülürdü, rəylərdə isə göz yaşları su yerinə axırdı. Sanki, insan bir ömrdə nə qədər gülə bilərsə, Natiq onun hamısını gülüb qurtarmışdı. Bəlkə də gülməyə bir şey qalmamışdı deyə, ürəyi dözmədi. Ürək demişkən, hələ onun ölüm səbəbini bilmirdim. Amma təsəvvür elədim ki, yəqin, ürəyi sözünə baxmayıb. Sonra təsəvvürüm öz təsdiqini tapdı. Qəfil ölümlər ürəyin kurasiyasındadır.

Mən Natiqi uzaqdan tanıyırdım, yəni şəxsi münasibətlərimiz olmamışdı. Onunla münasibətlərimiz “APA Holdinq”də işlədiyim bir neçə ay müddətdində ayaqüstü hal-əhvaldan o yana keçmədi:

– Natiq bəy, necəsiniz? – soruşurdum.

– Sağ ol, yaxşıyam. Sən necəsən?

– Mən nə vaxt yaxşı olmuşam ki? – gülürdüm.

O da gülürdü... Səhər yenə qarşılaşırdıq:

– Natiq bəy, necəsiniz? – soruşurdum.

– Sağ ol, yaxşıyam. Sən necəsən?

– Mən nə vaxt yaxşı olmuşam ki? – gülürdüm.

O da gülürdü... Bizim yaxınlığımız, daha doğrusu, uzaqlığımız bu səviyyədə idi. Bəlkə də ona görə belə soyuqqanlı danışa bilirəm, rahat-rahat yazı da yazıram. Amma eyni zamanda, onun yaxın dostlarını, haqqında yana-yana danışan həmkarlarını o qədər anlayıram, o qədər başa düşürəm... Çünki doğma hisslərdir. Ona görə də fikirləşirəm ki, nə yaxşı mənim Natiqlə xatirələrim yoxdur. Nə yaxşı iş yoldaşı, dost olmamışıq. Nə yaxşı birlikdə səfərlərimiz, nə yaxşı tez-tez görüşdüyümüz kafelər, restoranlar olmayıb. Bunlara dözmək, özünü ovutmaq çox çətindir. Xatirələr adamı yaşamağa qoymur.

Mətbuatdan oxudum ki, Natiqin atası ağlaya-ağlaya deyir, oğlum gülə-gülə getdi. Doğrudan da, bir ata üçün oğlunun son gülüşü ilə yaşamaq çox çətindir. Nə qədər adi olsa da, qəbul eləyə bilmirsən ki, dünən telefonla danışdığın adam bu gün həyatda yoxdur. Dünən yanaşı oturduğun adam bu gün işə gəlmir və sən də bilirsən ki, niyə gəlməyib. Dünən çarpayıda yanında yatan adam bu gün torpağın altındadır. Bunları necə qəbul eləyəsən?

Ölüm doğrudan da, qaşla göz arasındadır. Adam dostlarının yanından ehtiyatla keçir ki, birdən xətrinə dəyərsən, o da axşam ölər, özünü bağışlaya bilməzsən. Qəfil ölümlər gözümü necə qırıbsa, qorxumdan hamının nazı ilə oynayıram ki, birdən sabah infarkt keçirər, gülüşlərini də götürüb bizi birdəfəlik tərk eləyər, peşiman olaram. Məsələn, kim Natiqin xətrinə dəymişdisə, təsəvvür eləyirəm, indi o adamlar necə əzab çəkirlər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm