Təhlükəsiz imza
Bizi izləyin

Köşə

Təhlükəsiz imza

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

İstedadlı qələm dostum, həmkarım Ayxan Ayvazı Azərbaycan ədəbiyyatının sonbeşiyi hesab eləyirlər. Səhv eləmirəmsə, bu tacı onun başına şeirimizin “qanuni oğrusu” Aqşin Yenisey qoyub. Ayxanın hələ Kiçikbəy olduğu vaxtlar o qədər də uzaqda deyil. O, bu imza ilə məşhur Türkiyə serialının qəhrəmanı Polad Ələmdardan povest də yazmışdı: “Mən necə Polad Ələmdar oldum?” Ancaq illər keçdi, Ayxan həmin serialının başqa bir qəhrəmanı – həssas, qayğıya möhtac və bəlkə də Poladdan daha maraqlı Güllü ləqəbli Ərhan obrazında göründü. Onun bu obrazda görünməsinin səbəbi isə heç şübhəsiz ki, ailəsində baş verən ağır faciə ilə bağlı idi.

Gecənin bir vaxtında qəfl atasını, bir neçə gündən sonra anasını itirmək doğrudan da, təkcə gənc dostumuz üçün yox, hamımız üçün ağır oldu. Baxmayaraq ki, bizim bu ağrını Ayxan və onun bacı-qardaşı qədər içdən yaşamağımız mümkün deyil. Yəqin özü də etiraf edər ki, atasının ölümünə qədər Ayxana ədəbi bir imza kimi ciddi münasibət yox idi. Hamı onu ədəbiyyata həvəsi olan bir uşaq kimi qəbul edir, lazım gələndə Eyvaz Əlləzoğlunun oğlu kimi başına sığal da çəkirdilər. Ailə faciəsindən sonra isə o sığalların sayı çox böyük sürətlə artmağa başladı, yığıb-yığışdırmaq da mümkün olmadı.

Halbuki, Ayxanın boyu balaca olsa da, iddiaları çox böyükdür. Ədəbiyyatda iz qoymaq istəyir. Köşələrində möveqyin ortaya qoyur, müsahibələrində sübut edir ki, mən də varam, hekayələrində göstərir ki, gələcəkdə daha yaxşı əsərlər yazacam... Bütün bunların fonunda məni narahat eləyən bir şey var: Ayxana ədəbi mühitdə də atasız uşaq kimi baxırlar. Hamı ona qayğı göstərməyə çalışır, xətrinə dəymək istəmir. Fikirləşir ki, birdən Eyvazın ruhu narahat olar, inciyər. Ən pisi odur ki, Ayxanın paxıllığını çəkən yoxdur. Belə şeylər ədəbiyyatda pis əlamətdir. Hamı onu tərifləyir... Düzdür, bu tərfləri müəyyən mənada özü də qazanıb, halal haqqıdır, amma kimin haqqı verilir ki?

Bu yazını yazdığıma görə bəlkə də məni qınayıb deyəcəklər ki, atası-anası yoxdur, onun qəlbini niyə qırırsan? Yaxud, Ayxanı işdən çıxarsalar, adamlar deyəcək ki, atasız uşaqdır, ona qarşı niyə belə elədilər? Bilmirəm taledir, yoxsa özü belə edir, mənə elə gəlir ki, Eyvaz Əlləzoğlu dünyasını dəyişməsəydi, Ayxanın maraqlı bir imza kimi heç yerdə adı çəkilməyəcəkdi...

Ayxan təhlükəsiz imzadır. Buna görə də onu tərifləmək çox asandır və insandan daxili bir güc, vicdan tələb eləmir. Həm də onun dəfələrlə kimlərinsə acığına tərifləndiyini də hiss eləmişəm. Məsələn, mənim Cavid Zeynallıdan xoşum gəlmirsə və onu bir nəsr adamı kimi ört-basdır elmək istəyirəmsə, bunun çox asan bir yolu var: Ayxanı göylərə qaldırmaq. Tez-tez deyirsən ki, Ayxan son dövr nəsrinin hadisəsidir və bilirsən ki, onunla bağlı deyilən müsbət fikirlərlə hamı beşəlli razıdır, heç kim heç kimə irad tutmur ki, sən onun filan yazısı, yaxud filan əsəri haqqında çox tərif demisən, əslində, o qədər də deyil. Əksinə, Allahın da yanında üzün ağ olur. Ona görə də Ayxanda tərif məsələləri “bezuçretdir”. Onun adı saysız-hesabsız romanlar müəllifi Şərif Ağayarın da yanında çəkilə bilər, problem deyil. Cavid Zeynallı, Mirmehdi Ağaoğluun da yanında adı çəkilə bilər, bu da problem deyil. Əminəm ki, sabah Ayxanın adı Anarın, Elçin Əfəndiyevin də adının yanında çəkilsə, yenə də problem olmayacaq. Amma məncə, bu təriflərə görə məhz Ayxan özü narahat olmalıdır və problemin harda olduğunu görməlidir.

Bu yaxınlarda Ayxanın “Buri” adlı hekayələr kitabı çıxdı. Heç başqa şeyləri demirəm, o kitabda janr tələbləri baxımından bircə “Monoton” hekayəsinin adını çəkmək mümkündür. Qalanları isə memuardır. Roman da yazmayıb. Yazıçı qələmi ilə maraqlı reportajlar, köşələr yazır, müsahibələr alır... Ortada başqa bir şey yoxdur. Bəs nə üçün Ayxanı hamı tələm-tələsik nəsr hadisəsi hesab eləyir?

Düzü, bu yazını yazdığıma görə özümü çox narahat hiss eləyirəm. Bəlkə də bunları dilə gətirmək lazım deyildi. Və bəlkə də düşünənlər tapılacaq ki, mən Ayxanın paxıllığını çəkirəm. Olsun, onun da paxıllığını kimsə çəkməlidir. Digər tərəfdən isə sevinirəm ki, gənc və istedadlı bir imza haqqında ədəbiyyatda ilk dəfə ciddi münasibət bildirdim. Çünki Ayxan doğrudan da qələmi olan adamdır. Yaxşı əsər yazmaq üçün onda çox şey var: mütaliə, istedad, bacarıq, səbr... Bircə problem odur ki, dostları çoxdur, düşməni yoxdur. Özümü Ayxanın ilk düşməni elan edirəm...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm