Anasının yasına dəvətnamə göndərənlər
Bizi izləyin

Köşə

Anasının yasına dəvətnamə göndərənlər

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Sosial şəbəkələr həyatımıza o qədər dərindən nüfuz edib ki, burada adamlar robota oxşayır. Yazı-pozuya uzaqdan-uzağa dəxli olmayan ən sadə adamlar da özünü jurnalist kimi aparır, hər şeyə xəbər kimi baxırlar. Birinin atası ölür, meyit hələ soyumamış feysbukda elan verir ki, dostlar, atam bir dəqiqə bundan qabaq keçindi, Allah rəhmət eləsin. Belə şeyləri oxuyanda əlin-qolum yanıma düşür. İlahi, bu adamlar hissdən, duyğudan, kədərdən bu qədərmi uzaq düşüblər? Doğrudanmı, onlar ölüm deyilən həqiqəti belə asanlıqla qəbul eləyə bilir?

Özü də status elə yazılır ki, hərf səhvi də buraxmırlar. Həyəcansız, emosiyasız... Cümlələr o qədər səlis, o qədər aydın, o qədər redaktəlidir ki, elə bil haradasa intellektual yazıçılıq məktəbi keçiblər. Hələ vaxt tapıb cümlənin sonuna nöqtə də qoyurlar, vergül də yaddan çıxmır. Ən dəhşətlisi isə odur ki, “ata” sözünü böyük hərflərlə yazırlar, bəzək-düzək də vururlar. Təsəvvür edin, oğlanın atası ölüb, meyit ortalıqda qalıb, bəs bu adam iki daşın arasında klaviaturada KAPS LOCK düyməsini necə axtarıb tapdı? Qardaşım, anam-bacım, bilirsənmi, atan ölüb, daha bir də onu görməyəcəksən, sən bunu anlamırsanmı? Bəs əlin-qolun necə hərəkət edir?

Bir dəfə dostlarımızdan biri status yazıb camaatı anasının yasına dəvət eləmişdi. Adını çəkməyə qorxuram. Yazmışdı ki, anamın üç və yeddi məclisi Xırdalanda məşhur Araz marketlə üzbəüz “Xeyir-Şər” evində olacaq. Allah haqqı, şoka düşdüm. Bəlkə mən başqa bir planetdən gəlmişəm, heç bu ölkədə yaşamamışam, bu xalqın adamlarını da tanımıram. Məni başa salın, ölüm sizin üçün bu qədərmi heç nədir?

Dünən gecə xəbər yayıldı ki, Hacı Məmmədov intihar edib. Dodağını büzüb şəkil çəkdirən qızlardan biri dərhal status yazdı ki, rəhmətlik indi o biri dünyada İlhamə Quliyeva ilə yeyib-içir. Kim olur-olsun, sən dünyasını dəyişən bir insanla necə bu şəkildə rəftar eləyə bilirsən? Sonra isə bəyanat verir ki, Hacı Məmmədovun bu torpaqda dəfn olunmağa haqqı yoxdur, onun meyitini yandırmaq lazımdır. Bu statusu yazan qızın 20-22 yaşı var. Əminəm ki, o, heç Hacı Məmmədovu tanımır, ona hansı maddələrlə cinayət işi açıldığını bilmir, eləcə saytlarda şəklini görüb, bir də ola bilsin ki, ömürlük həbs olunduğunu eşidib.

Qızım, niyə gedib instituta hazırlaşmırsan? Savadın yoxdur, heç olmasa, kollec təhsili al, buna da gücün çatmırmı? Oxumaq istəmirsən, yaxşı eləyirsən, bəs niyə gedib sevgilinlə mazaqlaşmırsan? Sən hüquqşünassan, jurnalistsən, yazıçısısan, nəsən? Ümumiyyətlə, sən kimsən ki, Hacı Məmmədovun bu torpaqda dəfn olunub-olunmamağına qərar verirsən? Nə olsun əlində balaca bir feysbuk tribunası var?

Belə çox nümunələr çəkmək olar. Məsələn, yenə də feysbukda dodağını büzüb şəkil çəkdirən qızlardan biri bütün günü Eldar Mahmudovu gözümçıxdıya salıb, iki dəqiqədən bir keçmiş nazirin əleyhinə statuslar döşəyir. Guya ədalət axtarır... Söhbət konkret şəxslərdən və konkret mövzulardan getmir. Söhbət ondan gedir ki, yazdıqları məsələnin onları həqiqətən də narahat etmədiyi açıq-aydın ortadadır. Sadəcə, onlar mövzu ilə kayf tuturlar. Və əlbəttə, heç kimə qadağan da etmək olmaz ki, sən filan şeyi niyə yazırsan? Sadəcə, demək istəyirəm ki, sosial şəbəkələr həyatımıza o qədər dərindən nüfuz edib ki, adamlar robota oxşayır. Yazı-pozuya uzaqdan-uzağa dəxli olmayan ən sadə adamlar da özünü jurnalist kimi aparır, hər şeyə xəbər kimi baxırlar...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm