Onun ana-bacısından niyə üzr istədim?
Bizi izləyin

Köşə

Onun ana-bacısından niyə üzr istədim?

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Azərbaycan balaca ölkədir, çox uzağa gedə bilmirsən, bu başından o biri başının arası səkkiz saatlıq yoldur. Burada hamı bir-birini tanıyır. Belə bir məmləkətdə yazar olmaq isə çox çətindir. Oxucularımızla oturub-durur, rumka rumkaya vururuq. Bizim çox təhlükəli oxucularımız var, onlar hər an yazıçı ola bilərlər. İki dəfə oxucu kimi görüşdüyün adam üçüncü dəfə qarşına yazıçı kimi çıxır. Sənə ağıl öyrətməyə başlayır, məsləhətlər verir.

Keçən il həkimlər haqqında bir yazı yazmışdım, səhiyyəmizin vəziyyətini tənqid etmişdim. Yazım xeyli maraqla qarşılanmışdı. Sosial şəbəkələrdə nə qədər paylaşıldı, haqqında xoş sözlər deyildi. Və əlbəttə, bu təriflər mənə xeyli ləzzət elədi. Amma mütləq kimsə qanımı qaratltmalı idi. Yazının üstündən bir neçə gün keçəndən sonra telefonuma bir nəfərdən zəng gəldi, açan kimi salamsız-zadsız dedi:

– Alo, Kəramətdir?

– Bəli, buyurun.

– Sənlə görüşmək istəyirəm!

– Kimdie, nə məsələdie?

Kobud bir səslə:

– Görüşəndə bilərsən!

– Gəlin Bakı Dövlət Universitetinə, burdayam.

– Yox, yer deyim gəl ora!

– Əlimdə işim var, vallah. Görüşmək istəyən mən olsaydım, dediyin yerə gələrdim. Amma sən zəng eləmisən, mən də deyirəm universitetdəyəm. Buyurun.

Dediyi sözlərin sondakı nidaları telefonda hiss eləyirdim. Tez yaddaşımı vərəqləyib xeyli götür-qoy elədim ki, bu adam mənimlə nə üçün görüşə bilər, mən harda səhv eləmişəm, kimin bostanına daş atmışam ki? Nə qədər fikirləşdim, ağlıma bir şey gəlmədi. Zəng eləyən adam isə heç aradan yarım saat keçmədi ki, gəlib çıxdı. Yanında da iki nəfər vardı. Əl uzatmaq istədim, amma düşündüm ki, birdən salamımı almaz, pərt olaram. Qorxu hissi məni bürümüşdü.

– Ala, sənin bir yazını oxudum. Həkimlər haqqında ağzına gələni danışmısan – dedi.

Oğlan danışdıqca yanındakı iki nəfər üzümə təs-tərs baxırdı. Lazım olsa, məni bir dəqiqənin içində udardılar. Bircə rahatlığım ondan ibarət idi ki, Bakı Dövlət Universitetində hamı məni tanıyır. Yəni öz meydanımdır. Elə öz meydanım olduğu üçün də oturan kimi çay sifariş elədim, çay gələnə kimi isə oğlan öz üslubunda söhbətə davam elədi:

– Mənim bütün nəslim həkimdir. Bacım, anam, atam... O nə yazıdır?

Fikirləşdim ki, mən öz məmləkətimi və onun oxucularını yaxşı tanıyıram. Və bilirəm ki, burada mübahisə eləməyin yeri yoxdur. Əvvəla, onlara gücüm çatan deyil. İkincisi, lap adam çağırıb onlarla necə lazımdır söhbət eləsəm belə yenə də uduzan tərəf mən olacağam. O mənada ki, məni daha çox qınayacaqlar. Çünki mən bu adamlarda beyin deyilən bir şey hiss eləmədim. Və ona görə də söhbəti çox uzatmadım, dərindən bir nəfəs alıb qaqaşa dedim:

– Bir səhvdir olub, üzr istəyirəm, qələt eləmişəm.

Sonra əlimi qəndin üstünə qoyub and içdim:

– Bu bərəkət haqqı, xəbərim olmayıb. Bilsəydim sənin anan, bacın, atan həkimdir, heç o yazını yazardım?

Bundan sonra xeyli sakitləşdilər. Hiss elədim ki, üzrdən sonra qələt eləmişəm sözüm qaqaşların xüsusilə xoşuna gəldi.

– Siz Allah, məni bağışlayın. Dönə-dönə üzr istəyirəm. Atana, anana, bacına da mənim üzürxahlığımı çatdır.

Ofisiant çayı gətirənə kimi söhbəti bağladım, üçü də mehriban və səmimi bir şəkildə sağollaşıb getdilər.

Arxadan bir xeyli onlara tamaşa elədim. Yaxşı da geyinmişdilər. Ümumiyyətlə, baxan kimi bilirdin ki, onların hər şeyi var: sağlamlıq, boy-buxun, yaraşıq, ev-eşik, qızlar... Bircə beyinləri yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm