Bizdə niyə alınmır?
Bizi izləyin

Köşə

Bizdə niyə alınmır?

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

İnsan kimisə sevə bildiyi kimi kiməsə də nifrət edir, kiminsə uğurlarına sevinə bildiyi kimi kiminsə də paxıllığını çəkir. Bunlar təbii hisslərdir. Amma mənim də içində olduğum ədəbi mühitdə kiminsə dilindən eşidəndə ki, filankəs mənim paxıllığımı çəkir, ətim tökülür. Ədəbi mühitimizə bir az yuxarıdan baxıram, həqiqətən də, içi özüm qarışıq paxıllığı çəkiləsi bir adam görmürəm. Əvvəllər vardı, o da Qaraqan idi. Fikirləşirdim ki, eyni yaşdayıq, o da yazır, mən də yazıram, amma onun kitabları yaxşı satılır, pul qazanır, mənim kitabımı isə alan yoxdur. Nə yaxşı ki, Qaraqan da çıxıb Amerikaya getdi, canım qurtardı.

Doğrudan da, biz bədbəxt adamlarıq. Xırda şeylərlə başımızı qatır, kitabımızın çapını uğur hesab eləyir, adını da xoşbəxtlik qoyuruq. Öz bədbəxtliyimizi xoşbəxtcəsinə yaşayırıq. Uğurumuzla uğursuzluğumuz bir-birinin tayıdır. Ömür qulağımızın dibindən güllə kimi uçub gedir, xəbərimiz yoxdur, biz isə hələ də müzakirə aparırıq ki, həyatdangəlmələr yaxşı yazır, yoxsa kitabdangəlmələr. Kitab oxuyanlarımız da bədbəxtdir, oxumayanlarımız da. Kitab oxuyan adamlardan biri ağ günə çıxsa, bilirəm ki, hamı bütün günü mütaliə edər. Amma yoxdur! Oxuyanda da alınmır, oxumayanda da. Çünki bizdə nəsə çatmır. Və bütün problemimiz də o “nəsə”nin içindədir. İstedadımız da var, mütaliəmiz də, amma yenə alınmır. Təqdimat da pis deyil, cavan yazarlarımız artıq Türkiyəni, Rusiyanı, Amerikanı su yoluna döndəriblər. Söz soruşursan, ingiliscə cavab verirlər, adamın üstünə fransızca qışqıran şairlər tanıyıram. Bəs niyə bizdə alınmır?

Ailədə də alınmır, evdə də alınmır, arvadla mehriban dolanırsan, alınmır, dalaşırsan, ayrılırsan, yenə alınmır. Cəmiyyətdə də alınmır, iqtidarı tərifləyirsən, alınmır, müxalifətə keçirsən, alınmır. Vicdanlı olursan, alınmır. Vicdanını itirirsən, yenə alınmır. Həqiqəti yazırsan, alınmır, yalan deyirsən, o da alınmır. Özünü dəliliyə vurursan, alınmır, ağıllanırsan, yenə alınmır. İçirsən, alınmır, içmirsən də alınmır. Bütün dostlarını tərk edirsən, namaza keçirsən, ancaq Allahla oturub-durursan, yenə alınmır. Hərdən əlinə pul da keçir, yenə alınmır. Əkrəm Əylisli səni tərifləyir, alınmır. Mövlud Süleymanlı zəng edib “Ədəbiyyat qəzeti”ndə gedən hekayələrini şedevr adlandırır, yenə alınmır. Elçin Əfəndiyev müsahibəsində adını çəkir, yenə alınmır. Səlim Babullaoğlunu tərifləyirsən, alınmır, tənqid edirsən, yenə alınmır. Nə qədər çalışırsan, nə qədər vuruşursan, alınmır. Əminəm ki, bir gün intihar etmək istəyəcəksən, yenə də alınmayacaq.

Kimsə fikirləşə bilər ki, mən ancaq özümü nəzərdə tutub danışıram. Elə deyil. Düzdür, məndə də alınmır, amma bilirəm ki, oturub-durduğum qələm dostlarımızda da alınmır. Əziyyət çəkirlər, özlərini daşa-qayaya çırpırlar, xeyri yoxdur, alınmır. Ədəbiyyat alınmır, yaradıcılıq alınmır, dostluqlar alınmır, düşmənçiliklər alınmır... Bircə uğursuzluq alınır. Əminəm ki, bir azdan o da alınmayacaq! Qaraqan da çıxıb Amerikaya getdi, bəs kimin paxıllığını çəkəsən? Görəsən, narahat bir ömrə verilmiş bu qədər suallarla nə qədər yaşamaq alınacaq?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm