Uşağına oyuncaq ala bilməyən atalar
Bizi izləyin

Köşə

Uşağına oyuncaq ala bilməyən atalar

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

İnsanı həyata bağlayan hələ ki, bircə şey mənə tam aydınlığı ilə məlumdur, o da övlad sevgisidir. Bir qızım var, bir oğlum. Əvvəl atalar övladlarından danışanda, onlara sevgilərini ifadə edəndə mənə çox pis təsir edirdi, fikirləşirdim ki, işi-gücü yoxdur, bütün günü uşaqlarından danışır. İndi isə qəribədir, harda oluramsa, istəyirəm uşaqlardan söz düşsün və söz düşmüşkən, mən də fürsətdən istifadə edib bir az öz qızımdan, bir az da oğlumdan danışım. Mənim üçün onların necə yatmasını, necə yeriməsini, necə dombalaq aşmasını gözlərimi yumub yuxuya gedərək, dovşan kimi tullana-tullana yeriyərək və dombalaq aşaraq ifadə etməkdən gözəl, şirin bir şey yoxdur. Qızımdan və oğlumdan danışanda necə həyəcanlanıramsa, elə bilirəm göydə uçuram, buludların üstündəyəm, ayağım yerə dəymir. Bu nə hissdir, bilmirəm. Hamı övladını çox sevir, amma mənə elə gəlir ki, bu sevgi məndə çox anormaldır.

Təəssüf ki, çoxları, hətta öz övladları olan dostlarım da mənim bu hissimi bəzən anlamır, ələ salırlar. Mən isə təbii, məşhur ələsalan kimi onları vecimə də almıram, uşaqlarımı sevməyə və bu sevgidən ləzzət alamağa davam edirəm. Ancaq dünya zalım dünyadır, hamı sənin kimi düşünmür, hamı sənin keçirdiyin hissləri keçirmir, ona görə də bəzən öz sevgini sübut eləməyə maddi imkanın çatmır, elə bil sən min manatlıq sevirsən, amma uşağa əlli manatlıq bir şey ala bilmirsən və məcbur olursan ki, sevginin “xod”unu alasan, ayağını öz yorğanına görə uzadasan, pulun nəyə çatır, o qədər də sevəsən.

Bəs sən necə eləyəsən ki, yaxşı ata olduğunu təkcə özün bilməyəsən, övladın da bunu hiss eləyə, yəni o mənada ki, uşağının istəklərini, arzularını yerinə yetirəsən. Uşaqdır, başa düşmür, oyuncaq dükanına girəndə ən bahalı şeylərin üstünə cumur, daha bilmir ki, atasının maaşı ilə onun istədiyi oyuncaqlar arasında nə qədər dağlar, nə qədər dərələr, uçurumlar yerləşir. Məsələn, uşaq istər ki, atası onun heç olmasa, həftədə bir dəfə əyləncələrə aparsın. Həftədə bir dəfə əyləncənin pulunu isə ən azı 100 manatdan hesablasaq, ayda 400 manat eləyir. Bəs onun bağçasının pulunu – 250 manatı necə verəcəksən? Axı alergiyası da var, tez-tez xəstələnir, öskürür, bəlğəm sinəsini tutur, boğulur, dövlət xəstəxanalarına etibar yoxdur deyirlər, özəl klinikalar isə adamın üzünə pul oxuyur, bəs bunun hesabını necə verəcəksən? Bəs həkimlərin yazdığı dərmanları nə ilə alacaqsan? Hələ “pampers” demirəm.

Şübhəsiz, hansı yolla olur-olsun, uşaqlar onsuz da, pis-yaxşı böyüyürlər. Amma könül istər ki, onların arzuları ürəyində qalmasın, yəni uşaqlığını uşaq kimi yaşasın, hansısa bir oyuncağın həsrətini çəkməsin, sevdiyi yeməklərdən dadsın, maraqlı yerlərdə gəzib-dolansın, evdə dörd divarın arasında darıxmasın, ağlayıb yatmasın, sevdiyi şeylərdən yorulub yuxuya getsin. Bunları eləyə bilməyəndə uşaq uşaq kimi əzab çəkir, ata isə ata kimi ağrıyır. Mənim keçirdiyim hisslərlə yaşayan nə qədər atalar var və bilirəm ki, onlar da narahtdırlar, onlar da düşünür, fikirləşir ki, nə edim, necə edim ki, balacam xoşbəxt olsun. Amma gücü çatmır, bacarmır, uşağına oyuncaq ala bilmir, axırda məcbur olub sevgisinin “xod”unu alır...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm