İsti ölkədə soyuq “inqilab”
Bizi izləyin

Köşə

İsti ölkədə soyuq “inqilab”

Aqşin Yenisey

Aqşin Yenisey

İnqilablar, adətən, köhnə dəyərlərin çürüdüyü, sosial vəziyyətin insanlara yaşamaq üçün deyil, ölmək üçün mənəvi güc verdiyi, uzunmüddətli monoton idarəçiliyin həyatı zəhərlədiyi, axsatdığı cəmiyyətlərdə yenilik istəyinin mümkünsüzlüyə dirəndiyi zaman zorakı yola əl atılması ilə baş verir. Nəzəriyyəçilər birinci halda baş verən inqilabları “sosial”, ikinci halda baş verənləri isə “siyasi inqilablar” deyə təsnif edirlər. Amma bəzən bunun tərsi də inqilabi yolla reallaşa bilir. Yenilənə bilməkdə mümkünsüzlüyə dirənən bir cəmiyyət dəyişiklik naminə öz keçmişinə, köhnə dəyərlərinə qayıtmaq və əcdadlarının həyatını bərpa etmək üçün inqilaba, üsyana qalxır. İran İslam İnqilabı belələrindən idi. Bu inqilabın siyasi məqsədləri bütün digər inqilabları yaradan narazılıqlara oxşasa da, nəzəri məqsədləri peyğəmbər zamanını bu günə qaytarmaq, müasir qanunları şəriət qaydaları ilə əvəzləmək, insan (daha çox qadın) haqq və azadlıqlarını müsəlman əxlaqı qəlibinə salmaq və s. idi. Yunan mədəniyyətindən xristianlıq, Bizans mədəniyyətindən sonra İslam da keçmişə qayıdış idi və xristianlar inkivizisiyadan sonra yenidən yunan mədəniyyətinə qayıtmaqla yeniliyi keçmişdə aradılar və tapdılar.

Əvvəlcə belə bir suala cavab axtaraq ki, xalq, doğrudan da, öz keçmişini belə bir çoşqu ilə nə üçün arzulayır? Nə üçün yeniliyə qapılarını bağlayıb, köhnəliyə ürəyini açır? Məsələn, nə üçün Salman Rüşdinin yazdığı kimi, 1960-cı illərdə bütün dünya gəncliyi hippi hərəkatı və digər antimilitarist mövqeləri dəstəklədiyi ərəfədə, Pakistan gəncləri küçələrə axışıb hökumətdən daha çox qadağaların gətirilməsini tələb edirlər? Yaxud nə üçün Maonun arxasınca gedən çinli gənclər hər yerdə eynəkli (yəni savadlı) həmyaşıdlarını, professorları döyüb öldürürdülər? Niyə günümüzün Türkiyəsində bəzi adamlar israrla doqquz yaşlı qızların ərə verilməsini istəyirlər? İndilik bu suala verəcəyimiz cavab belədir ki, inqilabi dəyişiklik üçün bəhanənin nə olmasının heç bir əhəmiyyəti yoxdur. İnqilab üçün əsas olan mövcud vəziyyəti dəyişməkdir ki, maraqlı qüvvələr dəyişiklik istəyən kütləni hər bir bəhanənin arxasınca lökküdə bilirlər. Bastiliyanın özü belə bu cür cəfəng bəhanələrlə alınmışdır. İnqilabçılar qalaya monarxiyanın işgəncə verdiyi siyasi dustaqlar üçün getmişdilər, əvəzində arvadını, uşaqlarını öldürən qatillə, qəssabdan ət oğrulayan hamballa və bu tip üç-dörd dustaqla qarşılaşdılar. Hərdən də olur ki, cəmiyyətə inqilabi yenilikləri xalq deyil, liderlər siyasi iradələri ilə gətirirlər. Məsələn, bizim eranın ikinci əsrində Şimalı Afrikada bir imperator ailədə ilk doğulan uşaqların tanrıya məxsus olması haqqında dini inanca uyğun olaraq onların tanrıya qurban verilməsi adətini qanunla qadağan etmiş və insanın qurban verilməsini aradan qaldırmışdır. Fransanın mədəniyyət beşiyi olmasında XIV Lüdovikin qərarları müstəsna rol oynayıb. Atatürkün öz iradəsi hesabına türklər üçün etdiyi yenilikləri heç bir ata öz övladı üçün etməyib və s.

1970-ci illərdə İran xalqı, həqiqətən də çadra, şəriət, islam inqilabı istəyirdimi? Əvvəlcə onu deyək ki, İranda daha mütərəqqi inqilab 1906-1909-cu illərdə baş tutmuşdu. Qərbdəki liberalizm, sosializm idelogiyalarından təsirlənən İran modernistləri bu illərdə öz siyasi qələbələrinə Konstitusiya İnqilabı adını vermişdilər. Bu inqilabın məqsədi ölkədə siyasi və iqtisadi azadlıqları bərqərar etmək idi. Modernistlərin inqilabından, təqribən, 10-12 il sonra İngiltərənin dəstəyi ilə hərbçi Rıza Pəhləvi çevriliş edərək hakimiyyətə gəlmiş və modern İran dövlətinin əsasını qoymuşdu və bu işdə özündən əvvəlki Konstitusiya İnqilabının prinsiplərinə söykənmişdi. Rıza şah dərhal modernləşmə və sekulyarlaşma islahatlarına başlamış, iqtisadiyyata xarici təsirləri azaltmaq üçün ölkədə Milli Bank yaratmış, sənayeləşməni sürətləndirmiş, Hicabla Mübarizə qanununu qəbul etmiş, məhkəmə sisteminə sekulyar prinsiplərin gətirilməsinə çalışmış və bütün bunların əvəzində ölkə elitasında təmsil olunmayan dindarlarla tacirlərin gözünün düşməninə çevrilmişdi. Eynən o dövrün sovetlər birliyində və Türkiyə Cümhuriyyətində olduğu kimi, Rıza Şah da modernləşmə islahatlarını həyata keçirərkən tez-tez dövlətin qol gücündən, inzibati, hərbi gücdən istifadə etməli olmuşdu. Rıza şahın və oğlu Məhəmməd şahın islahatları ölkədə daha böyük azadlıqlar istəyən orta təbəqənin yaranmasına və gücləməsinə səbəb olmuşdu ki, bu da 1977-79-cu illərdə şah rejiminin özünə qazdığı quyu rolunu oynadı. Keçmiş SSRİ-ni universitet bitirmiş fəhlə və kəndli balaları, Atatürk cümhurəyyətini onun təhsil sistemində savadlanmış dindarlar yıxdığı kimi. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın vassalına çevrilməsi dini müxalifətin şaha yönləndirdiyi və kütlələri özünə cəlb edə bildiyi əsas tənqid mövzusu idi. Belə ki, dini müxalifət ölkəni şahın deyil, Amerika imperialistlərinin idarə etdiyini və bunun qarşısını yalnız xalqın dini həmrəyliyi ilə almağın mümkünlüyünü siyasi kredoya çevirmişdir. Çünki inqilab liderləri müsəlman dünyasında islamın istənilən dəyişiklik üçün emosional bir güc mənbəyi rolu oynadığını çox yaxşı bilirdilər ki, inqilab bunsuz heç vaxt mümkün olmur. Əvvəlki inqilabda şahın islahatlarının yanında olan tələbələr və aydınlar bu dəfə dini kəsimin tərəfinə keçmişdir və ilk etirazlar ölkədəki Qərb mədəniyyətinin simvolları kimi göstərilən kinoteatrlara və içki dükanlarına hücumlarla başlamışdır. Məsələn, Abadan şəhərində bir kinoteatra hücum zamanı 400 insan qapıları bağlı binada yanaraq ölmüşdür. İslam inqilabı başlanğıcında təşkilatlanmış bir siyasi qüvvənin mübarizəsi deyildi, hətta İran İslam İnqilabının ideoloqlarından biri olan İbrahim Yazdi deyirdi ki, bizim ən böyk gücümüz təşkilatlanmamağımızdır. Yəni aydınların və tələbələrin dindarlarla bir sırada olmasının səbəbi şah rejimini islam rejimi ilə əvəz etmək deyildi. Başlanğıcda islam inqilabçılar arasında bir həmrəylik, emosional birlik avantajı idi. Məqsəd ölkədə müxalif düşüncənin gözündə eyniləşdirilmiş əxlaqi və siyasi çöküşün qarşısını almaqda xalqı daha yaxın olduğu emosional bir gücün ətrafına yığmaq idi. Məsələn, Leninin dilində bu emosional güc səfalət içində yaşayan fəhlə və kəndlilərə birdən-birə vəd olunan “siyasi hakimiyyət”, Kuba inqilabında Fidel Kastronun da üzvü olduğu partiya lideri Çibasın çıxışlarının birində ölkədəki rüşvətxorluqdan danışarkən qəfildən öz başına atəş açıb intihar etməsi ilə populist burjua romantizmini psixopat həddinə gətirməsi idi ki, Kastro bunu vaxtında qiymətləndirə bildi. İnqilabın hər bir kütləni çoşduran emosional bir damarı olmalıdır ki, İran aydınları da, inqilabın liderləri ilə həmrəy olub bu damarı islamda görürdülər. Bu damarsız heç bir etiraz, nəzəri biliklər kütləni ayaqda saxlaya bilməz. Yeni dinlərin özü belə köhnə allahları kütlənin bu emosional damarını tutaraq yenmişlər. Bunu İran inqilabını araşdıranlar da yazır ki, Rusiyadan, Çindən, Kubadan, Vyetnamdan fərqli olaraq İranda inqilabi kütlə daha inkişaf etmiş təbəqələr idi. Onlar şah rejimindən daha yaxşısını arzuladıqları üçün dini bir vasitə kimi görürdülər. Amma inqilabın dini liderləri işin gedişində millətçiliklə şiəliyi birləşdirməyi bacardılar. Yəni inqilabi siyasi, rasional ideyalardan arındırıb tamamilə emosional ideyalara, kütlə ehtirasına, dəyişiklik coşqusuna bağladılar və indiki islam dövləti quruldu. İslamı vasitə kimi görən qruplar isə sonradan inqilabın özü tərəfindən aradan götürüldü. Bu gün yenə İranda xalq küçələrdədir və yenə təşkilatlanmamış formada. Bu dəfə kütlənin hədəfi islam inqilabının özüdür və ortada səbəb var (səbəb həmişə və hər yerdə var), amma o vacib olan emosional güc görünmür. Belə iğtişaşlar isə çox vaxt kütləvi həbslərlə başa çatır, heç bir məqsədə nail olmadan.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm