Türk olmamaq ayıbdır?
Bizi izləyin

Köşə

Türk olmamaq ayıbdır?

Kəramət Böyükçöl

Azərbaycanda insanlar var ki, deyir: mən millətçiyəm. Təşkilat yaradır, özü ağılda gəncləri ətrafına yığır, tədbirlər-zad keçirir. İki dəqiqiqədən bir bozqurd işarəsi və görüşəndə qoç kimi kəllələşmək ən sevimli məşğuliyyətləridir. Onların ağlına görə Azərbaycanda hamı əlini göyə qaldırıb bozqurd işarəsi göstərməlidir, bir-birləri ilə kəllələşməlidir. Çünki əsl millilik budur, əsl kişilik budur. Bunlara baxıb qarnın cırılana kimi gülməyib neyləyəsən? Və bu ağılla əvvəlcə Qarabağı alır, sonra Cənubi Azərbaycan torpaqlarını birləşdirir və Bütöv Azərbaycan yaratmaq istəyirlər. Bir-iki türk dövləti bayrağını başlarının üstünə qaldırıb, ancaq ürəklərində mənfəət haqqında düşünən bu cür bayağı millətçiliyin neçə illər ərzində ictimai rəydə otura bilməməsinin səbəbi də məhz əməllərinin və arzularının gülməli görünməsidir.

Bəli, mən də türkəm. Hə, noolsun? Hər yerdə anqıra-anqıra deməliyəm ki, mən türkəm? Ümumiyyətlə, xüsusi ehtiyac olmayanda, kimsə üstümə dirənib soruşmayanda türk olduğumu dilə gətirmirəm. Dünya telefonu çoxdan unudub, Azərbaycanda adamlar bir-birinə “vızıv” atır, bu gün millətçilik də təxminən, “vızıv” kimi bir şeydir.

Bakı Dövlət Universitetinin birinci kursunda oxuyurdum, tez-tez görürdüm ki, cavan uşaqlar gah qəzet çıxarıb satırlar, gah da jurnal buraxıb dəyər-dəyməzinə ona-buna sırıyırlar. Guya məqsəd türklüyü təbliğ etməkdir. Guya türk olmamaq ayıbdır. Tələbə yoldaşlarımızın bəziləri Türkiyə vətəndaşları idi. Bizim millətçilər isə onları gözümçıxdıya salmışdılar ki, siz kürdsünüz. Kürd olanda nə olur? O da insandır, onun da iki gözü var, bir burnu var, əli var, qolu var, nəfəs alır. Kürd olduğuna görə gününü qara eləməlisiniz? Onlar da qorxurdu, çəkinirdi, tir-tir əsirdi. Bizim millətçilərdən soruşsaydım ki, niyə belə edirsiniz? Görmürsünüzmü onlar necə ziyalı, necə mədəni, ağıllı, savadlı və necə işıqlı gənclərdir. Sevinin ki, başqa bir ölkədən sizin universitetə belə tələbələr gəlib. Bunları deyə bilməzdin. O saat qayıdacaqdılar ki, sən də kürdsən!

Pul qazanmağın çox mükəmməl yolları dura-dura həmin millətçi gənclərin məşğul olduğu iş məndə ikrah hissi yaradırdı. Burda əslində, elə pul yeri də yoxdur. Yəni söhbət xırda mənfəətdən gedir. Məsələn, ətrafına beş-altı türkçü gənc topladınsa, deməli, artıq güc hesab oluna bilərsən. Və səni güc kimi görən özün ağılda bir partiya sədri isə deyir, filan vaxt mənim filan yerdə tədbirim olacaq, uşaqları yığ gətir, adam çox görünsün. Buna görə partiya sədri cüzi pul da verir. Siz Allah, qazanca baxın! Universitetdə nə qədər millətçi gənclər tanıyırdım ki, pulu bu cür qazanırdılar. Müxtəlif partiya sədrləri xırda pullarla belə səfeh gənclərdən istifadə edirdi. Amma bir şey də var ki, xırda pulların yanında böyük ümidlər olanda adam həvəslə işləyir. Bu, həyatın amansız həqiqətidir.

Doğrudur, bir vaxtlar mən də o fikirdə idim ki, tələbələrin çıxardığı qəzetlər, jurnallar millətçilik şüurunun oyanmasında rol oynaya bilər. Hətta uşaqların qəzetini hər yerdə təbliğ də edirdim. Burda ayıb bir şey yoxdur. Sadəcə, səmimi və səy idim. Bütün günü evdə anamı boğaza yığmışdım ki, mən türkəm, mən türkəm! Yazıq arvad əlimdən bezmişdi. Başı da çıxmırdı. Deyirdi, nə danışırsan?

Deyəsən, dördüncü kursda oxuyurdum. Kafelərin birində çay içəndə gördüm ki, yan tərəfdə millətçi Azərbaycan gəncliyinin aparıcı qüvvələri əyləşib mübahisə edirdilər. Biri o birisinə dedi ki, bəy, sən yaltaqsan! O birisi cavab verdi ki, bəy, yaltaq da varsan, əclaf da! Bəy bəyə qarışdı. Üçüncü qayıtdı ki, bəy, sən şərəfsizsən, biqeyrətsən! Necə oldusa qəfil bəyin biri o biri bəyi vurdu. Sonra o biri bəy söyüşə keçdi. Üçüncü bəy gül ağzını açanda kafenin sahibi işə qarışdı və hər üç bəyi qovdu. Ara səngiyəndən sonra gedib stulun altında inildəyən bəy sözünün əlindən tutub ayağa qaldırdım, üstünü-başını təmizləyib üzünə soyuq su vurdum...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm