Sağlam ölməyə heyfim gəlir
Bizi izləyin

Köşə

Sağlam ölməyə heyfim gəlir

Kəramət Böyükçöl

Uzun müddətdir siqaret çəkirəm, içki içirəm, birdən-birə necə oldusa qərara gəldim ki, bu pis vərdişlərimdən əl çəkim. Bəli, siqareti tərgitmişdim, spirtli içki də içmirdim, əməlli-başlı qəzetə müsahibə vermişdim, başlığına da yazılmışdı ki, gənc yazıçı siqareti və içkini atdı. Nə danım, özümü çox rahat hiss edirdim, hər gün meyvə şirəsi içir, cana qulluq edirdim. Səhərlər dəniz kənarında hava alır, hər saatdan bir Bayraq Meydanında dalğalanan üç rəngli bayrağımıza baxanda isə qürur hissi keçirirdim, belə bir ölkədə yaşadığıma görə qollarımı məscid minarəsi kimi göyə ucaldıb şükür, sonra əllərimi qoşa gül kimi üzümə söykəyib Allaha dua eləyirdim.

İş yerimdə də vəziyyət yaxşı idi. Müdir məni çox istəyir deyə, hamı başıma and içirdi. Məni görən kimi ikiəlli görüşürdülər. Təsəvvür edin, çayxanada oturursan, dostlarının nə qədər siqaret çəkməyinə baxmayaraq, sən çəkmirsən, onların nə qədər içməsinə baxmayaraq, sən içmirsən, onda adam elə gözəl hisslər keçirir. Elə bilirsən hamısı xərçəng xəstəliyinə tutulacaq, amma sənə heç nə olmayaq. Hərdən bu barədə dostlara yüngülvari xəbərdarlıq da edirsən, amma çox dərinə getmirsən. Fikirləşirsən ki, qoy içib ölsünlər.

Düzü, şəxsi həyatımın qaydasında olması mənə siqaretdən və içkidən uzaq dayanmağa xeyli kömək edirdi. Bir müddət beləcə siqareti əlimə də almadım, içkini dilimə də vurmadım, ancaq nə yalan deyim, hərdən ürəyimdən elə keçirdi, elə keçirdi, sadəcə, maaşım vaxtı-vaxtında verilirdi deyə, içimdə həyat eşqi daha güclü idi, içki və siqaret istəyimə asanlıqla qalib gəlirdi.

Beləcə 5-6 ayım tamamilə siqaretsiz, içkisiz keçdi. Sonra yavaş-yavaş işlərim düz getməməyə başladı, belə vaxtlarda özümdən gizlin dostlardan bir siqaret alırdım. Həyatın çətinlikləri haqqında düşünməyə başlayırdım, izah da eləyə bilmirdim. Düşünürdüm ki, guya çox yaşamağın nə mənası var? Bu qədər alçaq, bu qədər şərəfsiz insanların arasında yaşamağın nəyi gözəldir ki? Ən məsləhətlisi ölməkdir. Bəzi dünya görmüş kişilərin siqaret haqqında fikirləri isə ayağımın altına daş qoydu. Səhv eləmirəmsə, Nəcib Fazildən soruşurlar ki, niyə siqaret çəkirsən? Deyir, sağlam ölməyə heyfim gəlir. Əliağa Vahidə də eyni sualı verirlər, o da qayıdır ki, mənim üçün yanan təkcə siqaretdir, onu niyə atım?

Həkim də məsləhət gördü ki, əslində, siqareti qəfil atmaq adama pis təsir edir, ölüm təhlükəsi var. Bu sözdən sonra qorxdum, bir az da ürəkləndim ki, arada bir-iki dənə çəkmək olar. Beləliklə, o dostdan bir siqaret, bu dostdan bir siqaret ala-ala 3-4 ayı da bu cür yola verdim. Bir də gördüm özümün də xəbərim olmadan mən siqareti yox, siqaret almağı tərgitmişəm. İşlərim düz getmədikcə ürəyim əməlli-başlı siqaret istəməyə başlayırdı. Düzü, bu ərəfədə iş yerimdə də problem yarandı. Təsəvvür eləyin, istedadsız, nadan bir adam mənə deyir ki, işə gəlib-gedəndə rəsmi geyin, bura sənin üçün kafe-restoran deyil. Yaxud, səhər saat 9-un yarısı gəl tabelə qol çək, yoxsa maaşından tutulacaq. 9-un yarısı işə gəlib qol çəkərəm, amma biləm ki, normal maaşım var. Mən yazıq gedim fəhlə işləyim? Yaxşı, fəhlə işləməyə də razıyam, heç olmasa, vaxt verin. Məni incitməyin, nə olar.

Mənə bu cür qadağalar qoyan adamın sifətini yadıma salanda o qədər əsəb keçirdim ki, özümün acığına nisyə bir blok siqaret aldım, ordan da pivəxanaya getdim. Ofisianta dedim ki, mənə bir vanna pivə gətir. Sağ olsun, gətirdi. Şalvarımı çırmayıb ayaqlarımı vannaya saldım. Sonra dedim ki, bir vedrə də pivə gətir. Sağ olsun, yenə gətirdi. Bir vedrə pivəni tökdüm başıma. Sonra dedim, bir bakal pivə gətir. Bir bakalı da çəkdim başıma. Dedim, birin də gətir... Siqaretin birini taxdım ayaq barmağımın arasına, birin taxdım o biri ayaq barmağıma, birini bir əlimə, o birini də bir əlimə, dördünü də yandırdım, pilədim getdi. O qədər içdim, o qədər içdim, yadımda deyil, deyəsən, kiməsə zəng eləyib dedim ki, hamamın bakını pivə ilə doldur, gəlirəm yuyunmağa! Az yaşamaq da bir mədəniyyətdir. Canının qeydinə qalan adamlardan zəhləm gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm