Dil metal və mental materiya deyil
Bizi izləyin

Köşə

Dil metal və mental materiya deyil

Aqşin Yenisey

Aqşin Yenisey

Hər bir yeni tarixi dövr mistika ilə yaranır, estetika ilə yaşayır, etika ilə başa çatır və hər bir dövr özünün mistik, estetik, etik dilini yaratmaqla tarixiləşir. Tarix bütün hallarda dil məsələsidir. Sovetizmin mistikası olmadığı üçün nə estetikası, nə etikası insanlara yapışdı və indi bu dövr özünün tarixdəki yerini qorumaq üçün sonuncu mərhələsinin, yəni sovet etikasının peşində. Və bu etika dildən başqa hər yerdə qeyri-etik işlərlə məşğul. Divin canı şüşədə olduğu kimi, sovet ədəbiyyatının da canı etikadadır. Ona görə də cəmiyyətdə bir etika repressiyasının hökm sürməsində maraqlı. Yaxşı şeiri “pis” şairlə vurur, sənətə deyil, şəxsiyyətə hücum edir. Estetik ittihamlara gəldikdə isə özünü, adətən, belə bir iddia ilə xilas etməyə çalışır; məsələn, deyir: “Səməd Vurğun dilimizi durulaşdırıb”. Birincisi, onu deyim ki, "Duru dil" dedikdə nə üçün mənbə olaraq Azərbaycan xalq nağıllarını, folklor nümunələrini, atalar sözlərini yox, Səməd Vurğunun şeriyyatını xatırlayırlar? Bəyəm Azərbaycan folklorunun dili “bulanıqdırmı?” Füzulinin dövründə yaranmış atalar sözündəki gəlmə, alınma “lehmədən” kimin şikayəti var? Səməd Vurğunun şeri hansı nağıldan, yaxud atalar sözündən daha qədim və daha durudur? İkincisi, sovet şair və yazıçılarına qədər Azərbaycan coğrafi məkan olaraq işğal nəticəsində kiçilsə də, Azərbaycan dili özünün imperativ miqyasını qoruyub saxlamışdı. Məsələn, Axundovun mövzuları bütün İran regionunu, Hüseyn Cavidin dili bütün müsəlman dünyasını ifadə edirdi. Yəni, daha geniş mədəniyyəti, daha böyük coğrafiyanı ifadə etmək iddiasında idi. Səməd Vurğungil Azərbaycanın coğrafi kiçilmələrini, dildə təsdiqlədi və öz taleyi ilə barışmış “duru bir müstəmləkə dili” yaratdı. Biz, dilində heç bir elmi, fəlsəfi ifadə, termin olmayan məişət xalqı səviyyəsinə endik bu dildə. Amma qardaş dediyimiz Türkiyədə bu gün də bir balaca fəlsəfi, daha dərin mövzulara girişəndə osmanlı dili olmadan keçinə bilmirlər. Əvvəlki imperativ enerjini saxlamaq üçün, ən azı, osmanlını əhatə edən mövzulara baş vururlar. Təsadüfi deyil ki, Nobel mükafatı alan Orxan Pamuk da mövzu olaraq öz romanlarına müasir İstanbulu deyil, Osmanlı İstanbulunu seçmişdi. Səməd Vurğungilin “duru dili” də bizi, məsələn, İrfan təfəkküründən uzaqlaşdırdı. Biz ədəbiyyatımızın kosmik düşüncəsini itirdik. Siz, məsələn, inandığınız Tanrı anlayışı haqqında İrfan dilini bilmədən, sovet şair və yazıçılarının dilində ciddi heç nə yaza bilməzsiniz, kosmik zəkanı oyatmaq üçün siz yenidən ya İrfani dilə qayıtmalı, ən azı, Nəsiminin dilinə yaxın bir mövqe tutmalısınız, ya da aşağıda deməyə hazırlaşdığımız kimi, yeni sözlər, anlayışlarla dilin ərazisini genişləndirməlisiniz.

Dil təfəkkürün ifadəsidir. “Duru dil”, intellektual aqibət deyilsə, dayaz təfəkkür, günlük mövzular deməkdir, mürəkkəb mövzulardan qorxan, adiyəadiyəadiyə qaçan düşüncə deməkdir. Və bir ədəbiyyatın “anadangəlmə duru dil” həvəskarı olması onun mürəkkəb mövzulardan qorxduğundan xəbər verir.

mövzular isə yalnız böyük coğrafiyaların problemlərini düşünərkən ortaya çıxır. Məsələn, Cavidin “Şeyx Sənan” əsərinin mövzusu öz gücünü əhatə etdiyi çoğrafiyanın mənəvi, psixoloji, siyasi nəhəngliyindən alırdı. Kiçik xalqların ədəbiyyatı ona görə dünyaya çıxa bilmir. Müsair Azərbaycan ədəbiyyatının dünyaya çıxması üçün mövzularımız, ən azı, İrfan coğrafiyasına müraciət etməlidir. Bu coğrafiyanı ifadə edən dil, Azərbaycanda ən son Asif Atanın fəsfəsində yanıb sondü. Sovet dilinin cəh-cəlalı Azərbaycanda Şərq fəlsəfəsinin “sünnət toyu” idi. Bu “toytutmanın” nəticəsidir ki, sovet ədəbiyyatının mənəvi davamı olan çağdaş ədəbiyyatımız bibisindən, əmisindən yazan çiy istedadlarla dolub daşır.

Bunun baş verməməsi üçün əvvəlcə dil yenilənməlidir, dilin coğrafiyası böyüməlidir. Özünün tarixi ərazilərini bərpa edə bilməsə də, yeni sözlər, anlayışlar vasitəsilə özünə yeni ərazilər qazanmalıdır. Necə ki, Türkiyədə Atatürkün “Dil inqilabı” bunu etdi. Görək bizdə bu iş hansı səviyyədə baş verir?

Azərbaycan türkcəsinin çox aktual problemləri var; məsələn, onlardan biri, yuxarıda dediyimiz kimi, uzun illərdən bəri əyalət dili səviyyəsində ilişib qalmasıdır. Terminoloji yaradıcılıq, anlayışların yenilənmə prosesi olmadığı üçün bizim türkcə hər növbəti dövrün növbəti əyalət dili olaraq qalır. Bu dediyimi əsaslandırmaq üçün Türkiyə və Azərbaycan türkcələrindən bir-birinə etdiyim tərcümələri nümunə göstərmək istəyirəm. Belə bir tərcümə prosesi ilə məşğul olan hər kəs bu fikri təsdiqləyər ki, müasir Azərbaycan türkcəsi müasir Türkiyə türcəsinin içində ərinmiş, həll olmuş halda mövcuddur, yəni onun içində bir “əyalət” kimi görünür. (Eynən başqa ölkəyə gedən və yad xalqların içində əriyən həmvətənlərimiz kimi.) Bizim sözlər Türkiyə türkcəsində məna yaratmır, hazır mənanın tələblərinə uyğun olaraq, bir növ, “əldə-ayaqda işləyir”, cümləyə ikinci, üçüncü dərəcəli tərkiblər kimi dəvət olunur, o halda ki, onların yerinə ərəb, yaxud Avropa dillərindən söz almaq "çətinləşir". (Eynən qonşu ölkələrdə üçüncü, dördünsü dərəcəli işlər təklif olunan həmvətənlərimiz kimi.) Müasir yazılı türk dilində mənaya Atatürkün dil inqilabından sonra dil qurumu tərəfindən düzəldilmiş, bu inqilabı qəbul etməyənlərin təbirincə desək, "qondarılmış" sözlər nəzarət edir. Yəni bu “inqilabi” sözləri müasir türk mətnindən çıxarsaq, ortada Avropa dillərindən alınmış sözlərlə zənginləşdirilmiş bir ərəb dili görərik. Klassik türkcə Türkiyədə dildə deyil, nitqdə qorunur və bu zaman dil “əyalətə” üz tutur, Azərbaycan türkcəsində olan sözlər də bu vaxt meydanda görünür. Bizim yazdığımız müasir Azərbacan türkcəsindən türklər “konuşurkən” istifadə edir, türklərin yazdığı müasir dili isə biz bilmirik. Ona görə mənə elə gəlir ki, biz Azərbaycan türkcəsini də bu “əyalətçilikdən” çıxarmaq üçün onun qapılarını modernləşməyə, yeni sözlərin, anlayışların bəzən "qondarılmasına" açmalıyıq. Çünki yaratmağın yolu “qondarmaq”dır. Bunun üçün də yeni terminlərin, anlayışların dilimizə gəlişi üzərində baş sındırmalıyıq. Amma biz “əsgərdən” “əskər” düzəltməklə kürkümüzü günə veririk. Məsələn, hamınızın yoxlaya biləcəyi bir faktı deyim. Azərbaycanda elektron bir lüğət var, adı “Dilmanc.az”dır. Bu lüğətdə bir çox türk sözlərinin Azərbaycanca qarışlığını tapmaq üçün həmin sözün bir də rus dilindəki qarşılığına baxmalısan. Çünki hər iki türk dili bir-birini rus luğətlərində daha gözəl “başa düşür”. Bizim bu elektron lüğətdə, ümumiyyətlə, terminlərin qarışılığını atxarmaq əbəsdir. Axtarsanız, mənim günümə düşəcəksiniz. Məsələn, bizim lüğətə eksperiment xətrinə, çaşıb "Atrial fibrillation" yazsanız, belə bir tərcümə ilə qarşılaşacaqsınız: "Məhəmmədhüseyn şəhriyarın mədəciklərdən". Sizcə, bu dilə aid problem deyilmi? “Sancağı” “ipəzor” etmək bundan daha ciddi problemdirmi?

İkinci və vacib məsələlərdən birisə yeni sözlərin yaradılmasında yalnız akademik “bərkliyin” meyar götürülməsidir. Dilə “metal” kimi yanaşmaqdır. Hələ XIX əsrin ortalarında fransız şairi Şarl Bodler deyirdi ki, yaradıcılıqla akademik səviyyədə məşğul olanlar istər-istəməz keçmişdə eşələnməli olurlar, öz zəmanələrinin ruhunu hiss edə bilmirlər, buna görə də onların əsərləri həyati canlılıqdan məhrumdur. Bodler şairi küçədə yanından keçən hər kəsdən, hər səsdən şeir çıxara bilən şəxs hesab edirdi. Demək istədiyim odur ki, yeni yaradılan sözlərin həyatilik xassəsi də olmalıdır. Onlar “anadan ölü doğulsalar”, onsuz da, bir işə yaramayacaqlar. Söz idrak prosesinə uğramamışdan əvvəl hiss olunmalıdır, isterika yox, həyəcan yaratmalıdır. Məsələn, bu yaxınlarda "Proqnoz" sözü "öncəgörmə" ilə əvəzləndi və bir çoxları tərəfindən haqlı olaraq gülüşlə qarşılandı. Akademik yanaşsaq, bu əvəzləmədə heç bir qüsur yoxdur. Amma işlək dil baxımından baxsaq, bu əvəzləmənin məsuliyyəti yalnız onu cümlədə işlədənlərin üzərində qalacaq. Sən "hava proqnozu" yerinə "hava öncəgörməsi", "falçı öncəgörməsi" yerinə "falçı proqnozu" yazacaqsansa, akademik qaydanı pozmuş olmayacaqsan, amma dilin anasını ağlatmış olacaqsan. Yazıçılar və tərcüməçilər bilir ki, bizim dil tək sözlərdən ibarətdir, yəni sözlərimizin köməkçisi, əvəzedicisi ya heç yoxdur, ya da çox azdır. “Öncəgörmə”, “öngörü” kimi sözlər “Proqnoz” sözünün konkret qarşılığı kimi yox, köməkçiləri, sinonimləri kimi qəbul edilməlidir. Dili bərk materiya kimi anlamaq, ondan mütləq mənalar tələb etmək ibtidai yanaşmadır. Dil həm də təfəkkürün elastikliyini yaradır. Köməkçiləri çox olan sözlərdən ibarət dilə sahib xalqlar dünya mədəniyyətinin sahibləridir. Məsələn, fransız dilinin elastikliyi fransız təfəkkürünün zərifliyini, bu da öz növbəsində fransız mədəniyyətinin özünəməxsus gözəlliyini yaradır. Qaba, konkret, “bərk” dil indi yalnız problemləri müharibə yolu ilə çözməyə çalışan siyasətçilərə lazımdır. Məsələn, faşistlər o zaman alman xalqını “qəddarlaşdırmaqdan” ötrü “metal”, “bərk” bir alman dili yaratmışdılar. Yaxud, müasir Türkiyə siyasəti seçilmiş “ən bərk” sözlərlə danışır. Radikal islamın dili ilə poetik islamın dilində yerlə göy qədər fərq var idi.

Qoy bunu da din alimlərimiz araşdırsın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm