Əxlaqsız Orhan Pamuk...
Bizi izləyin

Köşə

Əxlaqsız Orhan Pamuk...

Rəvan Cavid

Rəvan Cavid

(Orhan Pamukla ilk tanışlığımın xatirəsi)

Pamukla tanışlığım 2016-cı ilin avqust ayına təsadüf edir. Dəqiq günü deyə bilməyəcəm, üzr istəyirəm. Həftənin hansı günü idi, onu da bilmirəm. Avqustun 31-i sevgilimin ad günü idi. Ona kitab hədiyyə etmək istəyirdim. Bu, nə mənim kitablara sevgimlə, nə də onun roman oxumaq ehtirası ilə bağlıdır. Sadəcə mən çox zövqsüzəm, hədiyyə seçə bilmirəm. Ona görə asan yolu seçmişdim - kitab almaq. Məşhur kitab mağazalarından birində gözlərim mənə demədən sevgi romanı axtarırdı. Rəflərdəki kitablar sırayla özlərini mənə təqdim edirdilər. Sevgilimlə qeyd edəcəyimiz ilk ad günü olduğu üçün gözlərimlə bərabər, həm də içimdəki “ən yaxşı sevgi romanı olmalıdır” adlı həyəcan da kitabları sorğu-suala tutmuşdu.

Bilmirəm, fikir vermişiniz, ya yox, həmişə böyük ticarət mərkəzlərindəki satıcı qızlar gözəl olurlar. Elə bil onları xüsusi seçirlər. Və mən hər dəfə onlara vuruluram. Gözləri açıq-qəhvəyi, saçları qısa kəsilmiş, gülərüz qız soruşdu:

- Necə bir kitab axtarırsınız?

Ona sevgilimin olduğunu demək istəməzdim. Məni başa düşün, bu sədaqətlə bağlı bir şey deyil. Amma, bu dəfə də dilim məndən xəbərsiz danışdı:

- Sevgilimin ad gününə maraqlı, fərqli bir sevgi romanı axtarıram. Sonda heç kim ölməsə, əla olar.

- Buyurun!

İki əli ilə mənə Orhan Pamukun “Məsumiyyət muzeyi” kitabını uzatdı. Barmaqları uzun idi, qar ağlığında.

Təşəkkür edib kitabı götürdüm və romanın ilk cümləsini oxudum:

“Həyatımın ən xoşbəxt anıymış, bilmirdim”.

Maraqlıdı. Yaxşı bitəcək sonu.

Elə yerimdəcə 7-8 səhifə oxudum. Sonuncu cümləsinə də gözümü itələdim:

“Hər kəs bilsin, çox xoşbəxt həyat yaşadım”.

Əla.

Aldım. Kitabı hədiyyə paketinə bükdürüb Yasamaldakı birotaqlı evimə tələsdim. Nə isə tapmış kimi sevinirdim. Xoşbəxt idim. Elə bil dünyada heç tapılmayan bir kitabı mən tapmışam. Tapmışam yox, yazmışammış kimi sevincli idim. Bir az da hədiyyə paketinə baxıb sevgilimə Orhan Pamukun ən gözəl romanını onun ad gününə hədiyyə alacağımı yazdım. Və o müdhiş cavab:

- Rəvan, axı bilirsən, sevmirəm o yazıçını. Əxlaqsızdı. Dünən də bir hindli yazarla

çimərlikdə şəkil paylaşıb. Altmış yaşı var. Hələ deyirlər, alman bir qadından uşağı da var. Özü də erməni, rus, fars demir, hamını sevir. Sən onun “Məsumiyyət muzeyi” romanını oxumamısan, oxusan bilərsən, necə istedadsızdı. Guya Nobel alıb da bu. Əzizim, mənə Markesin “Gözlənilən bir qətlin tarixçəsi”ni al. Çoxdandı o kitabı oxumaq istəyirəm.

Axırda da gülüş smaylları, üç dənə.

Cavab yazmadan paketi götürüb divana oturdum. Hədiyyə kağızını cırıb romanın üz qabığına baxdım. Yadıma satıcı qız düşdü. Amma, sevgilimin ismarış səsləri məni əxlaqlı kişiyə çevirdi tez. Romanı oxumağa başladım.

Elə ilk cümlədəncə özümün də bu romanın qəhrəmanlarından biri olduğumu, ancaq Orhan Pamukun “gözündən qaçdığımı” hiss etdiyim o an hələ də yadımdadır. Bəlkə də mən 1982-ci ildə həyatda olsaydım və Pamuk Əli Vasıb Əfəndiylə yox, mənimlə tanışmış olsaydı, bu möhtəşəm hekayəni olduğu kimi danışardım. Romandakı bütün xoşbəxt anların arxasındakı o məsum hüzn sənin, mənim, onun- hamımızın ən asan sezə bildiyimiz təkzibolunmaz həqiqətdir. Bütün məsumiyyətimizi ortaya çıxaran ümidlərimiz, sevgimiz, yaşadığımız gerçək xəyallar bir gün gözlərimizi yaşardır və biz onun adına ya xatirə, ya da əzab deyirik. Orhan Pamuk “əzab” sözünü həmişəlik “xatirə” kəlməsinə çevirmək üçün romanın muzeyini qurmağa başladı. Elə romanın ilk cümləsini yazdığı andan -2002-dən.

Kitabı oxuduqca hər kəsin bir Füsunu, ya da Kemalı olduğunu düşünürdüm. Əslində, bütün adamlar eyni sevgini yaşayır, itirdikləri səbəblərə qədər bu eynilik ən saf, ən özəl anlarıyla belə bir-birini təkrar edir. Hər kəsin həyatda hər şeyə rəğmən, sevəcəyi qadını olur və bir gün o qadın hər şeyə rəğmən, həmin kəsi tərk edir. Roman bütün anlarıyla bunu oxucunun şüuraltından çıxarıb, masanın üzərinə qoyur və kədərlənməsinə səbəb olur.

Muzey romanın bir görüntüsü olmadığı kimi, roman da muzeyin bir açıqlaması deyil. Ən gözəl özəllik də bundadır. Siz hətta romanı oxumasanız belə muzey sizə hekayəni başdan sonadək oxuyacaq. Muzeyi gəzəndə 1950-ci ildən 2000-ci ilə qədər istanbulluların həyat tərzinə toxunmuş olacaqsınız. Pamukun İstanbulun ayrı-ayrı evlərindən toplamış olduğu əşyaların, fotoşəkillərin, geyimlərin, aksesuarların hər birinə Füsunun məsumiyyəti hopub.

Roman postmodern ruh halında yazılıb. Amma, oxucu bu romanda klassik və modernist çalarları hiss edə bilər. Romanı həm də bioqrafik və sosial məzmunlu bir şəhər hekayəsi kimi də oxumaq olar. “Məsumiyyət muzeyi” əşya-əşya yazılıb. Əşyalarla izah edir. Kemal Füsunu əşyalarda sevir. Əşyalarda yaşadır. Pamuk da əşya-əşya xatırlayır, hiss edir.

4 saatdan sonra romanı oxuyub, bitirmişdim. Oxumamışdım, gözümə təpmişdim.

Ayağa qalxıb sevgilimin giley dolu mesajlarına “Anidən yuxuya getmişəm, lavandam, bağışla!” yazıb, tez Türkiyədən kitablar gətirən bir saytdan Pamukun bütün romanlarını sifariş etdim.

“Hər kəs bilsin, çox xoşbəxt həyat yaşadım”. Roman bu cümlə ilə bitir. Sevgini bütün çılpaqlığı, bütün sərhədləri ilə oxucuya təqdim edən muzey romanı son cümləsində yaşananların xatirə olacağına və sonu nə olursa, olsun, o yaşanmışları hüzünlü bir əzabla deyil, məsum bir xatirəylə yada salmağı Kemalın dilindən tövsiyə edir. “Məsumiyyət muzeyi”ndə onu oxuyan hər kəsdən bir məsumiyyət parçası var.

***

Orhan Pamuk indi ən sevdiyim yazarlardandı. “Mənim adım qırmızı” isə ən sevdiyim romandı. Sevgilimlə ayrılmağımdan dörd ay keçir. İndi Pamuk həm də mənə həyatımın ən xoşbəxt anlarını yaşadığım qadını xatırladır “Məsumiyyət muzeyi” ilə. Ancaq, mənə hələ də maraqlıdır ki, niyə Pamukun əxlaqsız adlandırılması məni dörd saata böyük bir romanı oxumağa vadar etdi. İlahi, mənim şüuraltıma nələr yazmısan?! Nəysə, onsuz da cavab verən deyilsən.

Kitabı oxumayanlar, sizə bir şey deyimmi?! Füsun hekayənin sonunda öləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm