Allah “Quran”da buyurub ki, yengə olmasa...
Bizi izləyin

Köşə

Allah “Quran”da buyurub ki, yengə olmasa...

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Yaxın bir dostum var. Tez-tez görüşür, problemlərimi, dərd-sərimi onunla bölüşürəm. O da eynilə məni özünə dərd qardaşı hesab eləyir. Söhbətimizin mövzusu ən çox sevgidən olur. İkimizin də maşallah, zəngin sevgi xatirələrimiz var. Hansı ki, bu xatirələrin üzərində böyük bir imarət ucaltmaq olar. Dostumun idmançı bir görkəmi də var. Xüsusən, kostyum geyinəndə, qalustuk bağlayanda yanından keçənlərin hamısı elə bilir baş nazirin mühafizəçisidir. Beyni çönəndə istənilən adamı bir yumruğa yerə sərər. Di gəl ki, o boyda oğlan sevgidən danışanda məni gülmək tutur. Nədənsə, mənə elə gəlir ki, sevən adamlar həmişə zəif olurlar, həm xarakter, həm də fiziki cəhətdən sərçədən o qədər fərqlənmirlər.

Sizə bir sirr açım, gülməkdən öləssiniz, dostumun sevgilisi kim olsa yaxşıdır? Arvadı. Dəhşətli sevgi macəraları olub. Ata-anası qızını Moskvada işləyən, əli pulla oynayan bir biznesmenə söz veribmiş, dostuma vermirlərmiş. Bu da gedib qızın atası ilə kişi kimi söhbət eləməyə, görüb ki, kişi deyil. Sonra gedib qızın qardaşı ilə kişi kimi söhbət eləməyə, görüb ki, o da kişi deyil. Dayı, əmi, xala oğlu, əmi oğlu... Nəysə, dostum o boyda nəsildə oturub üz-üzə söhbət eləməyə bir kişi tapmayıb. Görüb ki, hamısı qızın Moskva işləyən azərbaycanlı biznesmenə satılmasının tərəfdarıdır. Amma qız mərd qızmış. Neyləsin? Görüb ki, ata kişi deyil, qardaş kişi deyil, axırda məcbur olub ailənin kişilik məsuliyyətini öz üzərinə götürsün. Bir gün dostuma deyib ki, qoşulub qaçaq.

Dostum mental adamdır. Amma mentallığı o qədər bəşəridir ki, onu bir insan kimi sevməyə bilmirsən. Məsələn, gecənin yarısı zəng eləyib yuxudan qaldırarsan, deyərsən ki, dardayam, gəl. O saat gələr, səni ən çətin bəladan xilas eləyər, canını qurban verər. Amma, ancaq, lakin soruşsan ki, sən niyə bu qədər sədaqətlisən, niyə bu qədər mərdsən? Başlayacaq danışmağa: “Allah “Quran”da buyurub ki...” Dərhal deyirəm ki, dayan, dayan, ehtiyac yoxdur, başa düşdüm. Qızın da qoşulub qaçmaq təklifinə dostum bu məntiqlə yanaşıb. Düşünüb ki, Allah “Quran”da qız qaçırtmağı qadağan eləyib. Siz Allah, onun öz sevgilisinə qovuşması üçün arada dayanan maneyə baxın: Allah nə deyər? Hərdən hirslənib ürəyimdə ona deyirdim ki, ay səy, bu boyda sevgidən sonra hansı yolla olur-olsun, sizin bir-birinizə qovuşmağınıza heç bir varlıq Allah qədər sevinə bilməz! Qayıdıb mənə nə desə yaxşıdır?

- Əstafurullah!

Guya mən Allaha qarşı getdim. Bir sözlə, dostumun hünəri çatmayıb qızı qaçırtmağa və beləcə düz 14 il bir-birilərinə qovuşa bilməyiblər. Qız orda, dostum da burda ömürlərinin ən qaynar, emosional çağlarını bir-biriləri ilə yuxuda sevişə-sevişə bada verdilər. Axırda qız tərəfdə nə qədər qeyrətsiz vardısa, hamısı qeyrətə gəlib onların qovuşmasını razılıq veriblər. Dostum elə sevinir, elə sevinirdi ki, o boyda eşşək “Nizami” metrosunun qabağında necə tullanıb-düşürdüsə, camaat tamaşasına durmuşdu. Ən çox ona görə sevinirdi ki, sevgilisinə adət-ənənə, qayda-qanunla qovuşacaq. Mən yüz faiz bilirəm ki, toy gecəsində yengə məsələsi ilə dostum şəxsən məşğul olub. O demək deyil ki, qızın təmizliyinə inanmır, ona görə yengə təşkil eləyir. Yox! Sadəcə, bu səy elə bilir ki, dinimiz belə buyurub.

Toyları üç ildir olub. İki uşaqları var. Gündə evə gələndə arvadına gül alır. Deyirəm, qardaş, bu qədər də lazım deyil, səninki artıq sevgi deyil, düşüklükdür. Səy oğlu səy, adam da arvadına gül alar? Acığına gəlir. Hirslənib deyirəm ki, ümumiyyətlə, sən nahaq o qızı aldın. Evlənib o boyda sevginin içinə niyə zibil qoydun? Ayrılardınız da! Əziyyətinə heyfin gəlmədimi? Niyə şərait yaratmadın ki, qız moskvalı biznesmenə gedəydi? Biznesmen də iki ay işlədib dalına bir təpik vuraydı. Qız da qarnı burnunun ucunda dədəsinin xarabasına gələydi. Dədəsini də ona baxaydı, infarkt vuraydı, öləydi. Qız da Namiq Qaraçuxurlunun meyxanasındakı qız kimi pis yola düşəydi. Qardaşı da xəcalətindən başını qaldırıb gəzə bilməyəydi. Sən də bu mənzərəyə uzaqdan baxaydın, kayf alaydın, axşam da içib səhərə kimi ağlayaydın...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm