Müsəlmanlıqda və xristianlıqda pərdə məsələsi
Bizi izləyin

Köşə

Müsəlmanlıqda və xristianlıqda pərdə məsələsi

Leyla Sarabi

Leyla Sarabi

Hərdən mənə elə gəlir ki, xristianlar bütün ixtiralarına görə müsəlmanlara borcludurlar. Misal üçün, günlərin bir günü fransızlar ərəb torpaqlarına üz tuturlar. Gözlərinin önündə gəzişən niqablı qadınlardan ilhamlanıb, bu gün ofis və evlərimizin pəncərələrini yad baxışlardan qoruyan jalüzləri ixtira edirlər. "Jalüzi", yəni “jalousie” fransızcadan tərcümədə "qısqanclıq" deməkdir.

Ümumiyyətlə, Avropa insanı hisslərini və münasibətlərini aşkar yaşadığına görə, nadir hallarda pərdədən istifadə edir. Çünki ailələrin taleyini sözün hər mənasında pərdə həll etmir. İlin müəyyən günləri nazla üzünü göstərən günəş və bomboz buludlar insanları aydın səmaya sözün hər mənasında ac qoyduğu üçün şimala doğru qalxdıqca qapı ölçülü geniş pəncərələrin sayı da artır. Bu üzdən də pərdəsiz evlər boz günlərdə daha işıqlı olur. Günəşsizlikdən depressiyanın dibinə baş vuranlarla ailəlikcə D vitamini qəbul edənlərsə qarışqa kimi bir-birilərinə dəyirlər...

Fransada yaşayanda üzbəüz qonşum vardı. Hər gün çılpaq pəncərələrinə baxmaqdan özümü o ailədən sayırdım. Etiraf edirəm, insanların yerişindən tutmuş, yeyişinə qədər hər bir detalı müşahidə etmək kimi mənfi xüsusiyyətim var. Amma sırf bu halda niyyətim olduqca naciz idi. Geniş, güllü bağçanın içində qədim qala kimi ucalan bu iki mərtəbəli evin 5 sakini vardı. Ər, arvad və 3 uşaq. Amma nədənsə hər il bir uşaq sanki qeybə çəkilirdi (tanışlıqdan sonra məlum oldu ki, hamısı Londonda birillik təhsil alib dönürmüşlər). Evin atasında əsl fransız kişilərinə xas nəzakət vardı. Bir kəlməlik salamından belə eleqantlıq süzülürdü. Amma mənim bu ailənin ən çox aşiq olduğum üzvü evin anası idi. Təxminən 55-60 yaşlarında, hündürboy, zərif qadın daim topuğuna qədər uzanan ətək geyinərdi. Rəngsiz, boyaqsız, dümağ saçlarını da arxadan yığardı. Hər gün nahar fasiləsində elə o ayağına dolaşan ətəklə velosipedinə minib işdən evə gələrdi. Tez süfrəni açıb, əri ilə uşaqlarını gözləyərdi. Onları yedirib, içirib, masanı tez yığışdırar, eyni minvalla işə qayıdardı. Axşamlar bu mənzərə bir də təkrarlanırdı.

Həftə sonları gah nadir hallarda istifadə etdiyi maşınına minib kilsəyə gedər, gah bazarlıqdan qayıdıb, bağçadakı güllərinin, gah da sosial xidmətin maşını ilə həyətə qədər gətirilən ahıl anasının nazı ilə oynayardı.

Haşıyədən çıxsam da, avropalıların bu cəhətindən də danışmaq istəyirəm. Bir dəfə 76 yaşlı müəlliməm anasının naxoşladığından bəhs etdi. Dedi, anam xəstədir, çox bikefəm. Baxma da, 95 yaşlı qadındır. Bir həftəsonu mən yanına gedirəm, bir dəfə də qardaşım. Soruşdum, axı sən də tək yaşayırsan, niyə yanına gətirmirsən? Dedi, nə danışırsan, elə doğru deyil axı. Onun da xasiyyəti ağırdır. Rahat olmaz mənim yanımda... Bir də əlavə etdi ki, anam qocalar evində qalır. Ora sanki bahalı oteldir. Vaxtı ilə yaxşı vəziflərdə çalışdığı üçün bu imkanı var. Məsələn, mən qocalanda onun kimi şanslı olmayacam. Çünki müəlliməm. Bu söhbətdə məni heyrətə salan iki məqam oldu. 5 ulduzlu qocalar evində həyatdan həzz alan qocalar və 76 yaşlı qadının özünü hələ də gənc hesab etməsi…

Qonşum həm zahirən, həm də evdarlığı ilə bizim cəfakeş qadınlarımızı o qədər xatırladırdı ki, anam üçün darıxanda, oturub manyakcasına onu seyr edirdim. İçimə qaranlıq çökən kimi pəncərənin qabağına keçib, süfrə açmağına tamaşa edirdim. Kənardan qəribə səslənsə də, o mənim üçün vətənin bir parçasına çevrilmişdi.

Bir gün sənədləşmə işlərimi həll etmək üçün alt qonşumdan kömək istədim. O da "Vətən" xalanın lüt pəncərəsinə istinad edib, dedi ki, bəs, madam Anies həmin idarədə işləyir, özü də çox yardımsevərdir. Get, mənim adımdan kömək istə.

Həmin gün Anies mənim sənədlərimi qaydasına salıb, aidiyyatı idarəyə yolladı. Hələ yol boyu zəng vurub, addımbaadım halətlə maraqlandı da... Bunda sonra belə məsələlərdə dadıma çatırdı. Artıq bir-birimizi pəncərədə görəndə əl yelləyib salamlaşırdıq. Hərdən o isti ana süfrəsində qəhvəyə qonaq da olurdum. O da bizdə xrustal stəkanda dəmlənmiş çay içməyi sevirdi. Çayla da kifayətlənmirdi, bağçasında çiçək açan ağaclarını, qonşunun hamıya hürən, zəhlətökən itini, dumanlı baharın tez üzünü göstərib, gizlənən günəşini sevirdi. O həyata aşiq idi. Əminəm ki, 30 il bir yastığa baş qoyduğu əri ilə heç vaxt toylara taxa bilmədiyi brilliantların, geyinib avtobuslarda qürrələnəcəyi şubanın davasını döyməmişdi. Məşhur şeirdə də deyildiyi kimi, həyatının böyük hissəsi mətbəxdə keçsə də, heç vaxt “mətbəxtəm” deməmişdi. Çünki bu həyatı öz istəyilə sevib, seçmişdi. Çünki azadlıq bəzən elə həyata məhkum olmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm