Ankara-Bakı-Ankara
Bizi izləyin

Köşə

Ankara-Bakı-Ankara

Aqşin Yenisey

Bir gecə ansızın qalxıb getdim Azərbaycana. Bu getmək o getməklərdən deyildi.

Bu, canavarın tələyə ilişən pəncəsini çeynəyərək qoparıb, öz qismətsizliyinə qəzəblənib, yeddi dərə keçməsi kimi bir şey idi...

Bu, “yata-yata yanımız ağırıdı, dura-dura belimiz” deyən Oğuz igidlərinin qalxıb bir eli yağmalaması kimi bir şey idi...

Bu, Bağdad bazarında “ey insanlar, məni allahın əlindən alın” deyib bağıran Mənsur Həllacın xirqəsinə bürünüb Məkkəyə yol alması kimi bir şey idi...

Bu, Nəsiminin Hələbə öz əcəlinin üstünə yürüşü kimi bir şey idi...

Bu, Məhəmməd Hadinin itkin düşməsi kimi bir şey idi...

Bu, Əbulfəz Elçibəyin canının götürüb Kələkiyə qaçması kimi bir şey idi...

Bu, üç bacısını faşizmin əlində qoyub Almaniyadan İngiltərəyə qaçan Ziqmund Freydin qorxusu kimi bir şey idi...

Bu, Tolstoyun ölüm ayağında evdən qaçışı kimi bir şey idi...

Bu əzab və ağrıların əlindən xilas olmaq üçün Qoqolun Qüdsə yollanması və məyus halda qayıtması kimi bir şey idi...

Bu, Nəcib Fazil Qısakürəyin içməkdən qaraciyəri şişmiş, əldən düşmüş halda Fransadan Türkiyəyə dönməsi kimi bir şey idi...

Bu, Nazim Hikmətin sevdiyi müsəlman Türkiyədən üz döndərib kafir Rusiyaya qaçması kimi bir şey idi...

Bu, yəhudi icmasının əlindən qaçıb bir ingilisin evinin çardağında gizlənən Spinozanın öz xalqının içində təklənməsi kimi bir şey idi...

Bu, kralın qorxusundan Fransadan Almaniyaya qaçarkən dostunun arvadını da özü ilə aparan Volterin “həyasız” mühacirəti kimi bir şey idi...

Bu, Nitsşenin universiteti buraxıb, İsveçrədə dağlara dırmanıb üstündə oturmağa yastı bir daş axtarması kimi bir şey idi...

Bu, “bir evdə iki dahi olmaz” deyib anasının gənc Şopenhaueri itələyib pilləkəndən yıxması kimi bir şey idi...

Bu, kəsilmiş qulağının qanının yalaya-yalaya sevdiyi qadının evinə tələsən Van Qoqun “qəhrəmanlığı” kimi bir şey idi...

Bu, ölümqabağı sayıqlayıb heç vaxt üzünü görmədiyi şimal qütbünü kəşf edən səyyahı çağıran Edqar Ponun harayı kimi bir şey idi...

Bu, Dostoyevskinin qumarla, əyyaşlıqla özünü cəzalandırması kimi bir şey idi...

Bu, Bulqakovun son çarə olaraq Stalinə məktub yazması kimi bir şey idi...

Bu, Qoderzi Çoxelinin insanlardan bezib monastrada qeyb olması kimi bir şey idi...

Bu, imperatora qarşı qaldırdığı üsyanda məğlub olan Mişimanın xarakiri etməsi kimi bir şey idi...

Bu, başdan-ayağa zibillik hesab etdiyi Argentinadan köçən Kortasarın Parisin küçələrində veyillənməsi kimi bir şey idi...

Bu,bu, bu, başqa bir şey idi… mənə görə.

Nəhayət, bu, mənim öz yaradıcılığımın sükutuna təkbaşına üsyanım idi. Özümün özümə qarşı törətdiyim çevrilişim idi. Bu bir ateistin tanrının varlığını sınağa çəkməsi idi. Bu ya başlanğıc olacaqdı, ya son. Sevinirəm ki, yeni bir başlanğıc oldu və sevinirəm ki, bütün bunları heç kimə hiss etdirmədim, deyəsən, heç kim də bunu hiss etmədi.

Yeni kitablarda görüşənədək!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm