Söyüş alnınıza yazılıb!
Bizi izləyin

Köşə

Söyüş alnınıza yazılıb!

Asif Nərimanlı

Asif Nərimanlı

Söyüş siyasi mübarizənin vasitəsinə çevrilirsə... bunun adı artıq mübarizə deyil, tərbiyəsizlikdən doğan mərəzdir. Bu gün Azərbaycan siyasəti söyüşü siyasi mübarizəyə - mərəzə çevirənlərlə üz-üzə qalıb və Avropaya sığınanların timsalında “əxlaqsızların əxlaqsızlarla dolu auditoriya qarşısında əxlaq haqda boşboğazlıq etməsini” izləyirik.

Azərbayanlı mentalitetində (hətta bu mentaliteti gerilik hesab etdiyini göstərənlər də daxil olmaqla) söyüş “qırmızı xətdir”, sadə vətəndaşdan tutmuş ziyalısına qədər hər kəs bu xətti gözləyir. Amma bu gün nə baş verir?: “Azərbaycan uğrunda mübarizə apardığı”nı iddia edənlər bu “qırmızı xətti” təkcə keçmir, tamamilə alt-üst edir və kimliyindən asılı olmayaraq, heç bir Azərbaycan insanının qəbul edə bilməyəcəyi ifadələr işlədirlər. Sual yaranır: doğrudanmı bu xətti keçənlər bu addımı instinkt olaraq atırlar, doğrudanmı, onlar adekvat cavab verirlər? Axı hədəfə alınanlar indiyə qədər qarşı tərəfin məhrəminə toxunmayıb. Azərbaycan siyasətində indiyə qədər ən ağır ifadələr belə siyasi sərhədləri aşmayıb.

Bəs nə baş verir, özünə azərbaycanlı deyən şəxslər bilə-bilə “qırmızı xətti” niyə keçirlər? Hədəf nədir?

Hər şeydən əvvəl bir məsələ xüsusi vurğulanmalıdır: Azərbaycan siyasi cameəsi – iqtidarlı, müxaliflətli – təhlükəli, bir o qədər də əxlaqsız hücumla üz-üzədir.

Virtual aləmdə izlədiyimiz söyüş müharibəsinin təfərrüatları bunu açıq şəkildə göstərir.

BİRİNCİ HƏDƏF: Azərbaycanda az-çox formalaşan, oturuşmaqda olan siyasi mədəniyyətin alt-üst edilməsi. Bu gün Avropaya sığınan və toxunulmaz olduğunu hesab edənlər ən ağır ifadələrlə “qırmızı xətti” keçirlər. Çünki: söyüş elə bir şeydir ki, onun hədəfində olan tərəfin gec-tez səbri tükənə və adekvat cavab verə bilər; təsəvvür edin, bu gün hədəfə alınan ictimai-siyas xadimlər adekvat cavaba əl atarlarsa, bu, Azərbaycanda siyasi formasiyanın mahiyyətindən çıxması və milli adət-ənənələrin deqradasiyaya uğraması ilə nəticələnə bilər;

Hər iki ifadəsindən biri söyüş olanların bunu israrla davam etdirməsi, bütün çağırışlara, nümayiş olunan siyasi mədəniyyətə rəğmən, jarqon leksikondan əl çəkməmələri prosesin şüurlu şəkildə aparıldığını sübut edir.

İKİNCİ HƏDƏF: Azərbaycan dövlətinin ucuzlaşdırılması. Hədəfdə olan hökumət, hakimiyyət, yaxud iqtidarda təmsil olunan siyasi partiya yox, Azərbaycan dövlətidir. Bu gün Azərbaycan dövlətinin başçısına qarşı qəbulolunmaz ifadələr işlədilirsə, bu, Azərbaycan dövlətinin ünvanına səsləndirilmiş ifadələrdir. Çünki dövlət başçısı ilk növbədə hansısa siyasi partiyanın lideri yox, dövlətin başçısıdır. Onun ideyalarını bəyənib, bəyənməmək, siyasətini qəbul edib, etməmək tamam başqa mövzudur, ortada hüquqi dövlətə və dəyərlərinə qarşı aparılan mənəvi terror var. Və görünən budur ki, Avropada təşkilatlandırılmış qruplar Azərbaycan dövlətinin ucuzlaşdırılması, hörmətdən salınması istiqamətində şüurlu fəaliyyət göstərirlər.

Bütün bunların seçki öncəsi baş verməsi nə qədər təsadüfdür? Kim zəmanət verə bilər ki, 2018-ci il prezident seçkiləri ərəfəsində Azərbaycan üzərində həyata keçiriləcək planları pozulan dairələr, qüvvələr azərbaycanlı mentalitetinə zidd siyasi metoda əl atmayıblar?! Faktiki olaraq, Azərbaycan dövlətinə qarşı Hitlerin silahdaşı Göbbelsin “Yalan nə qədər böyük olarsa, inananlar bir o qədər çox olacaq” metodundan istifadə olunur. Ortaya bir yalan atılıb və bu yalanlara istinadən edilərək, qarşısıalınmaz söyüş hücumları edilir. Buna qarşı cəmiyyət olaraq hər kəs nəsə etməlidir, təkcə dövləti təmsil edənlər yox, siyasi opponent olmağa iddia edən müxalifətdəki hər kəs...

MÜXALİFƏT SUSURSA: bu, Vidadi İsgəndərli və söyüşü siyasi mərəzə çevirən digərlərinin siyasi opponent olmaq iddiasını populyarlaşdırır. Və bu, pisi ilə, yaxşısı ilə mövcud olan Azərbaycanın siyasi mənzərəsində mənəvi-əxlaqi dəyərlərin alt-üst edilməsinə gətirib çıxara bilər.

Bir ölkənin və o ölkədəki cəmiyyətin iki sərhədi var: biri, ərazi sərhədləri, digəri mənəvi sərhədlər. Hər ikisi toxunulmazdır. Bu gün Azərbaycanın mənəvi sərhədlərinə təcavüzə cəhdlər olur və heç kim zəmanət verə bilməz ki, bu cəhd ərazi sərhədlərimizi pozanların növbəti oyunu deyil!

Bu oyunda yer alanların “söyüş alınlarına yazılıb!”. Sərhədlərimizi qorumaq üçün yeganə yol siyasi kimliyindən asılı olmayaraq hər kəsin buna dur deməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm