Ərə getməyin namuslu forması: Eşq, yoxsa bəkarət?..
Bizi izləyin

Köşə

Ərə getməyin namuslu forması: Eşq, yoxsa bəkarət?..

Leyla Sarabi

Leyla Sarabi

Yenə üzümdə makiyajdan maska, əynimdə illərlə dolabımda gizlədəcəyim təmtəraqlı libas xalqımın ən qəribə adətlərindən birini yaşatmaq üçün şadlıq sarayına gəlmişəm. Hələ məclis başlamayıb, başımın müxtəlif nöqtələrində gizlətdiyim ehtiyat gözlərimlə ətrafdakıları süzürəm. Fikrim bəlkə də sadəcə bu toy üçün saçına qara rəng qoyub, özünə əl gəzdirən ağbirçəyə sataşır. Əlinin içinə sığdırdığı bəzəkli çantasından telefonunu çıxarıb, kiməsə zəng edir:

- Rəfiqə, necəsən, əzizim?

(Telefonun o başındakı qadındır).

- Bəs niyə gəlmədin toya? İşin çoxdur başa düşürəm. Eybi yox, oğlan toyunda görüşərik.

(Qarşı tərəf iş qadınıdır).

- Çox gözəl keçir. Allah sənə də qismət eləsin.

(Üstəlik subaydır da).

- Elə demə. O sözü bir də eşitməyim səndən. Allah böyükdür. Ümidini kəsmə.

(Bizimkilərin təbirincə desək, Rəfiqə qarıyıb, evdə qalıb).

Bəlkə də bu Rəfiqə Harvardda oxuyub, çox uğurlu karyera da qurub. Amma cəmiyyətimizin orta statistik göstəricilərinə cavab verən halal süd əmmiş kişi ilə evlənə bilmədiyi üçün yarımçıqdır, yaşıdlarının yanında başıaşağıdır. Düzdür, Rəfiqənin əri yoxdur, amma qəbrinə götürəcəyi namusu, bəkarəti var.

Axı niyə vücudunla gizlənparç oynayırsan, Rəfiqəcan? Namusuna sığınmaqdan hormonların da səndən üz çevirir. Üzünü saqqal basır, gövdən də günbəgün əhatə dairəsini genişləndirir. Nəticə, vaxtından erkən baş qaldıran xəstəliklər, qarşısı alınmaz səbəbsiz aqressiya və gələcək nəsillərə köksündə yaranan nifrət. Əzizim, sənin üçün nikah şəhadətnaməsi bu qədərmi böyük xoşbəxtlikdir? Bəlkə də vaxtında "el-oba nə deyər" kimi düşüncələrdən azad olsaydın, o imzalı kağız parçası olmadan da kiminləsə şad-xürrəm yaşaya bilərdin. Amma fikrindən hələ də danışdıra bilmədimsə, sənə acımaq üçün güc sərf etməyəcəm.

Rəfiqəni kədəri ilə baş-başa buraxıb, zala keçirəm. Xeyir dua vermək üçün söz qudalara verilir. Bəyin atası titrək səslə: "Ömrüm boyu oğlumun bu gözəl gününü gözləmişəm. Artıq ölsəm də, qəbirdə rahat yatacam. Bir valideyn üçün bundan böyük xoşbəxtlik yoxdur" - deyib, kövrəlir.

Atacan, axı oğlun nə böyük iş görüb? Hansı ixtirasına görə tarixə düşüb, başını ucaldıb? Məsələni şişirtmə, məsləhət-məşvərətlə ona tapdığınız qızla evlənir sadəcə.

Sabah o gəlin səninlə bir damın altında yaşamaq istəməyib, oğlunu kirayə çıxmağa məcbur edəndə, bu sözlərinin odunda yanmayacaqsanmı? Yəni oğlun bu qədərmi fərsizdir ki, ona bağladığın ən böyük ümidin bu vurçatlasın məclisidir?

İnanmayacaqsınız, elə bu toya hazırlaşmaq üçün özümə bəzək-düzək verdiyim gözəllik salonunda da toy söhbəti gedir:

- Ay qız, dünənki toy necə keçdi?

- Əla... Amma dayımoğlu qızın üzünə də baxmırdı. Deyir sevmirəm onu. Evlənirəm ki, anam arzusuna çatsın. Nişanlı vaxtı cəmi bir-iki dəfə görüşüb, toy bazarlığı ediblər. Zəng vurub qızın xətrini də soruşmurdu. İşdən evə qayıdanda anası, bacısı telefonunu əlindən alıb, qıza yazırdılar ki, “Aşkım, necəsən? Günün necə keçib?” Qızın da minnəti olsun, sakit ailədi, yola verəcəklər. Özü də rayondan şəhərin ortasına gəlin köçür. (Burada söhbətin ən mifik nöqtəsinə gəlirik). Amma qız deyib ki, nə olur-olsun, özümü ona sevdirəcəm.

Bəli, bəli, bədbəxt ailələrin təməli məhz belə qurulur. Statistik göstəricilərə görə, ötən il ölkəmizdəki rəsmi boşanmaların sayı 15 minə çatıb. Kimisi deyib yola getmirik, kimisi də maddi sıxıntını səbəb gətirib. Ancaq əmin olun, boşanmalar ancaq və ancaq evliliklərdən qaynaqlanır. Yəni insanlar rəsmi nikaha daxil olmasalar, boşanmağa da gərək qalmayacaq.

Bunun üçün nə etmək lazımdır? İki yetkin insan bir-birini sevirsə, birgə yaşamağa qərar verirlər. Borcun altına girib, cer-cehiz almağa, təmtəraq, büsat qurmağa da gərək qalmır. Gənclər birgə yaşadıqdan sonra, bir-birini məişətdə tanımış olurlar. Qarşı tərəf digərinin boynuna öhdəçiliklər qoymur. Axşam evə gələndə yemək hazır olsun, camaatın arvadının brilliant üzüyü var, mənə də almalısan kimi boyun borclarından da azad olurlar. Yola davam etmək istəsələr, övlad dünyaya gətirir, üstəlik evlənirlər də. Alınmasa da, dost kimi ayrılıb, gələcəkdə bir-birini yeni sevgililəri ilə tanış edirlər. Təəssüf ki, millət olaraq hələ ki, bu mərhələyə keçidə hazır deyilik. Səbəblərini nə siz sorun, nə mən söyləyim.

Fikrimcə, cəmiyyətimizin ən təzadlı məqamlarından birini də ilk ailəsi dağılan kimi anasının hələ bu “ifritəni” almazdan öncə gözünə soxduğu toy kasetindəki o məsum qızla evlənənlər yaradır. Yəni bir dəfə batdığı palçıqda yenidən vanna qəbul edənlər. Madam ki, ilk ailənin yükünü daşıya bilmədin, niyə ikinci dəfə belini qırırsan, gözəl insan?

Əslində cəmi 6 il öncə mən də sizin kimi mental dəyərlərdən qidalanan ağıllı insan idim. Lənətə gəlmiş Avropa pozdu bakir düşüncələrimi. Heç yadımdan çıxmır, Fransanın hansı müəssisəsində həyat yoldaşımla qeydiyyatdan keçirdimsə ilk sual bu olurdu - evlisiniz? Hətta oğlum dünyaya gələndə ona sənəd almaq üçün meriyaya getdik. Və yenə bu əxlaqsız sual. Rəsmi nikahınız var, yoxsa yox? Əlbəttə, var, yoxsa yad kişi ilə qürbət ölkədə mənim nə işim? Firənglərə qaynayıb-qarışdıqca gördüm ki, ölkənin 80 faiz cütlüklərini nə rəsmi, nə də dini kəbin deyil, saf sevgi birləşdirir. Təsəvvür edirsinizmi, sadəcə eşq!

Rəfiqəcan, sənə məhəl qoymayacam dedikcə, ağlımın bir köşəsində lap dərin kök salırsan. Dediklərimi yaxşı düşün. Hətta məncə, özündən başqa heç kimin dediklərini düşünmə. Həyatını kiminləsə imzalı, yaxud imzasız paylaşmaqdan da çəkinmə. Qarıyıb, gücdən düşəndə, uzaqbaşı qocalar evinin bir küncündə sıxılıb, qalanda, heç kim çürümüş ruhuna namusdan tac qoymayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm