Ayaqqabını göstər, deyim, nə düşünürsən
Bizi izləyin

Köşə

Ayaqqabını göstər, deyim, nə düşünürsən

Aqşin Yenisey

Aqşin Yenisey

Tez-tez belə bir sual ətrafında mübahisə yaranır ki, nə üçün Rusiya, Çin, İran, Türkiyə kimi böyük və mədəniyyət beşiyi olan ölkələrdə cəmiyyət avtoritarizmə meyilli olur və nə üçün bu tip ölkələrin demokratikləşmə prosesi orada yaşayan xalqların istəyindən daha çox xarici kəşfiyyat orqanlarının arzusuna çevrilir? Siyasətin gələcəyinə, tarixin üfüqlərinə eqosunun binokulu ilə baxanlar, nəzəri və praktik bilgilərin içindən ancaq şəxsi iddialara gərəkənləri seçənlər, analiz bacarığından məhrum beyinlər, adətən, bu sualların cavabında cəmiyyətin, xalqın yaxasını qırağa çəkərək, səbəbi yalnız hər kəsin görə və anlaya biləcəyi səthi qatda, birbaşa hakim zümrələrdə axtarırlar. Ancaq aparılan sosioloji sorğuların nəticələri və hadisələrə neytral ağlın gözü ilə baxanlar tamam fərqli məsələlərdən danışırlar. Mövzunun dərin qatlarına keçmədən göz önündə hamının müşahidə edə bildiyi bir mənzərəni canlandıraq; elə bir cəmiyyət təsvir edək ki, orada bütün kişilər eyni rəng kostyumlara və eyni rəng ayaqqabılara üstünlük verirlər, o cəmiyyətin qadınları şəxs zövqlərinə və bədən ölçülərinə görə deyil, bir-birilərinə baxaraq geyinirlər. Bu kişi və qadınların cavan oğlanları kütləvi şəkildə eyni saqqala qulluq edirlər, qızları rəfiqələrinin xoşbəxliyinin eynisini istəyirlər. Sanki, ictimai bir zavod var və bu zavod mövsümə uyğun cəmiyyət istehsal edir. Axrıncı cümləmin əvvəlində “sanki” deməyimə baxmayaraq, belə bir zavod var, bu zavodun adı xalqın xarakterində üzə çıxan onun milli təfəkkürüdür. Bu zavodun yetirmələri dünya bazarından xarakterlərinə uyğun ayaqqabı və kostyumları alıb gətirdiyi kimi, xarakterlərinə uyğun hakimiyyət formaları da yaradırlar. Və bu zaman daha çox bioloji qanunauyğunluqlara əsaslanırlar. Biz onu avtoritarizm adlandırırıq, onun başqa adı isə biohakimiyyətdir ki, ondan tələb olunan vəzifə yuxarıda adını çəkdiyimiz “ictimai zavod”un istehsal prosesini tənzimləməkdir. Ona görə də belə cəmiyyətlərdə “ictimai zavod”a hətta demokratik yolla rəhbər seçilmiş şəxs də bəzən öz xalqının neçə bala doğmasına qədər şəxsi intim həyatına rahatca müdaxilə edə bilir. Bu necə baş verir? Yenə primitiv bir nümunə; təsəvvür edin, sizin bir az artıq pulunuz var və siz qonşunuza etibar etmirsiniz, pulu saxlamaq üçün qonşunuzun tanımadığı üçüncü bir adama verirsiniz. Sizdən xəbərsiz qonşunuz da sizə etibar etmədiyi üçün pulunu o üçüncü adamda gizlədir. Siz bir-birinizə inanmadığınız və etibar etmədiyiniz üçün bir-birinizdən xəbərsiz, əslində, eyni adamda gizlənmiş və qorunmuş olursunuz. Sosioloqlar da bunu deyir, amma daha elmi, daha qəliz şəkildə. Onlar da – sözsüz ki, hamısı yox – avtoritarizmi yaradan səbəblərin başına ictimai etibarsızlığı, kütləvi inamsızlığı qoyurlar. Avtoritarizmə meyilli olan cəmiyyətlərdə insanların bir-birinə etibar etməməsi, güvənməməsi nəticədə onların tək bir nəfərə etibar etməsinə, güvənməsinə gətirib çıxarır. Təkallahlılıq da belə yaranıb, hərənin bir allaha inandığı çoxallahlılıq dövründə, əslində, kütlə olaraq heç kim heç nəyə inanmırdı, etibar etmirdi, nəticədə hamı təklif ümumi allahın ətrafında birləşməyə məcbur oldu; ümumi inam, ümumi etibar və etiqad naminə. Təkallahçı peyğəmbərlər iddia edildiyi kimi, göydəkinin lütfü yox, aşağıdakıların sosial sifarişi idi.

Bir-birinizə etibar etməyib pulunuzu verdiyiniz şəxs sizi öz kapitalınızdan asılı vəziyyətə sala bilir, əgər ağıl sarıdan o da sizin tayınız deyilsə. Bunun üçün o sizi bir-birinizə qorxu mənbəyi kimi təqdim edir. Beləliklə, siz başqasının əlində olan kapitalınızın əsarəti altında yaşamağa könüllü razı olursunuz və bu könüllülüyü xoşbəxtliyə çevirən sizin və pulunuzun başqası tərəfindən təmin olunan təhlükəsizliyidir. Buyurun, bu da sizə özünüzün yaratdığınız avtoritarizm. Ona görə də Rusiya, Çin, İran, Türkiyə kimi ölkələrdə avtoritarizm daim qorxu amilini diri saxlamağa çalışır, daim məlum və naməlum təhlükə mənbələri yaradır, onları mütəmadi yeniləyir. Avtoritarizm özünü cəmiyyətin təhlükəsizliyinin qarantı imicinə soxur. Cürbəcür “düşmənlər” icad edir, bu “düşmənlərin” varlığı sizi təcavüzə uğramaq, işsiz, evsiz qalmaq qorxusu ilə əndişələndirir. Siz şizofren xəstələri kimi hər yerdə o düşməni axtarırsınız, hamıdan, hər kəsdən şübhələnirsiniz, beləliklə, bir-birinizə inamsızlığınız bir-birinizə düşmən gözü ilə baxmaq ehtiyatkarlığına çevrilir.

İrrəhmətlik ingilis filosofu Tomas Hobbs da bunu deyirdi dana. “İdarəetmə strategiyasını xalqın öz təhlükəsizlik qayğısı üzərində quran avtoritarizm xalqa bu qayğıdan azad olmaq üçün öz iradəsini monarxa təhvil verməkdə göydəndüşmə bir bəhanə olur”

Təhlükəsizlik qayğısından azad olma rahatlığı cəmiyyətdə ictimai etimad məsələsinin də əhəmiyyətini azaldır. Məsələn, Türkiyə mətbuatından götürdüyüm bir faktı burda diqqətə çatdırmaq yerinə düşəcək. 2007-ci ildə Dünya Dəyərləri Anketinin 57 ölkə arasında apardığı sorğuya görə, ümumi ictimai etimadın ən aşağı olduğu ikinci ölkə Türkiyə olmuşdur. Anketdə verilən "Sizcə, insanların əksəriyyətinə etibar etmək olarmı? Yoxsa başqaları ilə bir münasibət qurarkən və ya iş görmək istəyərkən çoxmu diqqətli olmaq lazımdır?" sualına "insanların əksəriyyətinə etibar etmək olar" cavabını verənlərin nisbəti dünya üzrə orta hesabla 25,1 faizkən Türkiyədə cəmi 4,8 faiz olmuşdur. Bu faiz Ruanda (4,8%), Peru (6,2%) və Qana (8,5%) ilə uyğun idi. Səbəbini bayaqdan yuxarıda izah etdiyimiz üçün burada yenidən vəzəirat oxumaq istəmirəm.

İctimai etimadsızlıq ətrafında birləşmiş hər hansı xalqın etimadını qazanmaq isə o qədər də çətin məsələ deyil. Yetər ki, ümumini xüsusiyə qarşı qoyasan, dəyərli azlığı, dəyərləndirmə metodu “nə verərsən, verərsən” olan çoxluğa qurban verəsən. Etimadsızlığın hakim olduğu cəmiyyətlərdə demokratik prinsiplər şarlatanlıq niyyətləri kimi təqdim olunur və qəbul edilir. Avtoritar fikirlərin xalq arasında birləşdirici cazibədarlığı artır. Ümumi etimadsızlıq və inamsızlıq mühitində sənin kimi fikirləşməyən, geyinməyən, sənin kimi sevməyən, evlənməyən, uşağını sənin tərbiyə etdiyin kimi tərbiyə etməyən ikinci şəxs düşməndir. Avtoritarizmi yaradan və qoruyan cəmiyyətlərdə düşmən obrazında görünməmək üçün insanlar hamısı eyni rəngdə ayaqqabı geyinirlər, saçlarını eyni qaydada qırxdırırlar, eyni kişilər, eyni qadınlarla evlənib eyni uşaqları əkib doğurlar.

Yenə qayıdıram bayaqkı Dünya Dəyərləri Anketində "güclü lider" sualına verilən cavablara. Bu suala dünya üzrə orta hesabla 38,1%, Türkiyədə isə 58,9% insan “çox yaxşı olardı” cavabını verib.

Eyni ayaqqabıları geyinən cəmiyyətlər avtoritarizmi təkcə idarəetmə mexanizmi kimi yaratmırlar, eyni zamanda ailədə, sənətdə, məhlədə də onun kiçik modelləri ilə uğraşırlar. Onlar hər yerdə ümumi etimadsızlığı, kütləvi inamsızlığı tənzimləyən kiçik avtoritetlər axtarır, tapır və onları cəmiyyətin ortaq dəyəri kimi rəmzləşdirir, işlək hala gətirirlər. Bu rəmzlərə güldən ağır söz deyənləri, məsələn, bizim arıq Kəramət Böyükçölləri isə hər yerdə daş-qalaq etməklə hədələyirlər. Hər gün sosial şəbəkələrdə ümumi məqsədlərə xidmət edən avtoritetləri tənqid etdiyi üçün Kəraməti (ad şərtidir) it sürütməsi edənlər, çox maraqlıdır ki, özlərini başqa yerlərdə demokratiya mücahidləri kimi təqdim edirlər. Söz azadlığının nə olduğunu bilməyən, ortaq avtoritet haqqında deyilmiş hər bir sözü təhqir kimi qiymətləndirən cəmiyyət həm də demokratiya istəyir. Amma hansı ağılla, hansı məntiqlə, hansı haqla? Bir-birilərinin qorxusundan ayaqqabılarının rəngini belə dəyişdirməyə cəsarət etməyənlərdən nə desən çıxar – demokrat da, dindar da, qəhrəman da, vətən xaini də, bəd ayaqda lap elə terrorist də, yetər ki, onun yanındakı ikinci şəxsin də ayağında eyni ayaqqabıdan olsun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm