Dilindən ölmək...
Bizi izləyin

Köşə

Dilindən ölmək...

Leyla Sarabi

Leyla Sarabi

Təsəvvür et

Həkimdəsən. Cəmi bir dişin yaşasın deyə qorxudan dırnağının ətini yeyir, kirpiklərin ox olub gözünə batır. Başının üstündəki "cəllad" sıxır damağına pambığı, ağzına şirə əvəzi nəfəsini çəkən boru qoyub ürəyini bulandırır. Yavaş-yavaş dilin səhra kimi quruyur. Quruduqca keyiyir, keyidikcə xəfifləyib yox olur. İlk 5 saniyə vahimə bürüyür dilsiz canını. Ardından bir dinclik gəlir ruhuna. Sanki elə indi çəkini itirib, göyə sovrulacaqsan. Bu həzzə görəmi ölməyə tələsirik görəsən? Doğrudanmı insan dilindən ölür?

Xəyal et

Ucqar kəndin qızıl daxmasından çıxmayan, dili özündən, özü sözündən gözəl bir şair xəyal et. Ana dilindən başqa lisan eşitməmək üçün öz qabığına bürünən, şeirlərini yad dillərə çevirməkdən imtina edən peyğəmbər kimi şair. Doğrudanmı şair duyğularını kağıza qüsursuz tökmək üçün yalnız bir dildə danışmalıdır? Doğrudanmı ən gözəl şairlər dilindən ölür?

Fərz et

Yad dillərin tədrisini rədd edən məmləkət fərz et. Köksündə böyütdüyü uşaqların sağlam sabahına yalnız özü bəs edəcək qədər mükəmməl, küçəsində, evində, elmində naməhrəmə gərək duymayacaq qədər qüsursuz dili olan məmləkət... Doğrudanmı milləti məhv etmək üçün dilini əlindən almaq gərəkdir? Doğrudanmı millət dilindən ölür?

Nifrət et

İçindəki kinini, qəhərini dilindən qus. Yeri gələndə qurut dilini, lazım olanda dilim-dilim doğra. Ürəyinə əsir olan nifrətini dilindən azad et. Dilinlə qır, tök billur qəlbləri, ən kövrək hissləri tapda keç. Ertəsindən gələn peşmanlığı düşünmədən, bıçaq dilinlə kəs, tulla ən dəli sevgiləri. Doğrudanmı sonsuz sevgilər dildən ölür?

Cəhd et

Dilinlə viran qoyduğun evləri dilinlə təmir et. Buludların içinə dilinlə bir günəş çək. Mavi səmadan yerə enib, dilinlə torpağa körpə sevgi toxumları ək. Öldürdüyün ruhlara dilinlə nəfəs ver. Dilinin bəlasına düşmədən qurtar dilini bəladan. Dilin qurumadan ən azı cəhd et!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm