Birinci xanımların həyatı haqqında maraqlı faktlar - FOTOLAR
Bizi izləyin

Layihə

Birinci xanımların həyatı haqqında maraqlı faktlar - FOTOLAR

Birinci xanım olmaq - bu da özünəməxsus vəzifə və işdir. Ölkə rəhbərlərinin həyat yoldaşlarının hər gün səhər durub ofisə getməsinə ehtiyac yoxdur. Amma onların da üzərinə düşən bir sıra öhdəliklər var. Məsələn, dövlət başçılarının xanımının üzərinə düşən öhdəliklərdən biri hər zaman gözəl görünməkdir. O, hökmən baxımlı olmalı, cazibədar görünməli və zövqlü geyinməlidir. Başqa sözlə, ondan hər zaman ideal görünmək tələb olunur.

Publika.az-ın “9 don” layihəsinin bu sayında gözəl görünməyə məhkum birinci xanımlardan danışacağıq.

Nensi Reyqan

Рональд и Нэнси Рейган

Bir neçə il əvvəl Amerika Birləşmiş Ştatlarında birinci xanımların nüfuzunu öyrənməyə yönələn sorğu keçirilib. Məqsəd həmin xanımların ölkə tarixindəki yerini müəyyənləşdirmək olub. Bu sorğuda əksəriyyət gözlənilənlərin əksinə olaraq, Jaklin Kennedini deyil, Nensi Reyqanı seçib.

Ərinə məhəbbət və sədaqət - onu “nümunəvi qadın” siyahısına saldı

Niyə Nensi?

Məlum olur ki, Nensi ərinin səkkiz illik prezidentliyi ərzində qəzet səhifələrindən düşməyib. Onun dəstəklənməsi, nüfuzunun qalxması üçün fəal işləyib. Ən önəmlisi isə ərinə məhəbbət və sədaqətini nümayiş etdirib. Ona görə də xalqın yaddaşında nümunəvi xanım kimi qalıb.

ABŞ-ın sayca 40-cı prezidenti həyat yoldaşını o dərəcədə çox sevirdi ki, bu, mətbuatda bəzən riqqət və heyranlıq, bəzən isə acı gülüş doğururdu. Jurnalistlər zarafatla deyirdilər ki, Nensi ərinə hər dəfə elə baxır ki, onu sanki ilk dəfədir görür. Görünür, zarafatcıllar haqlı idilər. İlk görüş anından ömrünün sonunadək onlar, demək olar ki, mübahisə etmədilər. Bu məşhur cütlük bir-birinə daim ən xoş hisslərini izhar edirdilər. Nensi müsahibələrinin birində zarafatla demişdi ki, “Biz hətta birimiz o biri otağa keçəndə də öpüşürük”.

Nensi birinci xanım olandan sonra konservativ prezidentin sədaqətli həyat yoldaşı olur: ümumi siyasi xətti olub, ənənəvi baxışlarını nümayiş etdirirdi. Eyni zamanda, ictimai rəyi diqqətlə öyrənirdi. Və əgər publikanı nə iləsə qıcıqlandırdığını görürdüsə, bunu mütləq nəzərə alır və dəyişirdi. Bütün bunları ərinin karyerasına xələl gətirməmək naminə edirdi.

ABŞ prezidentinin ən böyük cəvahiratı

Жаклин и Джон Кеннеди

Jaklin Kennedi deyirdi ki, mənim vəzifəm dünyaya Birləşmiş Ştatların zövqsüzlər ölkəsi olmadığını göstərməkdir. Və o, bu vəzifənin öhdəsindən məharətlə gəlir.

Milyonlarla qadının pərəstiş etdiyi, sadəlik və gözəllik simvolu, stil ikonası Jaklin Kennedi Avropanı iddialı amerikasayağı gözəlliklə qarşı-qarşıya qoydu. O, gözəl görünməsinin səbəbini belə izah edirdi:

"Paltar bədənə kifayət qədər kip yapışmalıdır ki, siz qadın olduğunuzu göstərə biləsiniz. Eyni zamanda, paltar kifayət qədər rahat olmalıdır ki, sizin əsl xanım olduğunuz bilinsin”.

Ceki incə zövq və üslubdan əlavə, yumor və iti zəka sahibi idi. O, təmkinli təbəssümü və qabiliyyəti ilə təkcə milyonlarla insanı deyil, həm də təcrübəli arvadbaz Con Kennedini özünə valeh etmişdi. Kennedinin fransalı həmkarı Şarl de Qoll isə Jaklin Kennidiyə olan heyranlığı haqqında bu sözləri demişdi: "Missis Kennedi hətta ABŞ prezidenti üçün çox böyük cəvahiratdır!"

Qrafinya deyil, şahzadə olmaq istəyirəm

Ренье II и Грейс Келли

Qreys Kelli əsl şahzadə olmazdan əvvəl Hollivud şahzadəsi titulunu daşıyırdı. Özünü və digər Hollivud ulduzlarını geyindirən məşhur dizayner Oleq Kassini ilə evlənməyə hazırlaşan Qreys toy ərəfəsində fikrini dəyişir. Belə ki, Monako şahzadəsi ilə tanışlığı onun toy planlarını tamamilə alt-üst edir. Bu iki məşhur sima arasında qarşılıqlı simpatiya yaranır. Qarşılıqlı cazibə o qədər güclü olur ki, o, qiymətli vaxtı itirməmək və əlavə qüvvə sərf etməmək üçün tezliklə nişanlısından ayrılır. Rus zadəganın oğlu Oleq Kassinidən ayrıldığını çox sərt şəkildə bəyan edir: “Qrafinya deyil, şahzadə olmaq istəyirəm!"

Yarım ildən sonra Renye Kelliyə evlilik təklif etmək üçün Filadelfiyaya, qızın valideynlərinin yanına yollanır və sonra dəbdəbəli toy baş tutur.

Və beləcə, Hollivud gözəlinin yeni həyatı başlanır. Qreys Kelli evləndikdən sonra kino karyerasına son qoyur.

Karyerasına son qoysa da, insanlarla məsafə saxlamaq istəmirdi: sadə vətəndaşların uşaqları üçün yolka şənliyi təşkil edir, xeyriyyəçiliklə məşğul olurdu. Bu xüsusiyyətlərinə görə, mətbuat da onu çox sevirdi. Gözəllik, dəbdəbə və demokratiklik yeni Monako şahzadəsinin əsas fəzilətləri idi. Təəssüf ki, əri ilə münasibətləri elə də xoşagələn deyildi. Getdikcə Qreysin həyatı öz rəngini itirirdi. Münasibətlərdə soyuqluq yaşanırdı. Renyeni Qreysin problemləri, düşüncələri zərrə qədər maraqlandırmırdı. Qreys Kellinin faciəvi ölümü isə onu əsl ikonaya çevirir.

Salam sənə göylərdəki Yevadan

Эвита и Хуан Перон

Argentinalı aktrisa Yeva Peronun həyatı saxtalaşdırılıb. Ona görə də real faktlar və miflərlə sıx qarışmış Yeva Peronun əsl həyatı haqqında heç kim heç nə bilmir.

Bilinənlər isə ondan ibarətdir ki, o, Argentina prezidenti olacaq 48 yaşlı Xuanla evlənərkən 24 yaşındaydı. Bir müddət ərinin təbliğatçısı kimi çıxış edən Yeva radiodakı çıxışlarında Xuan Peronun uğurlarını səhnələşdirilmiş şəkildə dinləyicilərə çatdırırdı. Bu da Yevanın vasitəsi ilə Xuanın daha da şöhrət qazanması, müdafiə naziri vəzifəsinə yüksəlməsi ilə nəticələndi. Amma Xuanın müdafiə naziri olması onun həbsə gedən yolunu açdı. Belə ki, Peronun simasında güclü rəqibini görən əleyhdarları onun vəzifəsindən azad edilərək həbsə atılmasına nail oldular. Lakin xalq içində ər-arvadın nüfuzu o qədər çox idi ki, onlar xilas yolunu Peron-Yeva cütlüyündə görürdülər. Ona görə də xalq ayağa qalxaraq küçələrə töküldü və Peronun dərhal azad edilməsinə nail oldu. Azadlığa çıxan Xuan Peron parlamentin binası qarşısındakı balkondan oraya yığılan on minlərlə insanı salamlayarkən Yeva da məğrur bir görkəmdə onun yanında dayanmışdı.

O, Xuan Peronun prezident kreslosunda əyləşməsi üçün seçkiqabağı kampaniyada xalq qarşısında fəal çıxış edərək həyat yoldaşına kömək etdi. Birinci xanım kimi fəal ictimai fəaliyyəti ilə fərqləndi. Daim kasıblara kömək edən birinci xanımın prezident əri üzərində böyük təsiri vardı. Məhz bu təsirin nəticəsi idi ki, bir sıra qanunlar (belə ki, məsələn, ölkədə qadınların seçki hüququ) onun sayəsində qəbul edildi. Kəndlilər, demək olar ki, birinci xanımı müqəddəs hesab edirdilər. Hətta zamanında dindar argentinalıların yardım məqsədi ilə birinci xanıma ünvanlandıqları “Salam sənə göylərdəki Yevadan" kimi imzalanmış açıqcalar üzərində xüsusi komanda işləyirdi.

Təəccüblü deyil ki, Yevanın cəsədi mumiyalanıb və yalnız ölümündən üç il sonra dəfn edilib.

Başa düşülmədən ölən birinci xanım

Михаил и Раиса Горбачевы

Dizə qədər yubkası, təbəssümü, kübar şarmı, şəxsi fikirləri və davranışı ilə Raisa Qorbaçova sovet vətəndaşlarını qıcıqlandırırdı. Qorbaçovdan əvvəlki sovet rəhbərlərinin həyat yoldaşları, adətən, kadr arxasında qalırdı. Mixail Qorbaçov və həyat yoldaşını keçmiş SSRİ rəhbərləri ilə müqayisə edən sovetoloqlar bu cütlüyün yeniliklərinə biganə yanaşa bilmirdilər. Bu səbəbdən, Qərb mətbuatı Raisa Qorbaçovanı əri Mixail Qorbaçovdan daha üstün tuturdu. Qərb mətbuatında “Paris dəbdəbəli kommunist qadını”, “Ərinin çəkisindən az olan SSRİ-nin yeganə ilk xanımı!”- başlıqlı xəbərlər çıxırdı.

Xalq isə Raisanı sevmirdi. Bunun bariz sübutu isə onun haqqında baş katibə güclü təsir göstərməsi haqqında yayılan təhqiramiz lətifələr idi. Bu nifrəti başa düşmək olardı. Çünki o zaman sadə vətəndaşlar dövlətin birinci şəxslərinin həyat yoldaşlarının öz davranışları ilə meydan oxumasına öyrəşməmişdi. Burada paxıllıq hissi də öz sözünü deyirdi. Buna baxmayaraq, Raisa o dövrün ən dəbdəbəli, eleqant xanımı hesab olunurdu.

Raisa Maksimovna yaxşı geyinməyi sevir, bununla öyünməməyə, özünü cəmiyyətin bir nümayəndəsi, yüksək təbəqənin insanı kimi təqdim etməməyə çalışırdı. Özü kimi olmaq istəyir, heç kimin xoşuna gəlməyə çalışmırdı. Bununla yanaşı, həmişə əsas rolda çıxış etməyi sevirdi.

Raisa onu bahalı geyinməkdə ittiham edənlərə “Mən nə İv Sen-Loranın, nə də ki, başqa bahalı dizaynerlərin yanına getmirəm. Məni Dəmirçi körpüsünün atelyesində geyindirirlər”, - deyirdi. Amma onun fotolarına baxanda bu sözlərə inanmaq çətinləşir.

Raisa Qorbaçova 1999-cu ildə qan xərçəngindən vəfat etdi. Ölümündən qabaq isə ərinə demişdi: “Yəqin, insanların məni başa düşməsi və qəbul etməsi üçün belə ağır xəstəliyə düçar olmalı və ölməliydim...”

Nikola Sarkozi üçün çox seksual obrazından tamamilə imtina etmək fikrində deyildi

Карла Бруни и Николя Саркози

Jaklin Kennedi Amerika prezidenti üçün cəvahirat sayılırdısa, Avropa mətbuatı da Karla Bruninin Nikola Sarkozi üçün çox seksual olduğunu yazırdı. Birinci xanım olduqdan sonra sadə və boz rəngli rahat geyimlərə, təmkinli üsluba üstünlük versə də, cazibəli obrazından tamamilə imtina etmək fikrində deyildi. Məsələn, bir dəfə Karla protokol qaydalarından kənara çıxaraq əhəmiyyətli tədbirə büstqalter taxmadan gəlmişdi.

Nəzakət xətrinə də olsa, o, üzərinə düşən ictimai fəaliyyətlə məşğul olurdu. Bununla belə ictimaiyyəti Karlanın intriqa və qalmaqal ilə dolu keçmişi daha çox maraqlandırırdı. Karla isə var gücü ilə dünyaya sübut etməyə çalışırdı ki, o, ağrılı keçmişini silərək dəyişə bilər. Məsələn, qəşəng, işgüzar üslubda görünə də, şarm timsalı və yeni dəb qanunvericisi də ola bilər. O, Avropa ölkələrinin bütün dövrlərdə görmək istədiyi birinci xanım olduğunu göstərmək istəyirdi.

Bütün dünyanı təəccübləndirən “feminist trendi”

Барак и Мишель Обама

İlk qaradərili prezidentin seçilməsi çox böyük hadisədir. ABŞ-ın birinci xanımının da qaradərili olması eyni dərəcədə maraqlı hadisə idi. O, çox müasirdir, teleşouda qonaq qismində istənilən məsələ üzrə öz fikrini rahatlıqla söyləyir. Mişel Obama yalnız Amerika xalqını deyil, bütün dünyanı təəccübləndirə bilir.

Mişel parlaq paltarlara və dəbdəbəli yubkalara aludəçiliyi ilə tanınır, krosovka və beysbolkalar isə qeyri-rəsmi şəraitdə ona yalnız əlavə xal gətirir. Mişel Obama bir çox sosial layihələr hazırlayır, məktəblilər arasında sağlam qidalanmanın təbliği üzrə proqramları dəstəkləyir və “feminist trendi” adı altında gizlənməkdən çəkinmir. Maraqlıdır, Ağ Evdən çıxandan sonra Mişel Obama əvvəlki həyatına dönə biləcəkmi?

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm