Şöhrətini sevgililərinə borclu olan gözəl: “Bu ölkədə qadın olmaq çətindir” – FOTOLAR
Bizi izləyin

Layihə

Şöhrətini sevgililərinə borclu olan gözəl: “Bu ölkədə qadın olmaq çətindir” – FOTOLAR

O, hansısa bacarığına və ya qeyri-adi zəkasına görə şöhrət qazanmayıb. Sadəcə, çox gözəl olduğu üçün hamının diqqətini çəkib və Türkiyənin ən məşhur qadınlarından birinə çevrilməyi bacarıb. Özü də etiraf edir ki, bu qədər tanınmasında tanınmış sevgililərinin rolu gözəlliyindən çox olub. Söhbət 31 yaşlı model və aktrisa Berrak Tüzünataçdan gedir.

Əvvəlcə məşhur futbolçu İlhan Mansızla sevgili olan və bunun sayəsində şou-aləmində tanınmağa başlayan gənc xanım daha sonra özündən 18 yaş böyük olan zəngin iş adamı Volkan Böyükhanlı ilə yaşadığı eşq macərası ilə gündəmə gəlib. Bundan sonra da model kimi podiuma çıxmaq təklifləri alıb. Türkiyənin məşhur şoumenlərindən Okan Bayulgenlə olan münasibətindən sonra isə bir çox film təklifləri alan gənc gözəl hazırda Türkiyənin ən tanınmış aktrisalarından biridir.

Qeyri-adi üz cizgiləri, seksual baxışları və gözəlliyi ilə arzuladığı hər şeyi əldə etməyə öyrəşən Berrak Tüzünataç bu yaxınlarda "InStyle" jurnalına müsahibə verib.

Bir müddətdir ki, ekrandan uzaqlaşan və özünün dediyinə görə, "yeniləməklə" məşğul olan gözəl ulduz müsahibəsində şəxsi həyatı ilə bağlı olduqca maraqlı məqamlara toxunub.

Beləliklə, Publika.az-ın "Şirin söhbət" layihəsində bu dəfə Berrak Tüzünataçın yeni müsahibəsini oxuyacaqsınız.

- Həyat neçə keçir?

- Hər şey yaxşıdır. Özümü keçid dövründə hiss edirəm. Uzun müddətdir ki, dəyişdiyimi, yeniləndiyimi düşünürəm. Yavaş-yavaş bu dəyişikliyin gətirdiyi nəticələrlə üzləşirəm.

- Yəqin ki, bu dəyişiklik artıq 30 yaşı haqlamağının nəticəsidir. Bundan sonra necə bir qadın olmaq istəyirsən?

- Hamının özünə görə bir yolu var. Mənim indiyə kimi ağlımda bir qadın obrazı olub. Özümü həmin obraza oxşatmağa çalışarkən, çox şey itirmişəm. İndi başa düşürəm ki, özümü hər halımla sevməliyəm. Gözəl və ya çirkin olmağımdan, uğurlarımdan və ya uğursuzluğumdan asılı olmayaraq, özümü olduğum kimi qəbul etməliyəm. Mən öz həqiqətimi tapmaq istəyirəm. Düşünürəm ki, insanın həyatdakı ən böyük qayəsi bu olmalıdır.

- Sizin peşə çox çətindir. Çünki şəxsi həyat gizli qalmır və bəzi şeyləri özünə qadağan etməli olursan.

- Bəzən 20 yaşlı həmkarlarımla bağlı çıxan xəbərləri oxuyuram. Onların əvəzinə kədərlənirəm. Çünki özümü onların yerinə qoyuram. Mən də o yaşlarda olanda bu tip xəbərlər çıxmasın deyə özümə çox şeyi qadağan eləmişəm. İndi peşmanlıq çəkirəm. Çünki 17 yaşımdan bəri işləyirəm və bu il ilk dəfədir ki, dincəlmək üçün boş vaxt tapıram.

- Bəs boş vaxtında nə etdin, nə öyrəndin?

- Azad yaşamalı olduğumu və heç nəyi ciddi qəbul etməməyi öyrəndim. Məsələn, mən hər gün evimin ətrafında yürüyürəm və paparassilər şəkillərimi çəkib xəbər hazırlayırlar. Buna öyrəşmək çətin olsa da, əlimdən gələni edirəm.

- Səncə, gözəllik insana şans gətirir, yoxsa həyatı daha da çətinləşdirir?

- Bu ölkədə qadın olmaq onsuz da çox çətindir. Güclü olmalısan. Öz arzularına çatmağa çalışan, qəliblərə zidd hərəkətlər edən qadın isə min dəfə daha güclü olmalıdır. Mən də güclüyəm, başqa seçimim yoxdur. Mən bu peşə ilə məşğul ola bilmək üçün çox fədakarlıqlar etmişəm. Heç nə göründüyü kimi asan deyil. İnsan nə qədər güclüdürsə, bir o qədər də həssas olur.

- Qadınların daha yaxşı yaşaması üçün nə isə etməyi düşünürsənmi?

- Gələn ay çıxması planlaşdırılan jurnallardan biri üçün qadın cinayətləri mövzusunda yazı yazacağam. Həqiqətən nəsə etmək lazımdır. Çünki 8 il ərzində qadın cinayətləri inanılmaz dərəcədə artıb.

- Sən hansı qadınlardan ilham alırsan?

- Bəzən elə düşünürük ki, ilham aldığımız insanlar, kumirlərimiz mütləq yaşca bizdən böyük olmalıdırlar. Ancaq elə deyil. Məsələn, mən Emma Uatsonu çox bəyənirəm. Gender bərabərliyi ilə bağlı elə gözəl çıxışlar edir ki, ona heyran olmamaq mümkün deyil. Patti Smit də mənə ilham verən qadınlardan biridir.

- Bir az da gözəllik sirlərindən danışaq. Gözəlliyini qorumaq üçün nələr edirsən?

- Əgər gözəl görünmək istəyirsinizsə, mütləq dərinizə qulluq etməlisiniz. Mən də tez-tez xüsusi proseduralar etdirirəm, dərimi təmiz saxlayıram. Bir də pilateslə məşğul oluram.

- Möhtəşəm görünürsən və heç sellülitin yoxdur. Bunu nəyə borclusan?

- İdeal çəkidə qalmağa çalışıram. Mütəmadi olaraq pilateslə məşğul oluram. Ən yaxşı rəfiqələrimdən biri olan Burcu Yücə həm də rəqqasdır. Tez-tez onun rəqs dərslərində iştirak edirəm. Bunların hamısını həftənin 5 günü edirəm.

- İdman, əlbəttə, önəmlidir. Ancaq sağlam qidalanmaq da lazımdır. Bunu da bacarırsan?

- İdman etməyə başlayandan sonra, istər-istəməz sağlam qidalancaqsan. Çünki "fast-food", yağlı qidalar və ya şirniyyatlar yeyəndə özünü narahat hiss edirsən. Bilirsən ki, həmin qidadan aldığın kaloriləri asanlıqla xərcləmək çox çətindir. Məcbur qalmadığım müddətcə hazır qidalar yemirəm. Yavaş-yavaş vegan qidalanma rejiminə keçməyə başlamışam. Arıqladan deyil, orqanizmimə faydalı olan qidalar yeməyə çalışıram. Əvvəllər yeməkləri çox duzlu yeyirdim. Ona görə də, gözlərimin altı şişirdi. İndi demək olar ki, duzdan heç istifadə etmirəm. Şəkəri də menyumdan çıxartmışam.

- Deyək ki, filmin təqdimat mərasimində iştirak edəcəksən, nə geyinərsən?

- Əgər mənim rol aldığım filmin təqdimatı deyilsə, bütün diqqəti üzərimə çəkəcək, dekolteli libas geyinmərəm. Bu mövzularda çox həssasam. Başqasının qalasına gedirəmsə, çox iddialı geyinməkdən çəkinirəm. Qalanın hansı məkanda baş tutduğu da önəmlidir. Məsələn, indi bəzi filmlərin təqdimat mərasimləri alış-veriş mərkəzlərində keçirilir. Alış-veriş mərkəzinə şıq bir ziyafət libası ilə getməyi xoşlamıram. Elə hallarda tulum, şalvar və ya sadə donla stilimi tamamlayıram.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm