Rahatlığı və qadın seksuallığını özündə birləşdirən ən romantik moda evi
Bizi izləyin

Layihə

Rahatlığı və qadın seksuallığını özündə birləşdirən ən romantik moda evi

“Chloe” dünyada kifayət qədər məşhur olan fransız brendidir. Brend qadınlar üçün geyim, aksessuar və parfümeriya hazırlayır. “Chloe” üslubunun səciyyəvi xüsusiyyəti sadəliyi və romantizmi təbliğ etməsidir.

Publika.az-ın “Brendlərin tarixi” layihəsinin bu həftəki sayında dəbin paytaxtında yaranmış “Chloe” fransız moda evinin yaranma tarixçəsi və inkişafı haqqında danışacağıq.

Kübar qızcığaz

“Chole” brendini Qabi Agen təsis edib. Əslən misirli və aristokrat xanım Misirdə anadan olub. Onun Fransaya köçməsi isə ikinci dünya müharibəsinin sonuna təsadüf edib. Gözəl Qabi o illərdə Fransada öz qeyri-adi geyimləri və təbii qarabuğdayı dərisi ilə çox məşhur idi.

Günlərin bir günü Qabi yeknəsək kübar həyat yaşamaqdan bezərək yaxın tanışı üçün geyim eskizləri çəkməyə başlayır. Bu sahədə olan bacarığını yavaş-yavaş artıraraq hətta paltar tikməyi öyrənir. Bundan sonra onun paltarları Parisin bir neçə köşkündə satışa çıxarılır. Bazarda yeni olmasına baxmayaraq, qızın hazırladığı geyimlər ona uğur gətirir, geniş alıcı kütləsi qazanır. Gənc modelyerin qeyri-adi incəliyi, dəqiqliklə yerinə yetirilmiş işləri moda dünyasının professionallarını da heyrətə salır. Beləcə, Qabinin hobbisi ona yavaş-yavaş gəlir gətirir. Gəliri artdıqca Agen öz evində kiçik atelye açır. Hansı ki, əsasını qoyduğu həmin şirkətdə o, öz iki rəfiqəsi ilə birlikdə şedevrlər yaradacaq. Yeri gəlmişkən qeyd edək ki, onun rəfiqələrinin biri həkim, digəri isə opera müğənnisi idi.

Yuxarıda dediyimiz kimi gənc və zəngin aristokrat Qabi Agenin Misirdən Parisə köçməsi ilə Fransa moda tarixində ən romantik moda evlərindən birinin əsası qoyulur. Qabinin modaya gəlişi isə lap yerinə düşür. Çünki 2-ci dünya müharibəsindən sonra Fransada qadın geyimlərində kişisayağı üslub hökm sürürdü. Qadınlar qısa saçlarda gəzir, kişi kostyumları geyinirdilər. Bir sözlə, fransız gözəllərinin qadın zərifliyinə ehtiyacı vardı. Qabinin sehrli əlləri dəbə incəlik və zəriflik gətirir.

Demək olar ki, bütün brendlər öz yaradıcılarının adını daşıyır. Qabi Agen isə əslən misirli olduğu üçün bu adın moda dünyasında anlaşılmaz qarşılanacağını düşünürdü. Ona elə gəlirdi ki, Qabi Agen adı falçı üçün daha çox uyğun idi. Geyim sənayesində isə bu ad, ancaq şarlatanlıqla assosiasiya olunurdu. Onda Qabi rəfiqəsi - Kloye de Bryumetondan (Brumeton Chloe de) şirkətə onun adını qoymaq üçün icazə istəyir. Rəfiqəsi şirkətə onun adının verilməsinə razılaşanda müəssisənin uğur qazanacağına və onun uzun müddət fəaliyyət göstərəcəyinə qətiyyən inanmırdı. Kloye rəfiqəsinin məşğuliyyətini bəsit əyləncə hesab edirdi. Beləliklə, 1952-ci ildə Parisdə “Chloe” moda evi yaradılır. Məlumat üçün bildirək ki, “Chloe” sözünün mənası yaşıllaşdırma deməkdir. Yunan əkinçilik ilahəsi Demetranı da belə adlandırırdılar. Bu cür alleqoriya Agenin yaratdığı geyimin əhval-ruhiyyəsi barədə olduqca dəqiq məlumat verirdi.

Qabinin modelləri o dövrün modelyerlərinin kolleksiyasından kəskin fərqlənirdi. Onun kolleksiyasının rəng qamması, üslubu ifrat dərəcədə ciddi, təmkinli və yorucu deyildi. Həm də o illərdə istehsal olunan geyimlərin əksəriyyəti "lüks" sinfinə aid idi, amma Qabinin geyimlərinin həm qiyməti münasib idi, həm də həqiqətən keyfiyyətli idi. Misirli modelyer sadə, konkret və təsirli dəstlər yaradırdı. O, öz fasonları üçün yumşaq materiallar və yüngül teksturalar seçirdi. Ona görə də siluetləri həmişə axıcı alınırdı.

Markanın ilk geyim nümayişi “Café de Fleur” kafesində keçirilib. İlk kolleksiya Paris modapərəstlərin çox xoşuna gəlmişdi. Bu isə dizayner üçün uğur demək idi.

Dizaynerlərlə əməkdaşlıq

“Chloe” moda evi tanınmış dizaynerlərlə dəfələrlə əməkdaşlıq edib. Demək olar ki, yarandığı gündən modelyerlər yeni kolleksiyaların yaradılmasında iştirak ediblər. Belə ki, 1957-ci ildə ilk dəfə Jerar Piparla, sonra isə Kristian Beyli ilə müqavilə bağlanıb. Qeyd edək ki, əməkdaşlıq yalnız bir şərtlə bağlanılırdı: bütün dizaynerlər “Chloe” markasının ənənəvi firma üslubunu qoruyub saxlamalı idilər.

Moda evi getdikcə böyüyür və populyarlaşırdı. O, öz çiçəklənməsini tanınmış dizayner Karl Lagerfeldə borclu idi. Karl Lagerfeld dizayner təyin olunduqdan sonra şirkətin vahid üslubu müəyyənləşdi. O, illərdə Karl hələ cavan idi və dizayner kimi çox az tanınırdı. 80-ci illərdə Lagerfeld “Chloe” moda evini tərk edir və “Chanel”-ə keçir. Onda işçi heyətinin də böyük hissəsi onunla birlikdə şirkəti tərk etmişdi. Karl Lagerfeldin ardınca brendin banisi Qabi Agen də “Richemont Group” İsveçrə şirkətində yeni işə başlayır.

1985-ci ildə moda evinin idarəçiliyi “Compagnie Financiere Richemont SA” şirkətinə keçir. Bu birləşmə moda evinə əvvəlki populyarlığını qorumasına, hətta yeni səviyyəyə çıxmağa imkan verir.

Lagerfeld getdikdən sonra onu bir-birinin ardınca bir neçə dizayner əvəz edir. Martin Sitbon onlar arasında ən yaddaqalanı olur. O, öz aşıb-daşan ideyaları və yeni kolleksiyaları ilə tamaşaçıları təəccübləndirə bilmişdi. Brend yalnız Martinin sayəsində ən çətin dövrlərində fəaliyyətini davam etdirə bilir.

1997-ci ildə Stella Makkartni moda evinin kreativ dizayneri təyin olunur. O, yaratdığı kolleksiyalarda daha çox incəliyi və qadın seksuallığını ön plana çıxarırdı. Hesab edilir ki, Stella markaya yeni həyat verdi. Krujevalı korsetlər, tikməli qollar, toxumalar, yüngül paltarlar onun sayəsində markanın vizit kartına çevrilir.

Stella Makkartni “Chloe” moda evində işlədiyi müddətdə öz yaradıcılığını belə xarakterizə edir: "Burada xüsusi mövzular yoxdur. Mən kolleksiyalarda sadəcə olaraq hər bir qadını rahat, eyni zamanda zərif və seksual hiss etdirən geyimlər hazırlayıram”.

Stella Makkartni sözügedən moda evinin gənclər üçün nəzərdə tutulan və daha münasib qiymətə satışa çıxarılan “See by Chloe” demokratik xəttini buraxır.

2002-ci ildə Stella Makkartni “Chloe”-nin hakimiyyətini gənc dizayner Fibi Foloya həvalə edir. Fibi sələflərindən fərqli olaraq, nümayişdən şou düzəltmirdi. Onun üçün markanın köhnə ənənələrini qaytarmaq vacib idi. Odur ki, yaratdığı modellər həmişə sakit və yüngül xarakter daşıyırdı. Fibi Filo öz kolleksiyasını artıq dəbdəbə və emosionallığı ilə yükləmir, qəşəng, amma sadə geyimlər yaradırdı. Nəticə etibarı ilə Fibi Filo fransız bredinin zəngin irsini davam etdirir, onu öz kökünə qaytarır.

Lakin köhnə üsluba sadiqlik uzun müddət davam etmir. İki il sonra moda evinin baş dizayner vəzifəsinə Paulo Anderson təyin olunur. O, kreativ yanaşma ilə brendin həm yeni, həm də gözlənilməz tərəflərini açır. Müştərilər markanın daimi dəyişikliyinə öyrəşsələr də, Andersonun radikal kolleksiyalarını qəbul edə bilmirlər.

2008-ci ildə moda evinə daha bir dizayener - Hanna Makqibbon gəlir. O, Paul Andersondan sonra yaranmış vəziyyəti moda evinin xeyrinə dəyişir. Onun kolleksiyalarının səciyyəvi xüsusiyyəti ən mürəkkəb ziyafət paltarlarının yaradılması idi. Onun xüsusi yaradıcı baxışı moda evinin ənənələrinə xəyanət etməyə imkan vermir.

2014-ci ildən isə Kler Keller markanın baş dizayneri olur. Fransız markasının kreativ direktoru Kler Keller “Chloe” qızının obrazına reallıqdan bir qədər uzaq, daha romantik yanaşır. O, var gücü ilə xanımları gözəl göstərməyə çalışsa da, onların rahatlığını da mütləq nəzərə alır.

Fransız moda evinin üslubu tez-tez dəyişməsi firmanın sadiq pərəstişkarlarının marağını daha da qızışdırır. Onlar hər mövsüm intizarla sevimli brendlərinin yeni kolleksiyasını gözləyirlər. Bəlkə də brendin uğuru müəyyən olunmuş standartlardan kənara çıxmasında və ya daimi dəyişikliyə məruz qalmasındadır... Qeyd edək ki, moda evinin yaradıcısı Qabi Agen 27 sentyabr 2014-ci ildə 93 yaşında Parisdə vəfat edib.

Bənzərsiz üslubu

Marka öz ətriyyat vasitələrinin seriyası ilə də məşhurdur. İlk “Chloe for Women” ətri nadir aromatik yağları əsasında 1975-ci ildə Karl Lagerfeld tərəfindən yaradılıb. Bu ətir uzun illər moda evinin müştərilərinin ən çox tələb olunan məhsulları arasında olub. Növbəti “Narcisse Chloe” ətri isə 1992-ci ildə buraxılıb.

“Chloe” moda evinin formalaşmış üslubu olmasa da, bütün dövrlərdə bir çox tanınmış insanların diqqətini cəlb edə bilib. Deyilənlərə görə, yunan milyarder Aristotel Onassisin qızı Kristina Onassis bir dəfə “Chloe” mağazasına alış-veriş etməyə gələndə 36 köynəyi birdən almışdı. Butikin məşhur alıcıları sırasında Mariya Kallas, Bricit Bardo, Jaklin Kennedi, Qreys Keli, Kirsten Danst, Natali Portman və başqalarının adını göstərmək olar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm