Məşhur aktrisa: “Yolda dönüb mənə baxanların sayı çoxaldı” – FOTOLAR
Bizi izləyin

Layihə

Məşhur aktrisa: “Yolda dönüb mənə baxanların sayı çoxaldı” – FOTOLAR

Yəqin ki, "Fatmagülün suçu ne" ("Fatmagülün günahı nədir?") adlı serialdakı Müqəddəs yengəni xatırlayırsınız. Aktrisalığa çox gec - 36 yaşında başlayan Əsra Dərmançıoğlu məhz bu obraz sayəsində qısa müddətdə məşhurlaşdı. Aktrisa yaxında çəkilişləri başlayacaq "Kösəm Sultan"da da rol alacaq. Yenə dostu, cazibədar aktrisa Berən Saatla kamera qarşısına keçəcək.

Qeyri-adi üz cizgiləri və mimikaları ilə digər aktrisalardan seçilən Əsra Dərmançıoğlu olduqca maraqlı müsahibə verib. Qəbirstanlıq mənzərəli evindən, şəxsi həyatından və karyerası ilə bağlı çətinliklərdən danışan aktrisanın müsahibəsini Publika.az-ın "Şirin söhbət" layihəsi çərçivəsində təqdim edirik:

- Eşitdiyimə görə, atanın musiqi mağazası olub.

- Bəli, musiqi ilə maraqlanırdı. 70-ci illərdə ölkəyə xarici musiqiçilərin vallarını gətirənlərdən biri olub. Klassik musiqi vallarından ibarət böyük kolleksiyası vardı.

- Sən belə bir şəraitdə böyümüsən, nə əcəb musiqiçi olmaq istəməmisən?

- Piano çalırdım, amma sonra maraqlanmadım. Bir də anam məni çox yükləyirdi. Həm üzgüçülüyə gedir, həm tenis oynayır, həm də piano çalmağı öyrənirdim. Amma heç birini həyatımın mərkəzinə qoya bilmirdim.

- Hansı janrda olan musiqiləri sevirsən?

- Uşaqlıq illərindən bəri klassik musiqi heyranıyam. Müasir dövrə uyğunlaşdırılmış variantları da xoşlayıram. Məsələn, Vanessa Meyi çox bəyənirəm. Onu dinləyəndə tüklərim biz-biz olur. Kaman və viyolonçel ən çox bəyəndiyim musiqi alətləridir.

- Sən evin tək uşağı olmusan. Özünün də bircə övladın var. İkinci uşaq haqqında düşünmürsən?

- Yox, istəmirəm. Bu qərarımda karyeramın da rolu var. Hazırda həyatımdan çox razıyam.

- Bəs gənc yaşda ana olmasaydın, indi buna cəsarət edə bilərdin?

- Bəlkə də heç vaxt ana olmazdım. Övladımın atasından boşansaq da, o çox yaxşı atadır. Buna görə də, şanslıyam.

- Necə oldu ki, evləndiniz?

- Çox aşiq idim. İndi də onunla yaxınam və xətrini çox istəyirəm.

- Siz boşananda qızınız neçə yaşında idi?

- 4 yaş yarım idi. O yaşlarda çox çətin olur. Atasına çox bağlı idi. Amma indi hər şey yaxşıdır.

- Qızının vəziyyəti qəbul etməsi üçün psixoloqdan kömək istədin?

- Yox. Psixoloqlara inanmıram. Bir psixoloqun hisslərimizi, yaşadıqlarımızı, uşağın necə reaksiya verəcəyini anlayacağından əmin deyiləm.

- Bəs nə etdin?

- Sevgi bitibsə, bunu qəbul etməlisən. Getmək istəyənlə razılaşırsan. Onda hər şey həll olur.

- Deyilənə görə, həyat yoldaşın aktrisalıq etməyinə razı olmadığı üçün ayrılmısınız.

- Elə deyil. Bizim aramızda baş verənləri heç kim bilməz. Hisslərimiz, duyğularımız dəyişmişdi, başqa şeylərə əhəmiyyət verməyə başlamışdıq.

- Aktrisalığa başlayanda neçə yaşın var idi?

- 36 yaşımda başlamışam.

- Sizə deyən olmadı ki, bu yaşdan sonra olmaz, gecikmisiniz.

- Dedilər, amma mən çox arsızam, vecimə olmadı.

- Mətbuatda çıxan xəbərlərə inansaq, hər gecə əylənirsən.

- Yalandır. Hətta evdən çölə çıxmadığım üçün dostlarım məni ələ salırlar. Harasa gedəndə yarım saat oturub evə qayıdıram.

- Evdə nə edirsən?

- Əylənirəm. Zövq aldığım hər şey evdədir. Mətbəxim, filmlərim, qızım, itim, yatağım, televizorum, kitablarım... Ev mənim üçün əsl cənnətdir.

- "Fatmagülün suçu ne?" serialındakı Muqəddəs yengə rolu ilə populyarlaşdın. Səncə, bu rol sənə niyə uğur gətirdi?

- Məncə o rolda elə xüsusi bir şey yoxdur. Amma hansı rolun insana şöhrət gətirəcəyini əvvəlcədən təxmin etmək olmur. Mənim üçün də sürpriz oldu.

- Məşhur olmaq həyatında nələri dəyişdirdi?

- Vallah bir qram belə dəyişiklik olmadı. Mən həyatımı qurmuşam, dostlarım, zövqüm, hobbilərim var. Şöhrət heç nəyi dəyişmədi. Sadəcə, yolda dönüb mənə baxanların sayı çoxaldı. Əvvəl xoş göründüyüm üçün dönüb baxanlara, indi "bax, bax sənətçidir", deyib baxanlar da əlavə olundu (Gülür).

- Özünü ələ sala bilirsən. Necə bacarırsan bunu?

- Təəssüf ki, eləyəm. Bəzən özümə gülməyim gəlir. Bəlkə də bu xüsusiyyətim karyeram üçün lazımlıdır.

- Eşitdim ki, qəbirstanlıq mənzərəli evin var imiş.

- Hə, yeni köçmüşəm. Evim Zincirliquyu qəbirstanlığının yaxınlığında yerləşir. Qəbiristanlıq mənzərəsi mənə yaxşı təsir edir. Hər şeyin mənasız olduğunu xatırlayıram. İndi həyatdasan, ancaq bir gün sonra olmaya bilərsən.

- Səni "seksual qadın" kateqoriyasına daxil edirlər. Bəs, özün necə, özünü seksual hesab edirsən?

- Qarşımdakı insana nə hiss etdirdiyimi bilmədiyim üçün bu sualın da cavabını dəqiq bilmirəm. Mənə "seksual" deyə bilərlər, amma mən elə olduğumu düşünmürəm.

- Aktrisa Qlen Klouz ilə müqayisə olunursan. Bununla bağlı nə deyəcəksən?

- Mən ona oxşamıram. Bəlkə mimikalarımız oxşayır. Amma balaca olanda özümü Barbra Streyzanda bənzədirdim.

- Qaşların da müzakirə mövzusudur.

- Əvvəllər çox müzakirə edilirdi. Ancaq son vaxtlar "Bu kişidir, yoxsa qadın" deyənlərin sayı azalıb. Qaşlarımı belə bəyənirəm. Əl vurmağı düşünmürəm.

- Makiyajı da xoşlamırsan.

- Sevmirəm. Mənə yaraşmadığı qənaətindəyəm. Bəzi qadınlara çox yaraşır, amma mənim tipimdə olanlarda çox pis görünür.

- Aktrisaların estetik cərrahiyyə etdirməsinə necə baxırsan?

- Ola bilər. Ancaq nəyisə həddən artıq edəndə yaxşı görünmür. Məncə, qırışlar insana gözəllik verir. Amma bəziləri çox pis qocalır, bəlkə də ona görə estetik əməliyyata müraciət etməli olurlar.

- İran kinosuna heyran olduğunu bilirəm. Mən də çox bəyənirəm.

- Hə, İran filmlərini çox sevirəm. Hətta bir dəfə rejissor Əsgər Fərhadiyə məktub yazmışdım. Onun "Elli haqqında" filmini seyr etdikdən sonra daha da heyran oldum. O öz ölkəsinin mədəniyyətini çox yaxşı bilir və olduğu kimi əks etdirir.

- Türkiyədə bəyəndiyin rejissorlar kimlərdir?

- Zəki Demirkubuz və Uğur Yücəli çox bəyənirəm.

- Bir az da bu həftə tamaşaçı ilə görüşən "Merdiven baba" ("Pilləkən ata") filmindən danışaq.

- Filmdə Hacı Əli Konuk ilə ər-arvadı canlandırırıq. İki uşağımız var. Qadın evdə dayanmadan deyinir. "Qonşunun "Mercedes"i var, mənə də maşın al" deyərək kişinin başını xarab edir.

- Yəni, sənin tam əksindir. Bu rolu sevə bildin?

- Sevmək üçün nə isə tapıram. Həmin insanı başa düşməyə çalışıram. Məsələn, bir qatili canlandırsam, onun da özünə görə haqlı səbəbləri olduğunu düşünərəm. Başqa cür oynamağım mümkün deyil.

- Berən Saatla dost olduğunuzu bilməyən yoxdur. Yenə tez-tez görüşürsünüz

- Təbii ki, görüşürük.

- Yenə Berən Saatla eyni layihədə yer alırsan. "Kösəm sultan"ın çəkilişləri yaxında başlayacaq. Serial haqqında nə deyə bilərsən?

- Hazırda heç nə deyə bilmərəm. Ancaq çəkilişlər başladıqdan sonra danışmağa icazə var.

- Aktyor, aktrisa olmaq istəyənlərə nə tövsiyə edirsən?

- Dayanmadan işləməyi və həvəsli olmağı.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm