Cazibədar aktrisa sevgilisindən danışdı: “Bu xüsusiyyəti ağlımı başımdan aldı” - FOTOLAR
Bizi izləyin

Layihə

Cazibədar aktrisa sevgilisindən danışdı: “Bu xüsusiyyəti ağlımı başımdan aldı” - FOTOLAR

Türkiyənin istehsalı olan serialları izləməyi xoşlayırsınızsa, böyük ehtimalla "Kiralık aşk" ("Kirayə eşq") da diqqətinizdən yayınmayıb. Yay serialları arasında seçilən və böyük izləyici kütləsi toplayan "Kiralık aşk"da ən çox Dəfnə obrazı diqqət çəkib. Bu obrazı da daha öncə "Öyle bir geçer zaman ki" ("Elə bir keçər zaman ki"), "Kurt Seyit ve Şura" ("Qurd Seyit və Şura") kimi məşhur seriallarda rol alan aktrisa Elçin Sanqu yaradıb. Son günlər gözəlliyi və aktrisalıq performansı ilə gündəmdə olan Elçin Sanqu "Elele" jurnalına müsahibə verib.

Publika.az "Şirin söhbət" layihəsi çərçivəsində cazibədar aktrisanın müsahibəsini sizə təqdim edir:

- Həyat necə gedir, hər şey axarındadır?

- Çox xoşbəxtəm. Gərgin iş rejimində olduğum üçün bəzən bezsəm də, həyatdan çox razıyam.

- Saçlarınızın rəngi hamının diqqətini çəkir. Ona görə də bu sualı mütləq verməliyəm. Haralısınız?

- İzmirdə doğulub böyümüşəm. Amma milliyətim çərkəzdir. Ailəmdə məndən başqa qızılı saçı olan yoxdur. Deyilənə görə, ulu babalarımın hamısının saçı belə olub.

- Sizi heç tanımayan birinə özünüzü necə təqdim edərsiniz.

- Qısaca, qəlbimin qırıq olduğunu deyə bilərəm. Normal deyiləm.

- Səbəb?

- Səbəbi özümdə qalsın.

- Sizcə, seksualsınız, yoxsa məsum?

- Hamı özünü bəzən seksual, bəzən də məsum hiss edir. Mən isə çox vaxt şirin və sevimli olduğumu düşünürəm. Məncə, kişilərin də ən çox xoşuna gələn qadın tipi budur.

- Bəs bir qadını seksual göstərən nədir?

- Ağıl mənim üçün çox önəmli olduğundan bu sualın da cavabının zəka olduğunu düşünürəm. Bir də davranış, mimikalar, hərəkətlər qadını seksual göstərə bilər. İnanılmaz dərəcədə gözəl olmağa ehtiyac yoxdur. Bir qadın baxışları, enerjisi ilə hamını özünə cəlb edə bilər. Yəni seksuallıq, sadəcə, üz və bədən gözəlliyi ilə əlaqəli deyil.

- İstanbula neçə il öncə gəlmisiniz?

- Universitetə qəbul olunana qədər İzmirdə idim. Sonra universitet təhsili üçün Mərsinə getdim. Orada altı il oxuduqdan sonra İstanbula gəldim. 5-6 il olar ki, bu şəhərdəyəm. İstanbula gəlməyimin səbəbi "Öyle bir geçer zaman ki" serialından təklif almağım oldu.

- Aktrisalıq macəranız necə başladı?

- Bu peşəyə təsadüflər və həyatın qarşıma çıxardığı fürsətlər sayəsində gəldim. Mərsin Universitetində opera üzrə təhsil alırdım. O dövrlərdə aktrisalığa qarşı həvəsim var idi. Lakin nə vaxtsa, bu peşə ilə məşğul olacağımı düşünmürdüm. Ətrafımdakı insanlar məni həvəsləndirirdilər. Bu gün isə əminəm ki, mən başqa işlə məşğul ola bilmərəm.

- 5 ildir ki, ekrandasınız. Bu illər ərzində həyatınızda nələr dəyişib?

- Yeni bir həyata addım atmışam. Xarakterim çox dəyişib. Əvvəllər qapalı, sakit, eyni zamanda da əyləncəli və enerjili biri idim. İndi fərqli hiss edirəm. Sanki azadlığa çıxmışam. Artıq danışmaqdan çəkinmirəm.

- Bir anda məşhurlaşdınız. Nə hiss etdiniz?

- Əslində, bu vəziyyət elə də xoşuma gəlmir. Sanki daha öncə heç mövcud olmamışam. Halbuki mən onsuz da bu işlə məşğul olurdum. Mənim üçün heç nə dəyişmədi. Çalışıram ki, mənə gözəl qadın demək əvəzinə, "Çox yaxşı aktrisadır, yaxşı insandır" desinlər. Onda xoşbəxt olaram.

- Dəfnə obrazı ilə oxşar xüsusiyyətləriniz var?

- Əslində, hamımız Dəfnəyə oxşayırıq. Dəfnə də mənim kimi əyləncəlidir. Hətta dostlarım "Sən, əslində, özünü oynayırsan" deyirlər.

- Serialdakı tərəf-müqabiliniz Barış Arduçla münasibətiniz yaxşıdır?

- Barış çox əyləncəli insandır, birlikdə çox gülürük. Həmişə deyirəm ki, serialın və ya filmin uğuru çəkiliş meydançasındakı əhval-ruhiyyədən asılıdır. Heyətdə hamı bir-biri ilə yola gedə bilirsə, o iş uğurlu alınır.

- Bir aktrisa olaraq peşənizlə bağlı qanunlarınız varmı, yoxsa rol nəyi tələb etsə, onu icra edənlərdənsiniz?

- Rolumu diqqətli şəkildə seçirəm. Ssenaridə edə bilməyəcəyim bir şey varsa, danışıb həll etməyə çalışıram, əks təqdirdə "mən yoxam" - deyirəm.

- Məsələn, nəyə "yox" deyirsiniz?

- Çılpaqlığa.

- Kumiriniz varmı?

- Yoxdur. Hamını izləyirəm və bəyəndiyim aktrisalardan öyrənməyə çalışıram.

- Həyatınızda kimsə var?

- Bəli. Zəkasına heyran olduğum bir sevgilim var.

- Sizi heyran edəcək qədər mükəmməldir?

- O da izmirlidir, amma İstanbulda tanış olmuşuq. Hər şeydən önəmlisi, darıxdırıcı olmamağıdır. Mən gülmək istəyirəm, yanında gülə bilmədiyim insanlarla birlikdə olmaq istəmirəm. O, çox ağıllı, zarafatcıl, zövqümə uyğundur. Mənim inkişaf etməyimə səbəb olan insanlardan biridir.

- Necə tanış oldunuz?

- Ortaq dostumuz Türkü Turan sayəsində tanış olmuşuq.

- Onu ilk dəfə görəndə hansı xüsusiyyəti diqqətinizi çəkdi?

- Axmaq-axmaq danışmağı məni çox güldürdü. Çünki o qədər ağıllı bir adamın məni görəndə axmağa çevrilməsi çox gülməli gəlirdi. Bu xüsusiyyəti ağlımı başımdan aldı.

- Aşiq olanda necə bir qadına çevrilirsiniz?

- Odun oluram (gülür). Zarafat bir yana, aşiq olanda çox əyləncəli, sadiq bir qadına çevrilirəm. Səhərlər özümü daha dinc hiss etsəm də, aşiq olduğum adamın mənə yaxınlaşmağını tövsiyə etmirəm.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm