Hollivud ulduzları bütün sərvətlərini yalnız Türkiyədə çıxan bu daşa xərcləyirlər – FOTOLAR
Bizi izləyin

Layihə

Hollivud ulduzları bütün sərvətlərini yalnız Türkiyədə çıxan bu daşa xərcləyirlər – FOTOLAR

Dünyada onlarla dəyərli daş olsa da, onlardan sadəcə 5-i rəngdəyişdirmə xüsusiyyətinə malikdir. Publika.az-ın "Mücrü"sündə daha öncə bu xüsusiyyətə malik aleksandrit, almaz, zümrüd və safir haqqında məlumat vermişdim. Bu dəfə isə öz valehedici gözəlliyi ilə insanın ağlını başından alan zultanit daşından bəhs edəcəyəm.

Son illərin trendi, sultanlara layiq daş

Bu daş 1980-ci ildə kəşf edilsə də, layiq olduğu şöhrəti son illərdə qazanıb. Dünyada sadəcə bir yerdə, Türkiyənin Muğla şəhərinin Milas bölgəsində çıxarılan zultanit hazırda ən dəyərli daşlardan biri hesab edilir. Dəniz səviyyəsindən 4000 metr yüksəklikdə tapılan daşa Osmanlı İmparatorluğunu idarə edən 36 sultanın şərəfinə "sultan" adı verilib. Daş xarici ölkələrdə tanınmağa başladıqdan sonra adı "zultanit" olaraq dəyişdirilib.

Digər daşlardan üstün xüsusiyyətləri

Bu daş bir sıra keyfiyyətlərinə görə, digər rəngini dəyişdirən dəyərli daşlardan seçilir. Bu xüsusiyyətlərdən birincisi zultanitin sadəcə iki rəngi deyil, işıqdan asılı olaraq, onlarla rəng çalarını əks etdirə bilməsidir. Türkiyəlilər bu daşa "buqələmun daşı" deyirlər. Həqiqətən, daşın rəngdəyişdirmə xüsusiyyəti buqələmunu andırır. Zultanit işıqdan asılı olaraq çəhrayı, yaşıl, qəhvəyi rəngin müxtəlif çalarlarına bürünür. Məsələn, günəşə sarı tutduqda parlaq yaşıl, şam ışığında çəhrayı-bənövşəyi rəngə çalır. Günün müxtəlif vaxtlarında tünd-yaşıldan açıq-yaşıla, şampan çəhrayısından sarıya, şaftalı rəngindən qızılıya dönür.

Zultaniti digər daşlardan fərqləndirən ikinci xüsusiyyət onun xam halda, heç bir prosesə məruz qalmadan istifadə edilə bilməsidir. Torpaqdan çıxarıldığı andan etibarən öz rəngarəngliyi və parlaqlığı ilə göz qamaşdırır.

Zultanitin dəyərini artıran üçüncü xüsusiyyət isə "pişik gözü" effekti verməsidir. Nadir halda tapılan bəzi zultanitlərin üzərində parlaq bir xətt, işıq seli aydın seçilir. Buna pişik gözü deyilir. Belə zultanitlər daha baha qiymətə satılır.

Bütün bu xüsusiyyətlər zultaniti əvəzedilməz bir daşa çevirir.

Dünyada, sadəcə, tək bir mənbədən çıxarıldığı üçün dəyəri hər keçən gün daha da artır.

Aleksandiritlə səhv salırlar

Zultanitlə aleksandrit daşını tez-tez səhv salırlar.

Ancaq zultanit yuxarıda sadaladığım səbəblərə görə, aleksandiritdən daha dəyərlidir.

Hollivud ulduzlarını valeh edən daş

Zultanit kəşf edildiyi ilk günlərdən etibarən bəzək və zinət əşyalarının hazırlanmasında geniş şəkildə istifadə edilib. O, son illər bütün dünyada qadınların ən çox rəğbət etdikləri daşa çevrilib. Hətta Hollivud ulduzları belə öz şıq və eleqant tərzlərini vurğulamaq üçün zultanit qaşlı zinət əşyalarına rəğbət göstərirlər. Buna daş haqqında məlumat axtararkən öz gözlərimlə şahid oldum. Zultanit qaşlı zinət əşyası olmayan Hollivud ulduzu, demək olar ki, yoxdur.

Zultanitin hazırda brilyant və almaz qədər məşhur olduğunu desəm, yanılmaram. Bu şöhrətdə daşın nadir tapılması və Türkiyənin onu yaxşı reklam etməsinin də öz payı var. Daşın onlarla rəngə çalması da bu qədər çox sevilməsində böyük rol oynayır.

Ağıllı xanımlar bilirlər ki, zultaniti səhərlər yaşıl rəngli geyimlərlə, gecələr isə çəhrayı rəngli paltarlarla kombin etmək olar. Yəni bir zinət əşyası ilə 2, hətta 3-4 fərqli zinət əşyasının effektini əldə etmək mümkündür.

Latın amerikalı müğənni Belinda, müğənni Dina Karter, aktrisa Meddi Hasson, müğənni Keşa, aktrisa Byanka Santos, aktrisa Kira Kosarin, aktrisa və model Bruk Börns, aktrisa Mişel Morqan, aktrisa Kristen Konnalli, aktrisa Ketti Qriffin kimi ulduzlar zultanit daşına heyran olduqlarını hər fürsətdə dilə gətirirlər. Xanımlarla yanaşı, dünyanın tanınmış kişiləri də zultanit daşından hazırlanmış aksessuarlara meyl edirlər. Onlardan biri televiziya ulduzu Coş Flaqqdır. O, zultanitlə bəzənmiş lüks saatlardan istifadə etməyi çox xoşlayır.

Ən ucuzunun karatı 300-400 dollardır

Zultanit daşı, adətən, 1-5 karat olur. Ancaq satışda 10 karatlıq daşlar da tapmaq olar. Hazırda 2-3 karatlık keyfiyyətli zultanitin qiyməti təxminən, 300-400 dollardır. 5-7 karatlıklar 600-700 dollara, nadir tapılan 7-10 karatlıklar isə 800-1000 dollara satılır.

Neqativ enerjini əmir, nəzərdən qoruyur

Zultanit yeni kəşf edildiyi üçün onun faydalı xüsusiyyətləri hələ tam öyrənilməyib.Tarixi qədimlərə gedib çıxan daşlardan fərqli olaraq zultanit hələ yeni-yeni tədqiq edilir.

Zultanitdən istifadə edənlər onun bəzi şəfalı xüsusiyyətlərinin olduğunu bildirirlər. Deyilənə görə, bu daş bədənin gərginliyini azaldır, ünsiyyət qurmağı asanlaşdırır.

Diqqəti üzərinə çəkdiyi üçün nəzərə qarşı təsirlidir. Adamı cəsarətləndirir, özünəgüvəni artırır. Neqativ enerjini əmir.

Xüsusilə, uşaqlarda zehni qüvvətləndirir. Ağlı və məntiqi itiləşdirir. Yalanı daha tez başa düşməyə kömək edir. Qorxu hissini azaldır. İş adamlarının bu daşı cibdə gəzdirmələri tövsiyə edilir.

Daşı necə təmizləməli?

Digər qiymətli daşlardan fərqli olaraq, zultanit daşını su ilə təmizləmək olmaz. Zultaniti mənfi enerjilərdən təmizləmək üçün ən yaxşı üsul onu torpağa basdırıb bir gecə saxlamaqdır. Daha sonra pambıq əski ilə silmək lazımdır.

Qeyd edək ki, zərgərlər zultanitin həm rənginin daha dərin və saf görünməsi, həm də daşın şəfalı xüsusiyyətlərinin daha yaxşı effekt verməsi üçün onu sarı, qırmızı və yaşıl qızılla birlikdə istifadə etməyi məsləhət görürlər.

Siz də mücrünüzə zultanitdən hazırlanan zinət əşyası qoymaq istəyirsinizsə, mütləq sizin üçün topladığım fotolara nəzər salın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm