“Qadın həm məsum, həm də seksual görünməyi bacarmalıdır” – FOTOLAR
Bizi izləyin

Layihə

“Qadın həm məsum, həm də seksual görünməyi bacarmalıdır” – FOTOLAR

Bəlkə də çoxunuz onu üzdən tanıyır, ancaq adını bilmirsiniz. Söhbət gənc, cazibədar və bacarıqlı aktrisa Handə Erçəldən gedir. Son dövrün səs-küylü seriallarından olan "Günəşin qızları"nda canlandırdığı Səlin obrazı ilə bir anda məşhurlaşdı. 23 yaşlı aktrisanı kimi şirin, kimi də seksual hesab edir. Adını çəkdiyimiz serialda rol ala bilmək üçün 1 həftədə 5 kiloqram arıqlayan Handə Erçəl "Hürriyət"in müxbiri Hakan Gencəyə maraqlı müsahibə verib.

Gələcək planlarından, eşq haqqındakı fikirlərindən danışan gənc aktrisanın olduqca maraqlı alınan müsahibəsini həmişəki kimi Publika.az-ın "Şirin söhbət"ində oxuyacaqsınız.

- Bir az özündən danış... Haralısan, harada oxumusan, aktrisalıqdan öncə nələrlə məşğul idin?

- Bir neçə il əvvələ qədər Balıkəsirin Gönən bölgəsində yaşayırdım. Ağac təpəsində böyümüşəm. Yaşadığım yer çox kiçik idi. Ona görə də yolda hamı məni tanıyırdı. Sonra İstanbula gəldim. Ancaq ailəm hələ də Balıqəsirdədir.

- Tək yaşayırsan?

- Dörd il tək yaşamışam. Bir müddət öncə böyük bacım yanıma gəldi, indi onunla yaşayıram.

- Səni İstanbula gəlməyə nə vadar etdi?

- Xəyallarım... Valideynlərim həmişə mənə dəstək olublar. Sağ olsunlar, İstanbula gəlmək qərarımı da dəstəklədilər.

- Harada oxuyursan?

- Memar Sinan İncəsət Universitetində ənənəvi türk sənətləri fakültəsində oxuyuram. Uşaqlıqdan bəri marağım var idi, sınağı keçdim və İstanbula gəldim.

- Bəs aktrisa olmağa necə qərar verdin?

- O da uşaqlıqdan bəri ağlımda idi. Bu xəyalım da reallaşdı. Su axdı, çuxurunu tapdı. Həmişə səhnədə olmaq istəmişəm, ona görə də aktrisalıq kurslarına getmişəm. İlk işim "Çılğın dərsanə universitetdə" adlı serial idi. Orada Məryəm adlı obrazı canlandırırdım. Daha sonra "Həyat ağacı" serialında rol aldım. Çəkiliş meydançası mənim üçün məktəb kimi idi, çox şey öyrəndim. "Günəşin qızları" isə ən böyük addımım oldu.

- Bu qədər çox seviləcəyini təxmin edirdin?

- İstəyirdim, amma bu qədər tez olacağı ağlıma gəlməmişdi.

- Şöhrət həyatında nələri dəyişdi?

- Əslində, elə böyük dəyişikliklər olmadı. Sadəcə küçəyə çıxanda mənə baxıb gülümsəyənlərin olması xoşuma gəlir.

- Bir anda ulduzu parlayan və bir müddət sonra unudulan gənclər çoxdur. Gələcək səni qorxudur?

- Yox, qorxutmur. Mənim ailəm və təhsilim var.

- Builki "Qızıl kəpənək" mükafatına namizəd olan 3 gənc aktrisadan birisən. Buna necə nail oldun?

- Mən heç vaxt aktrisa olduğumu iddia etməmişəm. Daim üzərimdə işləyirəm. Bəlkə də bu uğurun səbəbi belə düşünməyimdir.

- Səni tamaşaçıya bu qədər sevdirən görkəmin, yoxsa aktrisalıq bacarığın oldu?

- İnsanın səmimiyyəti kameraya əks olunur. İçimdə pislik yoxdur. İnsanların bunu hiss etdiklərini düşünürəm. Məncə, sevilməyimin əsas səbəbi budur.

- Kimi sənin şirin, kimi də seksual olduğunu düşünür.

- Hər qadın seksual olmağı da, məsum görünməyi də bacarmalıdır. Mən bəzən uşaq kimi oluram, bəzən də seksual görünürəm.

- Gözlərini Türkan Şoraya bənzədirlər. Sənin də "Şoray qanunları"n var?

- Hər şey ssenaridən asılıdır. Əgər film və ya serial üçün əhəmiyyətli bir səhnədirsə, heç bir qadağa tətbiq etmərəm.

- Üç il əvvəl Azərbaycanda təşkil edilən "Miss Cilivaliton of the World" yarışmasında iştirak etmisən. Məqsədin nə idi?

- Gənclik həvəsi idi.

- Bir az da serialından danışaq. Bu layihəyə necə daxil oldun?

- Menecerim sayəsində layihədən xəbərdar oldum. Kastinqlərə getdim. Mənə bir az arıqlamalı olduğumu dedilər. Bir həftə sonra qarşılarına bambaşqa bir insan olaraq çıxdım. Rolu mənə verdilər.

- Bir həftədə nə qədər dəyişmək olar ki?

- 1 həftədə 5 kiloqram arıqlamışdım. Bunun üçün həftə ərzində sadəcə, maye ilə qidalandım. Su və şorba içirdim. İndi bu çəkidə qalmağa çalışıram.

- Səlinlə xarakter oxşarlığınız varmı?

- Səlin yaşına uyğun, sadəcə bu günü yaşayır, sabahı fikirləşmir. Cəsur və şıltaqdır. Daxili boş görünsə də, əslində elə olmadığı yavaş-yavaş üzə çıxır.

- Daha öncə başqa seriallarda da rol almısan. Ancaq məhz Səlin obrazı səni məşhurlaşdırdı. Səncə, buna nə səbəb oldu?

- Əvvəlki layihələrdə mən həmişə sönük, adi obrazları canlandırmışam. Səlin isə əyləncəni sevən, hətta yuxudan oyananda da gülən, çılğın bir qızdır. Bu rol mənə, yaşıma, xarakterimə çox uyğundur.

- Serialda Selin ögey qardaşı Əli (Tolqa Sarıtaş) ilə mütəmadi olaraq dalaşır. Səncə, aralarındakı bu nifrət eşqə çevrilə bilərmi?

- Əlbəttə. Əslində bir-birlərini başa düşürlər, ona görə də çox yaxşı cütlük olacaqlar.

- Səlin Əlini sevsə də, Əmrə ilə birlikdədir. Real həyatda belə eşq üçbucağına daxil olsan, nə baş verər?

- Səlin Əlini sevdiyini özünə belə etiraf edə bilmir. Mən eyni vəziyyətdə olsaydım, hisslərimin ardınca gedərdim.

- İlk baxışdan Əlinin Səlinə nifrət etdiyini düşünmək olar. Hətta bir səhnə var idi, səni aldadıb hovuza atırdı.

- Bəli. O səhnəni mayın son günü çəkmişdik. Su çox soyuq idi. Buz kimi suya tullandım. İndi də yadıma düşdükcə üşüyürəm (gülür). Yaxşı ki həmin səhnəni bir dəfəyə çəkə bildik.

- İllərdir ki saçlarını uzun saxlayırsan. Birdən rol üçün saçını kəsdirməyini istəsələr, nə edərsən?

- Elə bir gözəl rol təklifi gələ bilər ki, buna razı olaram. Hətta kəsdirmək nədir, dibdən qırxdıraram da. Amma o səhnə karyeram üçün əhəmiyyəti olmalıdır. Çünki saçlarım mənim üçün çox önəmlidir.

- Məncə, "Günəşin qızları" qış mövsümündə də yayımlanmağa davam edəcək.

- Bəli. "Günəşin qızları" yay mövsümü üçün nəzərdə tutulsa da, heç birimiz onu "yay serialı" hesab etmədik. "Bunu çəkək, sonra hamı öz yoluna getsin", - demədik. 13 seriya üçün müqaviləmiz var. Buna baxmayaraq, serialın hələ uzun müddət ekranlarda olacağına inanıram.

- Həyatında kimsə var?

- Yoxdur, çünki bütün diqqətimi işimə vermək istəyirəm. Amma heç gözləmədiyim bir anda aşiq ola bilərəm.

- Daha öncə heç aşiq olmusan?

- Bəli. 19 yaşımda aşiq olmuşdum. Amma bitdi. Belə lazım idi. Əsas odur ki, aramızda hələ də hörmət var.

- Sevgilin necə oğlan olmalıdır?

- Sədaqətli olmalıdır. Nə istədiyini bilməlidir. Mənim üçün münasibətdə ən önəmli olan məhz sədaqətdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm