Yaya damğa vuran müğənni: “Səhnədə özümdən çıxıram” - FOTOLAR
Bizi izləyin

Layihə

Yaya damğa vuran müğənni: “Səhnədə özümdən çıxıram” - FOTOLAR

Onun mahnıları bu yaya damğa vurdu. Sadəcə, qardaş Türkiyədə deyil, elə ölkəmizdə də "Miş miş" mahnısını eşitməyən qalmadı. Təxmin etdiyiniz kimi, söhbət gənc müğənni Simgə Sağından gedir. Uzun müddət Gülşən, Yaşar və Sərdar Ortaç kimi müğənnilərin yanında vokalist kimi fəaliyyət göstərən Simgə artıq öz albomlarını çıxarır və pop ulduz olmaq yolunda sürətlə irəliləyir.

Publika.az-ın "Şirin söhbət"ində bu dəfə "Miş miş" deyərək yayın ən çox dinlənilən müğənnisi olmağı bacaran Simgə Sağının maraqlı müsahibəsini oxuyacaqsınız.

- Musiqi karyeranız necə başladı?

- Konservatoriyada oxuyurdum. Zeynəb Dizdarla tanış oldum və onunla iki il işlədim. Daha sonra isə dörd il Gülşənlə işləmək şansım oldu. Uzun müddət çəkən vokalistlik karyeramı Yaşar və Sərdar Ortaçın yanında davam etdirdim. Elə həmin vaxtlarda bəstəkar Ərdəm Kınay tərəfindən kəşf edildim. "Yeni çıxdı" adlı ilk albomumu onunla birlikdə hazırladıq. Ardınca da "Bip bip" adlı mahnım gəldi. İndi də "Miş miş" mahnısı ilə qarşınızdayam.

- Bu mahnı ilə yayın ən çox danışılan, diqqət mərkəzində olan müğənnisi oldunuz. "Miş miş" mahnısı necə ərsəyə gəldi?

- Musiqi sektoruna 15 ildir ki, əmək sərf edirəm. İlk albomumda çox gözəl mahnılar var idi, ancaq istədiyim reaksiyanı yaratmadı. Rif Koenin mahnısını eşidən kimi vuruldum. Onunla görüşdüm və mahnını aldıq. Sibel Alqan musiqiyə elə sözlər yazdı ki, mahnı bir anda partladı.

- Deyilənə görə, mahnının adını Sezən Aksu qoyub.

- Sezən xanım studiyaya gəldi. Həm mahnının adını qoydu, həm də uğur dilədi.

- Mahnının klipi də xeyli əyləncəli alınıb.

- Rejissorumuz Nihat Odabaşına "Miş miş"i dinlətdim. Hamımız birdən rəqs etməyə başladıq. Klipin çəkilişləri 16-17 saat çəkdi. Evə gedib çıxanda yorğunluqdan əlim-ayağım əsirdi.

- Sərdar Ortaç, Yaşar, Gülşən kimi ulduzlarla işləmisiniz. Bu albom üçün sizə dəstək oldularmı?

- İstəsəm, kömək edərdilər. Ancaq ilk albomumdan bəri öz ayaqlarım üzərində durmağa çalışıram. Adlarını çəkdiyiniz bu insanlar öz gəmilərini özləri idarə edirlər. Mən də onları nümunə götürürəm.

- Rəqabəti xoşlayırsınız? Pop dünyasında özünüzə rəqib gördüyünüz kimsə var?

- Kiməsə rəqib gəldiyimi deyə bilmərəm. Belə cümlələr qurmağı xoşlamıram. Heç kimə hörmətsizlik etmək istəmərəm. Həm də rəqib olmaq üçün hələ çox təzəyəm, təcrübəsizəm.

- Konservatoriya təhsili sizə nə verdi?

- Klassik türk musiqisi fakültəsində oxuyuram və ud çalıram. Təhsil çox önəmlidir, ancaq etiraf etməliyəm ki, aldığımız təhsil hazırkı musiqi sektoruna uyğun deyil. Məncə, hər şeyi təcrübə həll edir.

- Səhnədə özünüzü necə hiss edirsiniz?

- Səhnə hər şeyi unutduğum yeganə yerdir. Orada özümü quş kimi hiss edirəm. İnsanları təsir altına salmaqda təcrübələrimdən faydalanıram. Məncə, bu işi ən yaxşı bacaran müğənni Sərdar Ortaçdır. Mən onu 2 il səhnədə izləmişəm, tələbəsi olmuşam. Əslində birlikdə işlədiyim hər kəsdən nə isə öyrənmişəm, bir sözlə, vaxtında ciblərimi doldurmuşam. Mahnı oxuyanda özümü unuduram. Hərəkətli mahnılar səsləndirəndə özümdən çıxıram. Səhnədə sadəcə, mahnılar, işıqlar və insanlar var. Biz onları əyləndirmək üçün oradayıq.

- Mahnılarınızı başqalarından eşidəndə nə hiss edirsiniz?

- Çox xoşuma gəlir. Pis oxusalar belə, bəyənirəm. Yetər ki, mənim mahnılarımı oxusunlar.

- Musiqidənkənar nələrlə məşğulsunuz?

- Həyatımın mərkəzində musiqi var. Bundan başqa film izləyirəm, kitab oxumağı çox sevirəm. Hər gün mütləq idman salonuna gedirəm. Arada bir rəsm çəkirəm. Amma çox çirkin alınır. İçimdəki uşaq hələ də ölməyib. Anam da, atam da gitara çalırlar. Onlarla əyləncəli vaxt keçirirəm.

- Kumiriniz varmı?

- Ən böyük kumirim Sezen Aksudur. Sezen xanımı səhnədə çox izləmişəm. Bu qədər gözəl hekayələri olan, insanları güldürməyi bacaran, səhnədə pozitiv enerji yayan ikinci bir insan tanımıram. Həm bəstəkar, həm söz yazarı, həm də səhnə sənətçisi kimi nümunə götürdüyüm tək insandır.

- Qarşıda hansı planlarınız var?

- Sentyabrın sonunda bir sinql çıxarmağı düşünürəm. Ardınca da albom çıxaracağam.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm